11 oktyabr 2023 23:46
253

Ermənistan minaların xəritələrini dərhal Azərbaycan dövlətinə təhvil verməlidir

Azərbaycan ərazilərində kütləvi şəkildə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükədir.

İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.

Xatırladaq ki, sentyabrın 19-da erməni diversiya qrupunun Füzuli-Əhmədbəyli-Şuşa yolunda yerləşdirdiyi minaların partlaması nəticəsində 2 mülki yol inşaatçısı faciəvi şəkildə həlak oldu. 4 polis əməkdaşı isə həmin hadisəsinin baş verdiyi əraziyə baxış keçirməyə cəhd edərkən eyni bölgəyə yaxın yerdə quraşdırılmış növbəti minanın partlamasının qurbanı oldular. Eyni zamanda, bu partlayışlar Azərbaycanın daha 6 polisinin ağır yaralanmasına səbəb oldu. Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub. Heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilmişdi.

Həmçinin Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra artıq gorbagor olmuş qondarma rejimin bu ərazilərdə əlavə minalar basdırdığı da üzə çıxıb. Belə ki, lokal antiterror tədbirlərindən sonra 123 mina zərərsizləşdirilib. Təəssüf ki, 480 km-dən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan çox mina heç də təsadüfi partlayıcı və ya partlamamış hərbi sursatlar deyil. Ən son məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıb. İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırıldığı üzə çıxıb. Bundan əvvəl isə məlum olub ki, aprelin sonunda - Laçın dövlət sərhədində nəzarət buraxılış məntəqəsi yaradılmamışdan əvvəl Ermənistan yeni istehsal olunmuş minaları Qarabağa çatdırmaq üçün Laçın yolundan sui-istifadə edib. Minalar müharibə silahı kimi istehsal olunsa da, görünən odur ki, qurbanların yalnız 10 faizi hərbçilərdir. Düşmən məhz mülki sakinləri, o cümlədən qadın və uşaqları, təsərrüfat işləri ilə məşğul olan insanları hədəfə alıb.

Ümumiyyətlə, 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə Ermənistanın 1200 km-dən artıq təmas xətti boyunca yerləşdirdiyi mina təhlükəsi ilə üz-üzə qalıb. Mina partlayışı nəticəsində 314 ölüm faktı qeydə alınıb. Statistikaya əsasən, 2020-ci ilin noyabrından bu ilin sentyabrın 1-nə qədər isə 95 318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 93 410 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Mina təhlükəsinin böyüklüyü və törətdiyi fəsadlar bu problemin qlobal səviyyədə həll olunmasını labüd edir. Artıq bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları bu problemlə BMT-yə müraciət də ediblər.

“Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiya başladılıb. Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub. Petisiyada deyilir ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır, münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə davam edir.

Kampaniya müəllifləri bəyan edir ki, Ermənistan Azərbaycan ərazilərini minalayıb, 2020-ci ildə 44 günlük müharibədən sonra da bu proses dayanmayıb. Azərbaycan yalnız Laçın yolunda sərhəd-keçid məntəqəsi qurduqdan sonra vəziyyət nəzarətə götürülüb. Müraciət müəllifləri dəhşətə gəliblər ki, 19-20 sentyabr 2023-cü il tarixlərində aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycan 480 km-lik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyini aşkarlayıb. Müraciət müəllifləri tələb ediblər ki, Ermənistan yeni basdırılmış minaların da xəritələrini dərhal Azərbaycan dövlətinə təhvil verməlidir.

İnsanların təhlükəsizliyinin təminatı, mülki insanların həlak olmaması üçün Ermənistan mina xəritələrini təqdim etməlidir. Beynəlxalq birlik bu məsələdə həssas mövqe göstərərək Ermənistana müvafiq çağrışlar etməlidir. Təssüf ki, bu məsələdə də Azərbaycan ictimaiyyəti ikili standartların şahidi olur. Əvəzində biz Azərbaycana qarşı hansısa qətnamələrin, bəyanatların qəbul edilməsinin şahidi oluruq. Dünyanın ədalət prisinplərini itirdiyini görürük.

Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəallarının “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiya başlatması problemin həlli üçün olduqca vacib addımdır. Artıq 10-a yaxın ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalı minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulduğunu bəyan edib. Digər ölkələrdəki vətəndaş cəmiyyəti fəalları bu petisiyaya dəstək olmalı, problemin həlli, dinc insanların ölməməsi üçün bütün mümkün təşəbbüsləri irəli sürməlidirlər.

Nigar Orucova, “İki sahil”