11 oktyabr 2023 22:14
129

Azərbaycan suverenliyini tam  bərpa etdi

Sentyabrın 20-dən sonra sülh müqaviləsinin imzalanmasına bütün maneələrin aradan qaldırılması üçün imkanlar yaranıb. Əsas olan budur ki, hər iki tərəfdən nümayəndələr masa arxasında əyləşib sülh sazişinin layihəsi üzərində işləməlidir. Azərbaycan 20 sentyabrda  suverenliyini tam  bərpa etdi. Cənab İlham Əliyevin bundan sonra atılacaq addımların xronologiyasını da təqdim edir. Sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışmalı və uzun müddət davam edən  bu qarşıdurmaya son qoyulmalıdır. Azərbaycan Qafqazda sülh və sabitlik istəyir. Təbii ki, bu, mümkündür və seçim Ermənistanındır.

Azərbaycan tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək, Ermənistanla münasibətlərində yeni səhifə açmaq məqsədilə qarşı tərəfə sülh təklifini etdi və bu bəyanatı səsləndirdi ki, təklif masa üzərində uzun müddət qalmayacaq. Həmin vaxtdan üç il keçməsinə baxmayaraq Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi halda işğalçı Ermənistan müxtəlif bəhanələrlə yayınır, yaxud təxribatlar törətməklə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına cəhd edir. Reallıq budur ki, Azərbaycan sülh gündəliyinin müəllifi olaraq bu prosesin qısa zamanda uğurla başa çatmasına səy göstərir. Müxtəlif məkanlarda  və formatda  keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifi yüksək dəyərləndirilir, Ermənistanın baş naziri bu prinsipləri dəstəkləyir.  2019-cu ildə Xankəndidən «Qarabağ Ermənistandır və nöqtə» sərsəm bəyanatını səsləndirən Nikol Paşinyan artıq «Qarabağ Azərbaycandır» deyir. Bugünkü hadisələrə diqqət yetirsək bölgədə vəziyyəti daha da dərinləşdirməyə səy göstərən dövlətin Fransa olduğunu görərik. Onun ikili standartlara əsaslanan siyasətinin daha  qabarıq şəkildə özünü büruzə verməsi 30 illik işğal dövründə vasitəçilik missiyasını hansı səvivəyyədə yerinə yetirməsinə işıq salır. Bu gün Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamaları, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  Azərbaycanı ittiham edən açıqlaması  belə qənaətə gəlməyə əsas verir ki, dünya gücləri regionda sülhün və təhlükəsizliyin təminatında maraqlı deyillər.

Sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması tarixi nailiyyət, 200 illik erməni layihəsinin darmadağın edilməsi kimi dəyərləndirildi.  Bütün bunlar Azərbaycanın real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətinin nəticəsidir. Otuz il Ermənistan və ona dəstək verən dövlətlər qondarma qurumun tərəf kimi danışıqlar prosesinə qatılmasına çalışsalar da Azərbaycan bütün bu cəhdləri güclü siyasi iradəsi, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatı ilə puç etdi. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və bunun BMT qətnamələrində də öz əksini tapdığı bəyan edildi. Belə bir bəyanat səsləndirildi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Son uğurlarımız bu siyasətin məntiqi nəticəsidir. Qondarma qurum tarixin zibilliyinə atıldı.

Arzu Məmmədova,
Bakı şəhəri, Xətai rayonu, 116 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü