13 oktyabr 2023 01:15
326

Fransanın skiripkada çaldığı hava: “Bacılar”, ay “bacılar”…

Hər il Ermənistandan xaricə köç edən minlərlə erməni “qaçqındırmı”?

Özünü “Avropa demokratiyasının siması” kimi  təqdim etməyə çalışan rəsmi Parisin Azərbaycana və Ermənistana münasibətdə ortaya qoyduğu disbalans həm də ədalətsizlik, beynəlxalq hüquqa hörmətsizlik kimi məqamlarla müşayiət olunur.  Özünü Fransa lideri kimi yox, daha çox erməni diasporunun oyuncağı kimi aparan Emmanuel Makronun hədəfi bəllidir - Cənubi Qafqaza girmək üçün  bütün imkanlardan istifadə edərək Ermənistan və Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək. Eyni zamanda, Fransa Türkiyənin Azərbaycana olan siyasi dəstəyini də həzm edə bilmir və bu qardaşlığın, dostluğun səyləri nəticəsində əldə etdiyimiz qələbə, eyni zamanda, Türkiyənin bölgədə nüfuzunun artması təbii olaraq onu ciddi narahat edir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə  bildirib ki, Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər: “Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”

Dövlətimizin başçısı sözügedən görüş zamanı onu da diqqətə çatdırıb ki, Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir.

Məkrli Makron bu yaxınlarda yerli televiziyalara müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirərək növbəti dəfə “erməni sevgisi” nümayiş etdirib. Makronun dövlətimizin 44 günlük müharibədə öz torpaqlarını erməni işğalından azad etməsini “Azərbaycanın 2020-ci ilin payız-qışında dəhşətli şərtlər altında ələ keçirdiyi  region”, “azlıqların, xüsusilə də orada yaşayan xristianların, bu torpaqda yaşayan erməni mənşəli əhalinin hüquqları tamamilə pozulub” kimi fikirləri tamamilə qəbul olunmazdır.

Fransa Prezidenti hansı əsasla bu fikirləri səsləndirir? Axı bu, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmətsizlikdir. ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Sözügedən müsahibədə Makron rəsmi Parisin Ermənistanın ərazi bütövlüyünün qorunması məsələsini də diqqət mərkəzində saxladığını deyib.

Ermənistanı Cənubi Qafqazda forpostuna çevirməkdə israrlı olan Fransa bu istiqamətdə aktivliyini davam etdirir. ABŞ-ın ardınca rəsmi Paris də təlim adı altında Ermənistana hərbçilərini göndərib. İlkin olaraq 56 fransız hərbçi İrəvana göndərilib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bildirib ki, fransız hərbçilər "HOPE FSX2023" təlimlərində iştirak edəcəklər. Məlumata görə, Ermənistana “Dash” tipli iki təyyarə, 8 ton avadanlıq göndərilib. Təlimlərdə Fransa, Yunanıstan, Monteneqro, Şimali Makedoniya və s. ölkələr iştirak edəcək. Hərbi heyətin “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəldiyi vurğulansa da bu, fakt rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. 30 ilə yaxın davam etmiş keçmiş “Qarabağ münaqişəsi”nin həllində vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupunun üzvü kimi “missionerliyini” tam başa çatdırmayan Fransa regiona yenidən nüfuz etmək niyyətindədir. Bu yolda isə Ermənistandan vasitə kimi istifadə edir. 

Ölkəmizə qarşı “fransuzki” təxribatçı addımlar hələ də davam edir. Belə ki, Fransanın təşəbbüsü ilə bir qrup dövlət 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilər köçməsinin səbəblərinə dair səslənən iddialar əsassız və böhtan xarakterlidir. Fransanın bu təşəbbüsünün qərəzli və birtərəfli olması, orada Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna toxunulmur. 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından qovulub, hazırda onlardan cəmi bir neçə mini vətənə qayıdıb, yüz minlərlə insan hələ də köçkün həyatı yaşayır. Amma sənəddə onlar haqda heç nə deyilmir. Qarabağdan Ermənistana köçən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi hüquqi baxımdan doğru deyil.

Qarabağdan Ermənistana köçən erməni əhalisinə “qaçqın” statusunun verilməsi hüquqi baxımdan doğru deyil

Avropa Şurası Nazirlər Komitəsinin sədri Kristianis Karinşin bildirib ki, Qarabağı tərk etmiş “etnik ermənilərin mühacir, yoxsa qaçqın olduğunu aydınlaşdırmaq lazımdır”.  Axı, könüllü şəkildə bir ərazidən digərinə köçən insan miqrasiya edir, bunu necə “qaçqın” kimi təqdim etmək olar? Məsələn, hər il Ermənistandan minlərlə insan xaricə köç edir. Məsələn Rusiyanın Federal Dövlət Statistika Xidmətinin iki il əvvəl yaydığı məlumatda vurğulanıb ki, yanvar-iyul aylarında Ermənistandan Rusiyaya 20 min miqrant gəlib. İndi bu ermənilər qaçqın sayılır?  Qarabağdan Ermənistana köçən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi hüquqi baxımdan doğru deyil. Qarabağdan  köç etmiş erməniləri “qaçqın” kimi təqdim edən Fransa və digər Qərb ölkələri faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırırlar. Fransa azərbaycanlılara qarşı ayrı-seçkiliklə və Azərbaycanın ünvanına əsassız ittihamlarla bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq niyyətindədir.

"Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir". Bu ermənilərdən daha çox erməni olan rəsmi Fransanın mövqeyidir. Lakin maraqlıdır minlərlə kilometr uzaqlıqdakı bir ölkənin sərhədləri niyə rəsmi Paris üçün bu qədər "müqəddəs"dir?

Şübhəsiz ki,  Makron hakimiyyətinin niyyəti “zavallı” erməni xalqına kömək etmək deyil. Müstəmləkəçilik siyasətindən əl çəkməyən rəsmi Paris Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır. Çünki bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir. Bunun üçün də Fransa bölgəni, daha doğrusu Ermənistanı militaristləşdirməyə çalışır. Bu yolla destabilizasiya formalaşdırılır, ümumi təhlükəsizlik arxitekturasının qurulması ləngiyir, iqtisadi layihələr təxirə salınır - nəticədə, Fransa özünün maraqlarını Cənubi Qafqazda “yerləşdirir”. Afrikadakı koloniyaları əlindən çıxan Fransa hazırda Ermənistanı özünün “arxa bağçasına” çevirmək uğrunda çalışır.

Buna görə də Fransa növbəti mərhələdə regionda sülhün, təhlükəsizliyin bərpasına mane olmaq fikrindədir. Bunun üçün isə rəsmi Paris yenidən “müharibə” üsuluna əl atmaq niyyətindədir. Fransanın müdafiə naziri Sebastyan Lekornyunun Ermənistanla bağlı “açıqlamaları” Parisin bütün planlarını üzə çıxarır. Özünü Avropanın “demokratiya və sülh carçısı” elan etmiş bir ölkənin Ermənistanı silahlandırması, yeni müharibəyə təhrik etməsi onların əsl kimliyini ortaya çıxarır. Ermənistanın isə danışıqlar masasında da hər hansı bir “uğuruna” inanmayan Fransa anlayır ki, İrəvan həm siyasi, həm sosial, həm də hərbi müstəvidə dalana dirənib. İrəvanın çıxış yolu Azərbaycanla sülhə imza atmaqdır ki, bu da Fransanın regiondan “siyasi caynaqlarını” birdəfəlik çəkməsi anlamına gələcək.

Ən maraqlısı isə odur ki, Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərar birbaşa Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilib. Bu cür şəraitdə narahatlıq doğuran məsələ Qərb dövlətlərinin, bir sıra təşkilatların Fransanın bu cür çirkin planlarına, qərarlarına səssiz qalmasıdır. Halbuki, Fransanın silah tədarükü Avropa İttifaqının aparıcı ölkələrindən birinin Ümumavropa sülh siyasətinin kobud şəkildə pozulması mənasına gəlir. Belə olduğu halda, Fransanın bu addımı yaxın gələcəkdə uğursuzluğa düçar olacaq. Tarix göstərir ki, əsrlər boyu Yaxın Şərq və Afrikada müstəmləkə siyasət yürüdən, öz imperialist maraqları üçün bu iki regionda yerli xalqları qanına qəltan edən və onları əsarət altında saxlayan Fransanın Cənubi Qafqazda sülhyönümlü siyasət yürütməsi qeyri-mümkündür.

Yeri gəlmişkən, Fransanın bölgə ilə bağlı planları, eləcə də destruktiv mövqeyinə dünyaca məşhur “EurAsian Times” nəşri də yer ayırıb. Hərbi ekspert, Erfrut Beynəlxalq Universitetinin magistri Ritu Şarma Fransanın Qafqazı yeni müharibəyə cəlb etmək cəhdindən bəhs edib. Politoloq yazıb ki, Ermənistanı silahlandıran Hindistana Fransa da qoşulub. Paris Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıqdan imtina etməsi fonunda bu addımı atmağa start verib. Azərbaycan Prezidenti İlham Əliyevin Fransanı sərt tənqid etməsinə yer verən ekspertin də gəldiyi qənaət bundan ibarətdir ki, Prezident Emmanuel Makronun hədəfi Cənubi Qafqazda gərginliyin güclənməsidir. Prezident İlham Əliyevin “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq” fikirləri də nəşrdə yer alıb.

Yaqut Ağaşahqızı, “İki sahil”