11 oktyabr 2023 02:57
266

Rəsmi İrəvan nə vaxtadək taleyini Fransanın məkirli siyasətinə qurban verəcək?..

Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır

Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı və 24 saatdan da az vaxt yetdi ki, hərbi-kriminal xunta, nəhayət, otuz ildən çoxdur sürən röyadan ayılsın. Bir daha aydın oldu ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti çətiri altında qalan və bundan gen-bol yararlanaraq ipə-sapa yatmayan qondarma rejimin anladığı dil bu imiş...Amma bütün bunların fonunda Cənubi Qafqazda hələ də daimi sülh təmin olunmayıb. Ermənistanın oyunpozanlığı nəticəsində sülh sazişinin imzalanması prosesi yubanır. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin, Moskva və Vaşinqtonun vasitəçiliyi ilə davam edən sülh danışıqlarında müəyyən nəticələr olsa da, hələ də yekun sənəd razılaşdırılmayıb. Ermənistan isə prosesi pozmaq, ləngintməklə məşğuldur. Əgər Ermənistan razılıq versə, bu məsələyə qonşu Gürcüstanda nöqtə qoyula biləcəyi də istisna deyil. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında deyib ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışır. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.

Göründüyü kimi, artıq Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün bütün şərtlər mövcuddur. Prezident İlham Əliyev Cənubi Qafqazda əməkdaşlığın üçtərəfli formatı üçün yeni şans yarandığını və bunu buraxmamağın zəruriliyini vurğulayır: “Cənubi Qafqazda sülhü tam bərqərar etməyin artıq vaxtı çatıb. Biz Gürcüstanla ölkələrimizin ərazi bütövlüyü və suverenliyini daim dəstəkləmişik. Ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu baxımdan Azərbaycanın mövqeyi birmənalıdır. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Bölgə ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. İndi məqam gəlib çatıb. Bu şansı əldən vermək böyük səhv olar”.

Görəsən Ermənistan hökuməti nə vaxta qədər Azərbaycanın bu cür aydın mesajlarına, ədalətli çağırışlarına göz yumacaq? Rəsmi İrəvan daha nə qədər öz xalqının taleyini bölgədən uzaq məkrli güclərin, özəlliklə Fransanın dövlət maraqlarına qurban verəcək? Başqa nə baş verməlidir ki, Ermənistan, nəhayət, daşı ətəyindən töksün, sülh oyunbazlığından, xəyallarla yaşamaqdan əl çəksin və iki əsas qonşusu - Azərbaycan və Türkiyə ilə sülh anlaşması yönündə real addımlar atsın? Bunun üçün əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünü hətta Qranada bəyannaməsi şəklində tanımaq da yetərli deyil. Vacibdir ki, Nikol Paşinyan öz mövqeyini ikitərəfli sülh sənədində imzası ilə təsdiqləsin və anlasın ki, Qarabağ məsələsi artıq bitib. Ərazi iddiaları, “miatsum” mövzusu qapanıb. Ermənistanda bircə azərbaycanlının qalmamasına rəğmən rəsmi Bakı yenə böyük humanistlik göstərərək Qarabağdan getmiş ermənilərin qayıdaraq ölkəmizin qayda-qanunları çərçivəsində əvvəlki yerlərində qalıb yaşamasına etiraz etmir. Əlbəttə ki, böyük sülh naminə. İki xalq arasında düşmənçilik səhifəsini çevirmək naminə. Halbuki rəsmi İrəvan da böyük sülh və tarixi ədalət naminə eyni mövqeyi Qərbi azərbaycanlılara münasibətdə bəyan etməyə borcludur. Əfsuslar olsun ki, Ermənistan Fransa başda olmaqla, bəzi xarici güclərin fitnəsinə uyaraq və böyük paralar xərcləyərək hücum ordusu qurmaq istəyini müşahidə etməkdəyik.  Bu günlərdə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bu məsələlərə toxunulub. Telefon danışığı zamanı Dövlət başçısı İlham Əliyev deyib ki, əgər yeni qarşıdurma olsa, bunun səbəbkarı Fransa olacaq: “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”. Eyni zamanda, dövlət başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırıb, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib.

Məlum olduğu kimi, Fransa artıq Ermənistanda hərbi missiya açıb. Bu ölkənin müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, “missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”. Eyni zamanda, o bəyan edib ki, “Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezidert (Makron – red) şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, (Makron – red) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”.

Göründüyü kimi, Fransa Ermənistanı “müdafiə olunmaq” məqsədilə silahlandırır və Azərbaycana qarşı hücuma hazırlaşdırır. Bunun nəticəsi Ermənistan üçün ağır olacaq, çünki Azərbaycan istənilən təxribata “dəmir yumruq”la cavab verəcək. 44 günlük müharibə və ondan sonra baş verənlər Ermənistanın Azərbaycanla bacarmasının mümkünsüz olduğunu təsdiq edir. Bunu Parisdə də anlayırlar, lakin Makronun məqsədi Ermənistanı qorumaq, yaxud gücləndirməkdən daha çox, ondan Cənubi Qafqazı qan çanağına çevirmək üçün istifadə etməkdir. Afrikada da maraqlarını təmin etmək üçün məhz bu ssenaridən - bir ölkəni digər ölkəyə qarşı hücuma təhrik etmək ssenarisindən yararlanıb. İndi də Cənubi Qafqazda Afrika ssenarisini tətbiq etməyə çalışır.

Sevinc Azadi, “İki sahil”