10 oktyabr 2023 00:35
293

Haqlı da Azərbaycandır, güclü də...

Ermənistanın yolu birdir: ya sülh, ya da sülh!

Er­mənistan ağ­lını başına yığıb anlamalıdır ki, sülh olacaq­sa, Zəngəzur dəhlizi açılacaqsa, Azərbay­canla sərhədlər müəyyənləşdiriləcəksə, problemlər sıfırlanacaqsa, bundan ən çox faydalanan özü olacaq

Cənubi Qafqaz regionu son üç onilllik ərzində təhdidlər və müharibə riskləri şəraitində yaşayıb. Bunun da əsas səbəbi Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti olub. Azərbaycan isə istər 44 günlük müharibəyədək olan mərhələdə, istərsə də postmüharibə dövründə həmişə sülh təşəbbüslər ilə çıxış edir,  bütün platformalarda, diplomatik masalarda sülhü təşviq edir, bölgənin inkişafına çalışır, regionu sabitlik adası kimi görmək istəyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri isə sülhün yeganə təminatıdır. Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi aydın və dəqiqdir.  Bu məsələdə Azərbaycanın mövqeləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, sülhün əldə olunmasına xidmət edir.

Yerində sayan və geri gedən isə yalnız Ermənistandır. Bu baxımdan sülhə daha çox ehtiyacı olan da Ermənistandır. Lakin ötən dövrdə Ermənistanın prosesləri uzatması və üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən münasibətlərin normallaşdırılması istiqamətində nəticə əldə edilməyib. Təəssüf ki, daxildəki daşnak-revanşist, kənardakı lobbi-diaspor təzyiqlərinə layiqli müqa­vimət göstərə bilməyən Paşinyan ko­mandası özünü addım-addım görünən uçurumun kənarına sürüklədi. Özünü cəzasızlıq mühitində hiss edən Ermənistan ayrı-ayrı beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsindən ruhlanaraq işğal məhsulu olan keçmiş status-kvonu sonsuzluğadək uzatmaq istəyirdi ...

Sülh danı­şıqları üzrə prosesi qəsdən uzatmaqla nəyə nail olmağa çalışdığını özü üçün də tam aydınlaşdırmaqda çətinlik çəkən İrəvan iqtidarı sərhəddə silahlı təxribat­lardan tutmuş danışıqlar masasında diplomatik avantüralara kimi təhlükəli və zərərli təşəbbüslərə baş vurdu. Bu zaman arxalandığı, güvəndiyi tərəfdaş­larından, himayədarlarından gözlədiyi dəstəyi görməyəndə yenə silaha əl atdı. Amma bu, Azərbaycan iqtidarının səbir kasasını daşdıran sonuncu damla oldu. Və avantüristlərin, separatçıların və on­ları qarşıdurmaya sürükləyənlərin son və qəti cavabını verməkdən ötrü Azər­baycana cəmi bir sutka kifayət etdi. Azərbaycanın 23 saat 43 dəqiqəlik  lokal xarakterli antiterror tədbirlərinin nəticəsində yaratdığı reallıqlar Cənubi Qafqaz coğrafiyasında sülhün və  təhlükəsizliyin təmin olunması üçün ideal imkanlar yaradıb. İndiyədək sülh üçün əsas mane olan Ermənistanın  Qarabağdakı silahlı qüvvələrinin qalıqları və separatçı rejim artıq ram edilib. Onlar ağ bayraq qaldırıblar. Separatçı rejim özünü buraxıb. Hazırda silahlıların tərkisilah edilməsi prosesi gedir. Beləliklə də region sülhə heç vaxt olmadığı qədər yaxınlaşıb. Azərbaycanın antiterror tədbirləri nə­ticəsində yaranmış yeni reallıq göstərir ki, sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülh naminə bütün səylərini səfərbər etməlidirlər.

İndi  Ermənistan son nöqtəyə çatıb və real təhlükə­dən qurtuluşu yalnız sülhə gəlməkdir. Azərbaycan, hətta bu vəziyyətdə belə xəyanətkar qonşusu ilə də humanist davranış sərgiləyir. Bakı Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyini təmin etməyə, onlara ölkənin digər etnik azlıqları kimi, bütün şəraiti və imtiyazları yaratmağa hazır olduğunu açıq şəkildə bəyan edib. Bu, qalib dövlətin məğlub ölkəyə təklif edə biləcəyindən daha bö­yük güzəştdir. Sülhə nail olmaq üçün Bakının konkret təklifləri çoxdan danışıqlar masasının üzərinə qoyulub. Bunlar kommunikasi­yaların açılması, Zəngəzur dəhlizinin işə salınması, sərhədlərin delimitasiyası, anklavların geri qaytarılması və ticarət əlaqələrinin bərpasıdır. Cənubi Qafqaz­da uzun fasilədən sonra dayanıqlı sül­hün bərqərar olmasının Azərbaycandan çox Ermənistanın maraqlarına cavab verdiyini söyləyə bilərik. Çünki İrəvan Zəngəzur dəhlizi vasitəsilə İranla, Rusi­ya ilə, ərazimizdən keçməklə Orta Asiya ilə əlaqə yaratmaq şansını əldə edəcək. Bu isə haylar üçün əməkdaşlıq imkanla­rı, tərəqqi fürsəti deməkdir. Ermənista­nın, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan dividendlər qazana­cağı şəksizdir.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində keçirilən görüşlərdə Azərbaycanın reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, reinteqrasiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ölkə Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilə bilər.  Yəni, bütün bunlar onu göstərir ki, böyük sülh müqaviləsinin imzalanması qarşısındakı maneələr ara­dan qaldırılmaqdadır.

Bu gün Prezident İlham Əliyevin yürütdüyü mükəmməl xarici siyasətin nəticəsi olaraq Azərbaycan regionda sabitliyin qarantı olmaqla yanaşı, həm də bu bölgənin iqtisadi yüksəlişinin təminatçısına çevrilib. Azərbaycan, eyni zamanda, regionda iqtisadi və tranzit imkanlar baxımından ən üstün dövlətdir. Ermənistan tə­cavüzkar mövqeyi, radikal-hərbi ritori­kası ilə özünü bölgədə təcrid olunmuş vəziyyətə gətirib çıxardı. Bəs onun qazancı nə oldu? İqtisadi tənəzzül, klanların formalaşdırdığı korrupsiya zənciri, cəmiyyətdə misli görünməmiş təbəqələşmə, xaricə miqrasiyanın il­dən-ilə, gündən-günə çoxalması. Məlumdur ki, Ermənistan sosial-iqtisadi sahədə böyük gerilik yaşayan, inkişafdan kənarda qalan, sakinləri dəstələrlə köçüb başqa məmləkətlərə gedən bir ölkədir. Bu ölkə regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmir yolu xətləri, nəqliyyat dəhlizləri Ermənistandan yan keçir. Daxilindəki bataqlıq onu göstərir ki, bundan sonra bölgədə baş verə biləcək gərginlik, destruktiv hərəkətlər avtomatik olaraq Ermənistanın özünün təhlükəsizliyinin şübhə altına alınmasına gətirib çıxara bilər. Ona görə də Ermənistanın  yolu birdir: ya sülh, ya da sülh!

Azərbaycan dövləti möhkəm iradə və gücə malikdir. Ölkəmizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!

Yaqut Ağaşahqızı, “İki sahil”