12 oktyabr 2023 00:47
260

«Bir kəmər, bir yol» əməkdaşlıq platforması olacaq

Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında region ölkələrinin nəqliyyat-infrastruktur potensialından, iqtisadiyyat və ticarət əlaqələrinin möhkəmləndirilməsindən, Zəngəzur dəhlizinin əhəmiyyətindən ətraflı danışıldı

Xəbər verildiyi kimi, 2023-cü ilin 17-18 oktyabr tarixlərində Çinin paytaxtı Pekində üçüncü «Bir kəmər, bir yol» beynəlxalq əməkdaşlıq forumu keçiriləcək. Forum çərçivəsində müxtəlif mövzularda təşkil ediləcək plenar iclaslarda qlobal nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılacaq. Çinin təşəbbüsü ilə 2013-cü ildə elan edilən, tərəfdaş ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığı genişləndirən «Bir kəmər, bir yol» layihəsi ilə bağlı təkliflər irəli sürüləcək. Çinin bu ” təşəbbüsünü ilk dəstəkləyən Azərbaycan ötən illərdə layihənin icrasına önəmli töhfələr verib. Respublikamızın iqtisadi, nəqliyyat-logistika imkanlarının genişlənməsində layihənin imkanlarından istifadəyə xüsusi diqqət yetirən , 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən iki ölkə arasında «İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu»nun imzalanmasının regional əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev 2017-ci və 2019-cu illərdə keçirilən «Bir kəmər, bir yol”» təşəbbüsü üzrə Beynəlxalq Əməkdaşlıq forumlarında iştirak etmişdir. Xarici ölkələrə rəsmi və dövlət səfərləri zamanı Tarixi İpək Yolunun keçdiyi ərazidə yerləşən Azərbaycan üçün bu dəhlizin regional əhəmiyyətini yüksək dəyərləndirən dövlət başçımız İlham Əliyev dünya ictimaiyyətinin maraq göstərdiyi Orta Dəhlizin, Zəngəzur dəmir və avtomobil yollarının vacibliyini də diqqətə çatdırır.

Bu layihənin əhəmiyyətini 2023-cü ilin yanvarın 17-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu cərçivəsində Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də diqqətə çatdıran Prezident İlham Əliyev rəsmi Pekinin bu təşəbbüsünü regional əhəmiyyətli əməkdaşlıq platforması adlandırıb. «Fikrimizcə, biz nəqliyyat şəbəkəsini Avropaya qədər uzatmışıq və Bakı-Tbilisi-Qars dəmir yolunu çəkməklə xətləri birləşdirdik. Lakin Çindən Avropaya doğru başlayan daşımaların çox sayda istiqamətləri var. Buna görə, biz bu prosesdə daha yaxından iştirak etmək arzusundayıq. Bu məqsədlə, əlbəttə ki, Mərkəzi Asiyada, Gürcüstanda, Türkiyədə və Avropadakı tərəfdaşlarımızla işləyirik. Təbii ki, əsas məqsədimiz Çindən yükləri qəbul etməkdən və onların daşınmasını təmin etməkdən ibarətdir» söyləyən Prezident İlham Əliyev ölkəmizdə nəqliyyat-loqistika sahəsində görülən işlərin intensivləşdirilməsinə xüsusi diqqətlə yanaşır. Xəzər dənizində ən böyük donanmaya malik ölkəmizdə Çinin tanınmış şirkətlərinin, mütəxəssislərinin fəaliyyətini qarşılıqlı əməkdaşlığın gələcəkdə müxtəlif istiqamətlər üzrə genişləndiriləcəyini sağlam investisiya mühitinə malik ölkəmiz üçün perspektiv adlandırır.
 Əvvəlcə regionun nəqliyyat- infrastrukturunun imkanlarını xatırlamaqla «Bir kəmər, bir yol» layihəsinin əhəmiyyətini daha aydın başa düşmək olar. Əvvəllər Asiyadan gələn yüklər Azərbaycan üzərindən Gürcüstanın Qara dənizdəki limanına daşınırdı. Türkiyəyə dəmir yolunun çəkilməsi ilə yüklər artıq Aralıq dənizinin sahilinə çatdırılır və dəmir yolu ilə birbaşa Avropaya göndərilir. «Bir kəmər, bir yol» layihəsinin işə salınması ilə daşımalar üzrə xərclərə qənaət olunacaq, sürətli hərəkət nəticəsində əlavə vaxt itkisinə yol verilməyəcək.

