11 oktyabr 2023 01:35
328

Azadlığın mübarək, Sərsəng su anbarı!..

Bu sututarda layihələrin reallaşdırılması Qarabağ torpaqlarına həyat verəcək

Torpaqlarımızın 30 illik işğal müddətində düşmən sadəcə insanları deyil, təbiəti də hədəfə almışdı. Ermənistan uzun illər Azərbaycana qarşı ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaqla düşmənçiliyini davam etdirib. Ərazilərimizdə olan təbii sərvətləri talan edib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar işğalçı tərəfindən qanunsuz istismara məruz qalıb.

Milli parkları da daxil olmaqla Azərbaycanın qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulurdu. O zaman Şuşa şəhəri yaxınlığında meşə sahələrindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yandırıldı. Nəticədə min illər ərzində formalaşan torpağın üst təbəqəsi tamamilə sıradan çıxdı.

Ən təhlükəli məqamlardan biri də budur ki, Ermənistan illərdir ki, su mənbələrini də çirkləndirir, radioaktiv tulantıları çaylara axıdır. Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, belə demək mümkünsə, sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. İşğalçı ölkədə dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Hol­ding GmbH” şirkəti yaxından iştirak edib. Bununla əlaqədar olaraq Azərbaycan cəmiyyətində dərin narahatlıq yaranıb.

Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, qeyd edə bilərik ki, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi həm də son dərəcə mənfi təsirlərə yol açır.  

Otuz ili əhatə edən işğal dövründə bir tərəfdən Azərbaycan özünün su mənbələrindən məhrum olmuşdu. Digər tərəfdən isə işğalçı dövlət və artıq tarixin zibilliyinə atılmış Qarabağdakı separatçı rejim Tərtərçayın üzərində yerləşən rəşadətli Azərbaycan Ordusu tərəfindən lokal xarakterli antiterror tədbirləri zamanı düşmən tapdağından azad edilmiş Sərsəng su anbarından da ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi.

Qəsbkar ölkə tərəfindən Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 kilometrlik suvarma kanalları şəbəkəsi, 185 kilometrlik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hid­rotexniki tikinti obyekti, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon kubmetr olan 8 su anbarı yararsız hala salınıb.

Azərbaycan hələ işğalın ilk vaxtlarından başlayaraq erməni faşizminin törətdiyi ekoloji fəlakətlə bağlı dünya ictimaiyyətini məlumatlandırıb, beynəlxalq qurumları bu vəhşiliyə qarşı mübarizəyə səsləyib. Bunun nəticəsi olaraq 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edib. Bu sənədlə AŞPA tərəfindən Ermənistan birmənalı şəkildə günahlandırılıb. Adıçəkilən anbardan Azərbaycan tərəfinə suyun keçməsinin qarşısının mütəmadi olaraq qəsdən alınması isə “ekoloji təcavüz” adlandırılıb. Yeri gəlmişkən, həmin qətnamədə Ermənistanın bu əməllərinin 1966-cı il Helsinki və 2004-cü il Berlin qaydalarına tam zidd olduğu bildirilib.

Sərsəng su anbarının Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən qəsdən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması yolverilməzdir. 47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpasına ciddi ehtiyac var. 30 ildən artıqdır ki, Ermənistan bu su anbarını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub. Anbarın mövcud qəza vəziyyəti onun aşağı hissəsində yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır.

Bu gün sevindirici haldır ki, ordumuzun sentyabrın 20-də başa çatdırdığı 24 saatlıq unikal antiterror tədbirləri nəticəsində Sərsəng su anbarı da 30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycanın nəzarətinə keçdi və onun istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir. Su anbarının Azərbaycanın nəzarətinə keçməsi bir çox ərazilərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq.

Burada toplanan su axaraq Suqovuşan anbarında toplanır. Tezliklə həmin infrastrukturdan ötürülən su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə və Goranboy rayonlarının, ümumilikdə, 95 min hektar əkin sahəsinin suvarma suyuna tələbatı təmin olunacaq. Anbarın üzərində 50 meqavat gücündə su elektrik stansiyası da var. Bu isə o deməkdir ki, infrastrukturdan təkcə suvarma üçün deyil, həm də elektrik enerjisinin alınmasında istifadə edilir.

Su layihələrinin reallaşdırılması Qarabağa həyat verəcək. Bu layihələr, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına da hesablanıb.

Nigar Orucova, “İki sahil”