11 oktyabr 2023 02:37
247

Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidirlər

Prezident İlham Əliyev  Gürcüstana işgüzar səfəri zamanı söylədiyi "Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi" çağırışı ilə Azərbaycanla Ermənistan arasında   sülh sazişinin imzalanmasına xarici müdaxilələri  yolverilməz hesab edir  

Xarici siyasətinin əsasını bütün dövlətlərlə qarşılıqlı hörmət  və etimad prinsipləri əsasında quran, əsası  Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın qonşu Gürcüstanla strateji əməkdaşlığı bölgədə sabitliyin təminatına ən  etibarlı töhfədir.  Respublikamızın   enerji resurslarının dünya bazarlarına çıxarılmasında, Şərq-Qərb dəhlizi üzrə yüklərin daşınmasında  ən önəmli  tərəfdaş, tranzit bölgə kimi, xüsusi əhəmiyyət daşıyan hər iki ölkənin tarixi köklərə, zəngin ənənələrə  malik  əlaqələri daha da təkmilləşir.  Rəsmi Bakı ilə Tbilisinin birgə səyi ilə reallaşan beynəlxalq əhəmiyyətli  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra daha da  intensivləşən  sağlam münasibətlər,  «yaşıl enerji» layihəsinin reallaşması  dünyanın diqqət  mərkəzində olan Cənubi Qafqazda sabitliyin yaranmasına  etimadı artıracaq.
Prezident İlham Əliyevin Tbilisiyə səfəri  zamanı diqqətçəkən səmimiyyət tam  əminlik yaradır ki, regionda   sülhün və sabitliyin qorunmasında maraqlı olan Azərbaycanla Gürcüstanın birgə səyləri ilə   Cənubi Qafqaz dünyanın yeni coğrafiyasının  mərkəzinə çevriləcək. Rəsmi İrəvanın Azərbaycanla Gürcüstan liderlərinin sülh çağırışlarına qoşulması ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 formatının təməli qoyula bilər.

Prezident İlham Əliyevin 8 oktyabr 2023-cu il tarixində  qonşu ölkəyə   on birinci  işgüzar səfəri Azərbaycanla Gürcüstan arasındakı  əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Dövlət  başçımız İlham Əliyevin vurğuladığı kimi, möhkəm təməllərə əsaslanan, zamanla daha da inkişaf edən dövlətlərarası münasibətlər XXI əsrin ən qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasına  münbit şərait yaradıb.  Hər iki ölkənin milli  maraqlarına, dövlətçilik mənafeyinə  uyğun  siyasi, iqtisadi, sosial məsələlərin, imzalanan sənədlərdə göstərilən prioritetlərin icrasında göstərilən birgə səylər  münasibətləri daha da möhkəmləndirib. Dünyanın   siyasi arenasında geosiyasi və  geostrateji əhəmiyyəti ilə aktuallığını qoruyan  Cənubi Qafqazın  bu iki dövlətinin İpək Yolunun üzərində yerləşməsi, Orta Dəhliz layihəsinin əsasını təşkil edən irimiqyaslı enerji və nəqliyyat layihələrinin  yeni keyfiyyət baxımından  icrasındakı iştirakı bölgənin aparıcı dövlətləri olan Azərbaycanla Gürcüstana  marağı artırır. 

 Səfər çərçivəsində mətbuata bəyanatında  bölgədə daimi sülhün bərqərar olması üçün Bakı ilə  İrəvan arasında sülh sazişinin imzalanmasının əhəmiyyətini, region ölkələrinin üçtərəfli formatda əməkdaşlığa başlamaq imkanlarının artacağına əminliyini bildirən Prezident İlham Əliyev iki ölkənin iqtisadi inkişafına təsir edəcək, dövrün önəmli layihələrindən olan «yaşıl enerji» dəhlizi”nin əhəmiyyətini  xüsusilə diqqətə çatdırdı. İki ölkə arasındakı  ənənəvi   görüşlərin tarixindən söz açan  Prezident İlham Əliyev bildirdi ki, məqsədimiz budur ki, ölkələrimiz sağlam münasibətlər əsasında davam etsin, xalqlarımız bir-birinə daha yaxın olsunlar.  Ulu Öndər Heydər Əliyevlə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasındakı  dostluğu  «Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır» sözləri ilə dəyərləndirən dövlət başçımız İlham Əliyev bu tarixi şəxsiyyətləri hər iki  xalq üçün əvəzedilməz lider adlandırdı.

