12 oktyabr 2023 01:13
252

Ermənistan iqtisadi müstəqilliyini itirmiş ölkədir

Hayları aclıq və səfalət dolu bir qış gözləyir

Bu gün Cənubi Qafqazda sülh sazişi Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. Ona görə ki, bu, haylar  üçün indiki ağır iqtisadi  vəziyyətdən xilas olub  dinc inkişaf mərhələsinə keçid edə bilmək  üçün mütləqdir.  Eyni zamanda, hazırki geopolitik proseslər də Paşinyan hakimiyyətinin əleyhinə işləyir. Çünki ABŞ və Avropa İttifaqı da Ermənistanı  Rusiyanın forpostluğundan qurtarıb Azərbaycanla birbaşa sülh sazişini imzalanmağa sövq edir.

Bəli, reallığı dərk edə bilən haylar birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycanla Türkiyənin ərazi bütövlüyünü, suverenliyini tanımaq, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək, bütün bunların nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika  mərkəzinə çevrilmək imkanları var. Artıq haylar yaxşı anlayırlar ki, hər il diaspordan verilən 30-40 milyon dollarla yaşamaq qeyri- mümkündür.

Hazırda reallıq belədir ki, Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq bu ölkə hələ də özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran içərisində çabalayır. Nəticədə Ermənistan vətəndaşların arasında öz ölkəsinə və hökumətinə qarşı ciddi inamsızlıq hökm sürür.

Xüsusilə ölkənin xarici dövlət borcları hər il artmaqda davam edir. Artıq Ermənistanın  dövlət borcu illik dövlət büdcəsindən xeyli çoxdur.  Məhz işğalçı siyasəti nəticəsində Ermənistanın regiondakı beynəlxalq layihələrdən kənarda qalması, eyni zamanda, ölkə ərazisində elə də ciddi təbii resursların olmaması müttəfiqi olduğu dövlətlərin bu ölkəyə ciddi investisiya yatırmasını əngəlləyib. Ermənstan elə bir bərbad ölkədir ki, onun nəinki dövlət sərhədlərini  rus əsgərləri qoruyur, hətta iri sənaye müəssisələrinin 80 faizinə  Rusiya dövləti nəzarət edir. O cümlədən  hayların dəmir yollarında da söz haqqı Moskvadadır.

Məlumdur ki, ötən illərdə Ermənistanın baş naziri Nikol Paşinyanın  erməni diasporu ilə münasibətləri də korlanıb. Ona görə də erməni diasporunun bu ölkəyə investisiya qoymaqdan imtina etməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Xüsusilə Ermənistanın son dövrlər Rusiya ilə gərginləşən münasibətləri  hayların iqtisadiyyatına  ağır zərbələr vurur. Hələ cari ilin mart ayından Rusiya hayların əsas ixrac məhsulu olan  konyakın idxalına  qadağa qoyub.  Sentyabr ayından başlayaraq bu qadağanın miqyası daha da genişlənib.

Məlumdur ki, Ermənistandakı 40-dan çox konyak istehsalçısı  məhsullarının 90 faizini  məhz Rusiyaya ixrac edirdi. Ermənistanın son illər iqtisadi əlaqələr qurduğu ölkələr arasında İran və bəzi ərəb ölkələri də var ki, onlar da spirtli içkilərin idxalını qadağan ediblər. Ən yaxın tərəfdaşı Fransa isə özü konyak  ixrac etdiyi üçün erməni konyakına ehtiyac duymur. Bütün bunlar erməni konyakının kitabının bağlanması deməkdir.

Bundan başqa, son günlər Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə söhbətlər də gündəmdədir. Bu isə onsuz da çökməkdə olan Ermənistan iqtisadiyyatına  yeni zərbələr vuracaq. Qeyd edək ki, ötən onilliklər ərzində Aİİ Ermənistan iqtisadiyyatına süni nəfəs verməklə məşğul idi. Deməli, Aİİ-dən çıxmağa çalışan hayların iqtisadi  iflası qaçılmazdır.  Ona görə ki,  Aİİ  Ermənistan iqtisadiyyatının mühüm  dayağı idi.

Hətta son dövrlərdə Ermənistan Rusiya ilə daha dərin ixtilafa gedərək bu ölkənin qazından imtina edə biləcəyini bildirib. Parlamentdə hakimiyyətyönlü  «Vətəndaş müqavilə»si  fraksiyasının üzvü Qaqik Melkonyan bildirib ki, Ermənistanın Rusiyadan başqa digər ölkələrdən də «mavi yanacaq» almaq imkanları mövcuddur. O da məlumdur ki, Ermənistan uzun illərdir Rusiyadan ucuz qiymətə və nisyə qaz alır. Əgər Rusiya qaz verməkdən imtina etsə qarşıdakı qışda Ermənistanda daha  kritik vəziyyət yaranacaq. 

Elçin Zaman, «İki sahil»