12 oktyabr 2023 02:15
1015

Nikolun anklavlar oyunu

Bu məsələdə də rəsmi Parisin əlinin olması şəksizdir

Azərbaycan Qarabağın bütün ərazilərində öz suverenliyini bərpa edib. Amma anklav kəndlər (Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, o cümlədən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi) hələ də düşmən tapdağı altındadır. Rəsmi İrəvan bu məsələnin  həllinə əngəl olmağa, arxa plana keçirməyə çalışır. Buna baxmayaraq Azərbaycan üçün anklavlar məsələsi hər zaman aktual olub. Qeyd edək ki, anklav beynəlxalq hüquq­da bir dövlətə məxsus, amma hər tərəfdən digər dövlətin ərazisi ilə əhatə olunmuş yerə deyilir.

Prezident İlham Əliyev oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bu məsələyə diqqət çəkərək, həmin kəndlərin də işğaldan azad olunmasının vacibliyini vurğulayıb. Bu isə o deməkdir ki, həmin anklavlar gündəmimizdədir. Yəni, rəsmi Bakı bu məsələnin həlli  məqsədilə hələlik siyasi müstəvidə cəhdlər göstərir. Elə buna görə də artıq həmin kəndlərin işğaldan azad edilməsi Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarının əsas elementlərindən birinə çevrilib. O kəndlər Azərbaycana qaytarılmadan iki ölkə arasında sülh müqaviləsinin imzalanması inandırıcı görünmür. Ona görə ki, 8 kəndin işğal altında qalması Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini nümayiş etdirmiş olacaq. Şübhəsiz, bu məsələnin bir daha Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin nəzərinə çatdırılması Brüssel formatı çərçivəsində aparılacaq danışıqlarda Ermənistanın qarşısında işğal altındakı kəndləri qaytarmaq tələbinin qoyulacağından xəbər verir. Bu da görüşlərlə, danışıqlarla işğalda olan kəndlərimizin qaytarılmasının, anklavlar məsələsinin həll olunmasının yaxın gələcəkdə mümkünlüyü ehtimalını artırır.

Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ da,  anklavlar da daxil olmaqla  Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Elə oktyabrın 5-də Qranadada qəbul edilən bəyanatda Azərbaycanın ərazi bütövlüyü bir daha öz əksini tapıb. Amma Avropa Şurasının saytında dərc edilən bəyanatın mətnində Azərbaycan və Ermənistanın ərazi bütövlüklərinin dəstəklənməsi və tanınması vurğulansa da, iki ölkənin ərazilərinin sahəsi dəqiqliklə təqdim olunmayıb. Belə ki, Ermənistan ərazisinin sahəsi olduğu kimi, 29743 kvadrat kilometr deyil, 29800 kvadrat kilometr göstərilib. 86692 kvadrat kilometr sahəsi olan Azərbaycan ərazisinin sahəsi isə 86600 kvadrat kilometrə endirilib. Belə yuvarlaşdırmanın arxasında isə gizli mətləblərin dayandığı  şəksizdir. Yəni bu, Ermənistanın işğal altında olan Azərbaycan anklavlarını mənimsəməyə çalışmaq cəhdidir. Halbuki yuxarıda qeyd etdiyimiz kimi, Nikol  Paşinyan bu il mayın 22-də keçirilən mətbuat konfransında Azərbaycan ərazisinin anklavları da əhatə etdiyini etiraf etmişdi.

Bu barədə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi: “Əgər (Paşinyan - red. ) keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın”. Bəli, indiyədək bütün bunlar iki ölkə arasında hələ də rəsmi sənədlərdə öz təsdiqini tapmayıb. Bu da Paşinyanın söylədikləri ilə uyğunluq təşkil etmir.

Bir məqamı da vurğulayaq. 10 oktyabr tarixində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib ki, Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kəndlə problemimiz var, çünki bizim həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var: Berkaber, Aygehovit, Vazaşen, Paravakar və sair. Bu açıqlamanı da Nikol Paşinyanın növbəti sayıqlaması adlandırmaq olar. Çünki  Paşinyanın Tavuş rayonunda saydığı kəndlərin heç biri Azərbaycanın nəzarətində deyil. Bu yerdə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın  səsləndirdiyi iddialara münasibətini də qeyd etmək yerinə düşər: “Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlaması məsələsinə bəraət qazandırmaq məqsədilə guya Azərbaycanın hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi iddiaları səsləndirməsi tamamilə yalandır. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, eləcə də beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın 8 kəndini işğal edib, oradakı əhaliyə qarşı kütləvi qırğınlar törədib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranan bir dövrdə Ermənistanın baş nazirinin sülh prosesində növbəti dəfə şərtlər irəli sürməsi bu ölkənin tarixdən dərs çıxarmadığını nümayiş etdirir”.

Şübhəsiz, anklavlarla bağlı prosesin yekunlaşmasını əngəl­ləyən başlıca amillərdən biri Cənubi Qafqazda möhkəmlənmək istəyən Fransa və digər ermənipərəst qüvvələrin antisülh siyasə­tidir. Belə ki, Fransanın və digər təxribat­çı qüvvələrin Ermənistanın hərbiləşdirilmə­sinə yardım göstərmələri İrəvanı sülhdən uzaqlaşdırır ki, bu da regionda vəziyyəti gərginləşdirir, sülh və təhlükəsizlik üçün yeni təhdidlər yaradır. Elə həmin yuvarlaqlaşdırma əməliyyatında da rəsmi Parisin barmağının olması  danılmazdır. Amma həmin qüvvələr bilməlidirlər ki, onların təcavüzkarı hansı səviy­yədə dəstəkləmələrindən asılı olmayaraq, Azərbaycan bölgədə sülhün və ədalətin bərqərar olmasına nail olacaq, həmçinin anklavlarla bağlı məsələni də beynəlxalq hüquq çərçivəsində həll edəcək. 

Qvami Məhəbbətoğlu, “İki sahil”