09 oktyabr 2023 23:12
269

Ələkçinin qıl verəni

AXCP sədri ilə xarici anti-Azərbaycan qüvvələrini birləşdirən çoxsaylı məqamlar mövcuddur

Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsini  tarixi Zəfərlə başa vurması, ötən ay isə Qarabağ iqtisadi rayonundakı  separatçı –terrorçulara qarşı həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində  xuntanın birdəfəlik məhv edilməsi Azərbaycan dövlətinin qüdrətini dünyaya bir daha nümayiş etdirdi.

Lakin ölkəmizin məhz belə qətiyyətli addımlarından məyus olan ermənipərəst xarici qüvvələr  böhtan və qara piar kampaniyaları ilə ətrafımızda hörümçək toru qurmağa çalışırlar ki, növbəti uğurlarımızın qarşısını alsınlar. Ən acınacaqlısı isə odur ki, ölkədəki dağıdıcı müxalifətin  «lideri» AXCP sədri Əli Kərimli bu xarici ant-Azərbaycan qüvvələrə xidmət sahəsində ələkçinin qıl verəni rolunda çıxış edir. Artıq onun Azərbaycanın geosiyasi uğurlarına qısqanclıqla yanaşması adi haldan çıxaraq kin-küdurət püskürmək rəzilliyinə çevrilib. Məsələn, Prezident İlham Əliyevin İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina etməsi göstərdi ki, bu, ölkəmizin növbəti uğurlu diplomatik addımı idi. Çünki  burada Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın  görüşü planlaşdırılmışdı. Lakin  Avropa İttifaqı  Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun da iştirak edəcəkləri bu görüşdə əvvəlcədən Azərbaycan əleyhinə planlar hazırlandığı aydın şəkildə hiss edilirdi. Xüsusilə nəzərdə tutulan beştərəfli görüşdə Fransanın destruktiv mövqe tutması, eləcə də rəsmi Paris və Berlinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu görüşdə iştirakına razı olmamaları həmin görüşdə iştirakdan imtinaya ciddi əsaslar yaratmışdı. 

Göründüyü kimi, bu dəfə də Prezident İlham Əliyev sırf ölkəmizin milli mənafeyini qorumaq üçün belə qətiyyətli addım atdı. Lakin Əli Kərimli  rəzil xarakterinə uyğun olaraq ölkə başçısının bu addımına da kölgə salmağa çalışıb. Məsələn o, bu mövzudakı qaragüruhçu statuslarında yazır ki, sülh danışıqlarında Türkiyənin vasitəçi olmasını İlham Əliyev doğrudanmı istəyirdi, yoxsa bu Avropa  sammitindən yayınmaq üçün bəhanə oldu? Daha sonra lap dayazlaşaraq yazır: «Putin 2020-ci il 9 noyabr atəşkəs  Bəyanatını razılaşdıranda bəs nəyə görə Türkiyə yada düşməmişdi? ( Əli Kərimli burada da siyasi savadı ilə lap «gül» vurub. O, hələ də anlamır ki, bu Bəyanat  9 noyabrda deyil, 10 noyabrda imzalanıb.). O daha sonra yazır: « 2021-ci ildə Brüssel prosesi başlayanda bəs nəyə görə Türkiyənin vasitəçiliyini təklif etmək İlham Əliyevin yadına düşməmişdi?»

Bu sərsəri müxalifətbaşı hələ də anlamaq istəmir ki,  Qranada görüşündən əvvəl artıq Fransa və Almaniya balansı Azərbaycan əleyhinə pozmuşdular. Burada balansı qorumaq üçün mütləq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı vacib idi. Onu da qeyd edək ki, həm Fransa və  Almaniya, liderləri,  həm də Avropa İttifaqı Şurasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın necə xarizmatik lider olduğunu bildikləri üçün əvvəlcədən belə bir plan qurmuşdular. Avropa qruplaşması bu görüşdə iki xarizmatik liderin İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın  birləşərək üstünlüyü ələ alacaqlarına  əmin olduqlarındanTürkiyə Prezidentinin bu görüşdə iştirakına razı olmamışdılar. Məhz Prezident İlham Əliyevin bu görüşdən vaxtında və müdrikcəsinə imtina etməsi ermənipərəst ölkələrin daha bir məkrli planını darmadağın etdi.

İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən məyusluq keçirən Əli Kərimlinin gülüş doğuran iddialarından biri də odur ki, Azərbaycanın indiki iqtidarının hakimiyyətdə qalması guya sülhə təhlükədir. Məhz İrəvandakı  revanşistlər də Əli Kərimli kimi düşünürlər. Deməli, Kərimli ilə revanşistlərin Azərbaycan əleyhinə fikirlərində bir xeyli oxşarlıqlar mövcuddur. O deyir ki, yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Onda Kərimlidən  soruşmaq lazımdır ki, sənin təbirincə desək, əgər bu Qarabağ münaqişəsi  «hər iki ölkədə demokratiyanın bərqərar olması» nəticəsində həll edilə bilərdisə, bəs  onların «demokratik prezident» elan etdikləri Əbülfəz Elçibəyin və Qərbin hakimiyyətə gətirdiyi Levon Ter-Petrosyanın vaxtında niyə həll edilmədi, əksinə daha da pisləşdi?

AXCP sədrinin absurd iddialarının əksinə olaraq bu gün təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, ondan əvvəl də dəstəkləyib. Qeyd edək ki, ABŞ-ın ölkəmizə tətbiq etdiyi «Azadlığı Müdfafiə Aktı»na  907-ci düzəliş də   Azərbaycana AXCP sədrinin təmsil olunduğu hakimiyyətin dövründə  tətbiq edilib.

Elçin Zaman, «İki sahil»