 Bildirildi ki, bu ölkələrin  birgə səyi ilə  həyata keçirilən enerji və nəqliyyat layihələri  Avropa dövlətlərinin   bu sahədə təhlükəsizliyinə xidmət göstərir. Anakliya limanının inşası, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanının genişləndirilməsi  ilə  əməkdaşlıq daha da gücləndiriləcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması  Orta Dəhlizin coğrafi imkanlarını daha da çoxaldacaq. Energetika sahəsində ənənəvi sahələrdən başqa  hər iki ölkənin maraqlarına xidmət edəcək «yaşıl enerji»  layihəsinin reallaşması ilə  Azərbaycanla Gürcüstanın birgə səyləri tələbata uyğun intensivləşəcək. Hər iki qardaş ölkənin Avropa dövlətləri ilə sıx əməkdaşlığı  qlobal enerji və nəqliyyat layihələrinin coğrafiyasını genişləndirəcək. Böyük sərmayə qoyuluşu nəzərdə tutulan «yaşıl enerji» dəhlizi tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.

Tam əminliklə demək olar ki,  iki dost ölkənin  böyük məna daşıyan, birlikdə  icra etdikləri layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün gərəklidir. «Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır» söyləyən  Prezident İlham Əliyev  bunun üçün Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtının çatdığını bildirdi. Qeyd olundu ki,    44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində    Qələbə qazanan Azərbaycanın  Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaradacağı şəksizdir. «Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür» söyləyən Prezident İlham Əliyev  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını bölgədəki gərginliyin normallaşmaya doğru  addımlar  kimi dəyərləndirdi. Bildirildi ki bu vəziyyətin sağlam düşüncə, heç kimin təsiri və təzyiqi olmadan həllinin məqamı çatıb. Bu şansı əldən vermək isə böyük səhv olar. Çünki bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Birtərəfli və qərəzsiz istənilən vasitəçilik  qəbul ediləndir. «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi»  söyləyən Prezident İlham Əliyev  Cənubi Qafqaz ölkələri arasındakı  münasibətlərin normallaşmasının həlli istiqamətlərini də müəyyənləşdirir.

Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata  birgə bəyanatlarında aktual məsələlərə, enerji, nəqliyyat layihələrinə  eyni mövqedən münasibət bildirmələri, Orta Dəhliz layihəsi ilə bağlı açıqlamaları xüsusilə diqqəti cəlb edib.
 Gürcüstanın Baş nazirinin «Buraya dəmir yollarının müasirləşdirilməsi, limanların inşası və genişləndirilməsi, avtomobil yollarının inkişafı və müasirləşdirilməsi daxildir. Bilirəm ki, Azərbaycan da bu istiqamətdə genişmiqyaslı işlərə başlayıb. Biz Gürcüstanda dəmir yollarının müasirləşdirilməsinə başlamışıq. Bu iş 2024-cü ilin sonunadək başa çatdırılacaq və onun yükdaşıma qabiliyyəti iki dəfə artırılacaq» sözlərindən də aydın olur ki, yükdaşıma qabiliyyəti 100 milyon ton olacaq  Anakliya limanının,  Şərq-Qərb magistral yolunun inşası ilə   Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlıq və dostluq  istəkləri  daha da möhkəmlənəcək. Regionda və qlobal müstəvidə  təhlükəsizlik məsələlərinin  həllinə inam artacaq. Bildirildi ki, bölgənin sabitlik məkanına çevrilməsi  üçün Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidirlər.

Xuraman İsmayılqızı, "İki sahil"