13 oktyabr 2023 02:35
304

Sərhəd tanımayan erməni həyasızlığı

Hayastan rəhbərlərinin Qərbin yalan və manipulyasiya kampaniyasına alət olduğunu göstərən təxribatçı fikirləri bölgədə vəziyyəti gərginləşdirməklə yanaşı, bu ölkəni revanşist mövqeyini davam etdirməyə də həvəsləndirir

Məlum olduğu kimi, sentyabrın 20-də Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində separatizmə qarşı lokal antiterror tədbirləri uğurla yekunlaşdı. Birgünlük hərbi tədbirlər nəticəsində separatçılar ağ bayraq qaldırdılar. Beləliklə, Qarabağda Azərbaycanın suverenlik hüququnun və ərazi bütövlüyünün əleyhinə status tələb etmək çağırışları həmişəlik boğuldu. Yəni “Dağlıq Qarabağ” mifinə olan inam bitdi, dağıldı, yerlə bir edildi. Bunun ardınca sentyabrın 28-də separatçı qurum özünü buraxdığını bəyan etdi. Separatçı qurumun “prezidenti” Samvel Şahramanyanın imzaladığı “sərəncam”da gələn il yanvarın 1-dək “DQR-in tabeliyində olan bütün dövlət qurumları və təşkilatları”nın ləğv ediləcəyi və “Artsaxın mövcudluğunun” dayandırılacağı göstərilir. Bir çox müstəqil təhlilçilər bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi qiymətləndirirlər və Azərbaycan tarixinin “ən ağrılı səhifələrindən biri qapanmaq üzrədir”, “Separatçı qurumun özünü buraxması 35 illik separatizm hərəkatının sonu deməkdir”, - deyə şərh edirlər. Ancaq erməni mediası hələ də elə görüntü yaradır ki, guya nəyəsə ümid var. Üstəlik, utanmadan Şahramanyanı hələ də separatçıların “prezidenti” kimi təqdim edirlər. Bu arada separatçı qurumun adından məlumat yayıblar ki, bu yaxınlarda bəzi KİV-də “artsax respublikası”nın “prezidenti” Samvel Şahramanyanın İrəvanda keçirilən geniş müşavirədə ermənilərin “artsax”dan çıxması ilə bağlı prosesə siyasi qiymət verməsi barədə yayılan məlumatlar doğru deyil: “Görüşün əsas məqsədi “məcburi köçkünlər”in sosial problemlərinin həlli istiqamətində səyləri cəmləşdirmək, əsas məqsəd onların ilkin məişət ehtiyaclarını təmin etmək və tələbələrin operativ şəkildə təhsil müəssisələrinə cəlb edilməsidir”.

Maraqlıdır, niyə erməni mətbuatında Şahramanyan hələ də “artsax prezidenti” kimi təqdim edilir? Əslində bu, heç də təəccüblü deyil. Bu, onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısa da, reallıqda bunun əksinə addımlar atmaq haqqında düşünür. Bu da ermənilərə xas olan ikiüzlülük və riyakarlıqdır. Hələ 1920-ci ildə Zəngəzur Rusiya tərəfindən Ermənistana peşkəş ediləndə bəyan edilmişdi ki, ermənilər Qarabağa yönəlik ərazi iddiaları ilə çıxış etməyəcəklər. Ancaq bunun tam əksi oldu. Ermənilərin Qarabağa iddiaları daha da artdı. Üstəlik, qanunsuz olaraq Qarabağa muxtar vilayət statusu verildi. Ona görə də ermənilərə güvənmək, onlara etibar etmək olmaz. Şahramanyanla bağlı Ermənistanda məlum təqdimatlar da bundan irəli gəlir.

Elə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Azərbaycanla sülh sazişinin imzalanmasından danışarkən həmişəki adətinə sadiq qalaraq gah nala, gah mıxa vurub. O, yerli mediaya müsahibəsində bildirib ki, Bakı və İrəvan Brüsseldə görüşə ilkin razılıq verib. Əgər bu iki ölkə orada bir-birinin ərazi bütövlüyünü tanımaq haqda sənəd imzalasa və qalan məsələlər üzrə razılaşsa, yaxın üç ayda sülh müqaviləsinin imzalanması 70 faiz mümkündür. Məlumdur ki, Ermənistan hökumətinin başçısı və digər rəsmilər bundan əvvəl də Bakı ilə sülh sazişi imzalamağa hazır olduqlarını bildiriblər. Amma sülh istiqamətində əməli addımlar atılmayıb, real nəticəyə yaxınlaşanda isə Fransa kimi havadarlarının dəstəyi ilə müxtəlif bəhanələr gətirərək prosesi pozub, eyni zamanda, üçtərəfli Bəyanatın müddəlarını yerinə yetirməkdən imtina edib. Elə qeyd edilən müsahibədə də Paşinyan bir tərəfdən sülhdən danışır, digər tərəfdən Azərbaycana qarşı heç bir əsası olmayan fikirlər səsləndirir, şərtlər irəli sürür. Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğal altındadır. Amma Paşinyan guya Azərbaycanın hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi barədə yalanlar uydurur. Eyni zamanda, Azərbaycanın guya “Avropa siyasi birliyi”nin Sammiti çərçivəsində Qranada görüşündə iştirakdan imtina etməsinin səbəbinin sülhə mane olması kimi qələmə verməyə çalışır. Həmçinin mövcud olmayan 1975-ci il xəritəsinə istinad etməklə siyasi manipulyasiyalardan, yalan və saxtakarlıqlardan əl çəkmədiyini nümayiş etdirir. Məhz Ermənistanın pozucu mövqeyi səbəbindən proses uzanır və sülh sazişini imzalamaq mümkün olmur. İstənilən halda, sözdə sülh deyən Paşinyan əməldə müxtəlif bəhanələr irəli sürərək prosesi yubatmaq imkanlarını artıq itirdiyinin fərqindədir. Ona görə də oktyabrın sonunda Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti üçtərəfli danışıqlarda Ermənistan lideri hansısa şərtlər irəli sürməkdən əl çəkib, sülh sazişinin imzalanması istiqamətində konkret mövqe ortaya qoymalıdır.

Sevinc Azadi, “İki sahil”