12 oktyabr 2023 01:57
335

Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda müxtəlif istiqamətlərdə fəal işlər gedir. Buna misal olaraq onu göstərmək kifayətdir ki, ilk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Respublika rəhbərliyi səviyyəsində infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi isə icra edilməkdədir. Bunun nəticəsidir ki, Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 133 ailə  649  nəfər artıq köçürülmüşdür. Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün  kənddə bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur.  

Zəngilan rayonuna həm də böyük əhəmiyyətə malik nəqliyyat qovşağı kimi yanaşılır. Çünki bu yaşayış sahəsi mühüm nəqliyyat dəhlizləri üzərindədir. Təsadüfi deyil ki, düşməndən təmizlənən torpaqlarda inşa edilən ikinci hava limanı da məhz  bu ərazidə yerləşir. Hava limanı hazırda bölgənin inkişafı baxımından mühüm rol oynayır. İşğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan Horadiz–Zəngilan dəmir yolunun inşası da hazırda son mərhələdədir və tezliklə Zəngəzur Dəhlizinin mühüm hissəsi olaraq istifadəyə veriləcək.

Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında Horadiz–Zəngilan dəmir yolunun əhəmiyyətindən söz açaraq deyib: “Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Tezliklə biz bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq. Dəmir yolu xətləri, hava limanı – bu gün bu istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Yəni, bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi Baş plana malikdir”.

Zəngilanda aqroparkların, intensiv fermaların yaradılmasına da xüsusi önəm verilir. Bunlar aqrar sektorda uğur əldə edilməsinin zəruri amillərindən biri sayılır və məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə imkan yaradır. Bu yolla məşğulluğun təmin olunması, iş yerlərinin yaradılması və məhsulların dünya bazarına çıxarılması gerçəkləşir. Zəngilanda pilot kənd təsərrüfatı layihəsi də həyata keçirilir. “Dost Aqropark” adlanan bu təşəbbüs iki qardaş ölkə - Azərbaycan və Türkiyə şirkətləri tərəfindən gerçəkləşən birgə müəssisəsidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Artıq aqroparkda birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. İnzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, xidməti heyətin yaşayış binaları tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı reallaşdırılıb.

Bu gün “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər davam etdirilir. Layihənin hər 3 mərhələsinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılacaq. “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.

İşğaldan azad edilən ərazilərdə məskunlaşmanın ən mühüm şərtlərindən biri də enerji infrastrukturunun yaradılmasıdır. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib. Təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi,  ekoloji təmiz,  səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki,  azad edilmiş ərazilər “yaşıl enerji zonası” olacaq. Artıq yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır.

Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan bütün bu işləri öz gücü, imkanları hesabına həyata keçirir.  İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bugünədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün isə planlaşdırılan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub. Göründüyü kimi, nəyin bahasına olursa-olsun dövlətimiz qarşısına qoyduğu məqsədlərə çatacaq və işğaldan azad edilən ərazilərini bərpa edəcək.

Nigar Orucova, “İki sahil”