12 oktyabr 2023 02:36
258

Bir budaqda oturub min budaq silkələyən müsyö Makron

Günümüzün reallıqları göstərir ki, hətta dövlət başçısı kimi yüksək kürsüdə əyləşmək hələ o şəxsin dərin ağıl və siyasət sahibi olduğuna dəlalət etmir. Fransanın, Ermənistanın, İranın və daha bir neçə dövlətin rəhbərlərinin şəxsində bu, aydın görünür. Bu dövlətlərin orta səviyyəli, lakin radikal şüurlu başçılarının siyasətinin nəticəsi qonşuları gicitkən kimi dalamaqla, onlar arasında nifaq toxumu səpməklə, ölkəsindən min kilometrlərlə uzaqdakı dövlətlərin daxili işlərinə "çöp" uzatmaqla özünə düşmənlər qazandırmaqdır. Qeyd edək ki, adları çəkilən ölkələrin özlərinin kifayət qədər ciddi problemləri olmasına baxmayaraq şər əməllərindən qətiyyən əl çəkmək istəmirlər. Qısa desək, dinc insanların qan axıtmağa çalışanlara necə normal dövlət başçısı və ya insan demək olar?

Bunların arasında ən aqressivi Fransa prezidenti Emmanuel Makrondur. O, sanki xalqlar arasında düşmənçiliyi qızışdırmağı özünə peşə edib. Heç olmasa Parisdə sifətinə çəkilən şapalaqdan, gözünün içinə tüpürənlərdən utanıb çəkinəydi. Belə görünür ki, bu adamda utanan sifət yoxdur.

Fransa hər yerdə olduğu kimi, bizim regionda da sülhün və təhlükəsizliyin bərqərar olunmasının deyil, müharibənin, işğalın tərəfdarıdır. Elə bu səbəbdən də bu gün də ölkəmizə qarşı mina terrorunu davam etdirən Ermənistanı həm siyasi-diplomatik, həm də hərbi-iqtisadi baxımdan himayə edir, onun təcavüzkar iddialarını dəstəkləyir. Dəstələməklə kifayətlənməyərək hələ bir  rəvac da verir. Ancaq Fransa bilməlidir ki, Azərbaycan heç vaxt regionda erməni faşizminin yenidən baş qaldırmasına, yeni terrorçuluq yuvasının qurulmasına imkan verməyəcək. Bu kimi təhlükələrin qarşısını almaq üçün gələcəkdə  də bütün lazımi addımları atacaq.

Fransanın Ermənistanı hərbi baxımdan dəstəkləməsi rəsmi Parisin uğursuz xarici siyasətinin ən böyük sübutudur. Əslində Parisin Ermənistana hərbi yardım göstərməsi, bu məsələni mütəmadi şəkildə gündəmə gətirməsi rəsmi Parisin yanlış, uğursuz xarici siyasətinin təzahürüdür. Fransa hələ də anlamır ki, bununla heç nəyə nail ola bilməyəcək. Birincisi, Ermənistanın hərbi baxımdan dirçəldilməsi üçün uzun illər lazımdır. Bu ölkənin ordusu elə tarmar edilib ki, İkinci Qarabağ müharibəsindən üç il keçməsinə baxmayaraq ozünə gələ bilmir. İkincisi, erməni hərbçilərinin Fransa silahlarından istifadəni mənimsəməsi də vaxt istəyən bir məsələdir. Fərz edək ki, Fransa qısa zamanda Ermənistana ciddi hərbi yardlmlar göstərdi və ermənilər də bu silahlardan istifadəni qisa zamanda mənimsədi. Bəs sonra nə olacaq? Yoxsa Ermənistan özündən dəfələrlə güclü olan və dəfələrlə “Dəmir yumruq”unu yediyi Azərbaycana yenidən hücum edəcək? Artıq döyüş meydanında ruhdan düşmüş hayların böyük qismi müharibə istəmir, başa düşürlər ki, hərbi eskalasiya onlara xeyir gətirmədi. Bir çoxları isə mətbuata açıqlamalarında açıq bildirirlər ki, "miatsum", "artsax", "dənizdən-dənizə böyük Ermənistan" və s. sərsəm ideyaları yaddan çıxarmaq, qonşularla dil tapıb dinc yaşamaq lazımdır. Ancaq it əl çəksə də, motal əl çəkmir. Yəni, Makron haylardan əl çəkmir ki, siz axıradək vuruşmalısınız, mən də yanınızdayam. Axı, hamı yaxşı bilir ki, yeni hücumun ancaq bir nəticəsi olacaq ki, bu da başı daşdan-daşa dəymiş Ermənistanın tamamilə darmadağın edilməsidir. Ancaq erməni toplumunun  aqibəti Emmanuel Makronu qətiyyən narahat etmir, yəqin ki, ona öz iddialarını yeritmək daha vacibdir. Bu məqamda Makronla daşnaklar bir-birlərinə çox oxşayırlar. Ağılsız iddia, sərsəm əqidə, yersiz inadkarlıq, qaşınmayan yerdən qan çıxarmaq və s. kimi sarsaq xüsusiyyətlər hər ikisində tən gəlir. 130 ildir daşnakları başa salmaq olmur ki, Azərbaycan torpağında sizə "bağışlanan" ərazidə sakit yaşayın, gəmidə oturub gəmiçi ilə dava etməyin. Kimə deyirsən!

Vəli İlyasov, "İki sahil"