İlk günlərdən bu layihənin tərəfdaş ölkələr arasında əməkdaşlığın güclənməsinə əlavə stimul verəcəyinə inamla yanaşan, gələcəyinə ümidlə baxan Prezident İlham Əliyev iqtisadi hədəflərdən də söz açaraq bildirir ki, məqsədimiz Azərbaycanı regional bağlantı mərkəzinə, Orta Dəhliz reallığına çevirməkdir. Çünki geosiyasi əhəmiyyətə, coğrafi üstünlüklərə malik ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin beynəlxalq nəqliyyat infrastrukturunun olmaması respublikamızın mövcud coğrafiyadan istifadə imkanlarını məhdudlaşdırırdı. «Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə yatırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir» söyləyən Prezident İlham Əliyev qlobal neft-qaz kəmərlərinin reallaşmasında istifadə etdiyi çoxtərəfli əməkdaşlıq təcrübəsini səmərəli formatı kimi, infrastruktur layihələrinin icrasında da tətbiq etdi. Azərbaycan dövlətçiliyi tarixində sınaqdan çıxmış, xarici siyasətinin başlıca amili olan bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığa göstərdi hörmət və ehtiramını bu sözlərlə bəyan edir: «Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz.» Beynəlxalq əhəmiyyətli qlobal layihələrə Azərbaycanın artan marağı, hədəfi qonşu ölkələrlə daha güclü münasibətlər qurmaqdır.

Bu layihənin inşasında iştirak edən Azərbaycan hazırda texniki imkanlarını səfərbər edir. Ələt Beynəlxalq Ticarət Limanının
yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılır. «Biz Xəzər dənizində daha çox gəmi tikirik. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bilək. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır» söyləyən Prezident İlham Əliyev mövcud dəmir yollarının müasirləşdirilməsinə xüsusi diqqət göstərildiyini də bildirir. Qonşu dövlətlərlə münasibətlərin möhkəmlənməsi, infrastruktur, inzibati bağlantıların yaradılması istiqamətində səylərin artırılması, tariflərlə bağlı vahid siyasət üzrə, gömrük qaydaları sahəsində danışıqlar aparılır. Tam əminliklə demək olar ki. «Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu» layihəsinin təşəbbüskarı olan Azərbaycanın nəqliyyat infrastrukturu tam mənası ilə beynəlxalq standartlara cavab verir. Daşımalar marşrutları mövzusu ilə bağlı tərəfdaşların maraq və mənafeləri nəzərə alınır. Bəllidir ki, Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 gün, əgər siyasi məsələlər olmasa, Transsibir marşrutu ilə 20 gün çəkir. Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə, Orta Dəhlizlə isə bu məsafə cəmi 12 günə başa çatdırılır.

«Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək» söyləyən Prezident İlham Əliyevin vurğuladıgı kimi, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq
ölkələr arasında əlaqələri, inteqrasiyanı gücləndirəcək.
 Prezident İlham Əliyevin Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına təbrik məktubunda da regionun iqtisadi potensialından səmərəli istifadə, nəqliyyat, ticarət sahəsində əlaqələrin möhkəmlənməsinin vacibliyi diqqətə çatdırılır. Müraciətdə qeyd olunur ki, bir neçə gün öncə Şuşa şəhərinin 2024-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi, otuz ildən sonra ərazilərimizdə mövcud olan «boz zona»nın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Bölgədə sabitliyin bərpası naminə humanist təşəbbüslərin müəllif, bölgədə sabitliyi təmin edəcək 3+3 əməkdaşlıq formatını irəli sürən Azərbaycan regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranan tarixi şəraitdən faydalanmağı təklif edir. Ermənistanın işğalından azad edilən ərazilərə «Böyük Qayıdış» proqramı milli prioritetlər kimi, həyata keçirilir. Müraciətdə yer alan «Azərbaycanın İƏT-də sədrlik mövzusunun «Yaşıl keçid və qarşılıqlı bağlantılar» kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, «yaşıl enerji» növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda «yaşıl enerji» zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyasına uyğun olaraq həyata keçirilir» sözlərinin əsasında da bölgələrdə həyata keçirilən nəqliyyat infrastrukturunun yenilənməsi, bərpası kimi məsələlər üstünlük təşkil edir.

Dövlət başçımızın müraciətində yer alan «Azərbaycan, eyni zamanda, etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır» sözlərində «Bir kəmər, bir yol» layihəsinin davamı olan Zəngəzur dəhlizinin perspektivləri, beynəlxalq əhəmiyyəti aydın göstərilir.

Xuraman İsmayılqızı, «İki sahil»