10 oktyabr 2023 01:15
325

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir

Dövlət başçısı İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində bu məqamı xüsusi  diqqətə çatdırdı ki, gələcək planlarımız üzrə  əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi xüsusi yer tutur. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Oktyabrın 8-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edildi. Səfər zamanı Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək  görüşü keçirildi.

Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu vardır. Bugünkü səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən ilin oktyabrında dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə oldu. Eyni zamanda, bu il aprelində Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər etdi. Bu iki səfər Azərbaycan  Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlarda deyil, bölgələrdə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqama da xüsusi diqqət yetirdi: « Mən Gürcüstana tez-tez gəlirəm və hər dəfə gələndə Gürcüstanın yeni bir guşəsi ilə tanış oluram. Hər dəfə həm Gürcüstanın gözəl təbiətinə bir daha heyran oluram, eyni zamanda, Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm. Cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.»

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimizin  strateji tərəfdaşlığının təməlini qoyan sənəddir.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Prezident İlham Əliyevin və Gürcüstanın  Baş naziri İrakli Qaribaşvilinin mətbuata birgə bəyanatlarında iki dost ölkənin münasibətlərinin dünəninə, bugününə və gələcəyinə bir daha işıq salındı.  Cənab İlham Əliyevin «Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir» fikirlərinin davamı olaraq Baş nazir İrakli Qaribaşvili bildirdi ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub: «Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var.» Baş nazir münasibətlərimizin dünəninə baxış əsasında onu da qeyd etdi ki, bizim çox aydın perspektivlərimiz var. Gələcəyə baxışımız olduqca aydındır. Azərbaycanla tərəfdaşlığımızın və dostluğumuzun uzunömürlü olacağına əminik.

İqtisadi amilin hər bir ölkənin inkişafında əsas olduğunu nəzərə alsaq Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında enerji və nəqliyyat sahəsini xüsusi qeyd etməliyik. Neft-qaz kəmərlərinin reallaşmasında, nəqiyyat dəhlizlərinin çəkilməsində yaranan qarşılıqlı əməkdaşlığa əsaslanan formatların iştirakçıları olan Azərbaycan-Türkiyə-Gürcüstan həmrəyliyi daim  yüksək dəyərləndirilir. Tərəfdaş ölkələrin iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təminatında başlıca amil olan bu layihələrin reallaşması bütünlükdə Avropa ölkələri üçün önəmli hadisə kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında  bildirdi ki, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır: «Təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.»

Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi olaraq vurğulayır ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı: «Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur.»

Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişlənmiş, iştirak etdikləri qlobal infrastruktur layihələrin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərmişdir. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, təməl üzərində formalaşan münasibətlər artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir.  Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir.

İki dost ölkənin münasibətlərinin inkişafında  Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Heydər Əliyev- Eduard Şevardnadze dostluğunun tarixindən bəhs edərək bildirdi ki, sovet dövründə onlar bir-birilə sıx təmasda idilər. O vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar: «Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.»

Bu gün onların davamçıları Azərbaycan-Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər. «Çağırışlar demək olar ki, eynidir, problemlər eynidir» söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki,  Cənubi Qafqazda sülh hələ  tam bərqərar olunmayıb. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Hər iki dövlət  hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və dəstəkləyir. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə  bir-birinin  yanındadır.  Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

Dost Gürcüstan sülh müqaviləsinin imzalanması prosesində vasitəçi olmağa hazır olduğunu bildirir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edən rəsmi Tbilisinin çağırışı budur:  «Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.»

Ötən illərdə Gürcüstanda enerji sahəsində yaranan  mürəkkəb vəziyyətin aradan qaldırılmasına qardaş dəstəyini göstərən Azərbaycanın yardımını dost köməyi adlandıran gürcü xalqı bu diqqəti yüksək dəyərləndirir. Sosial, iqtisadi əməkdaşlığın hər iki ölkəyə qazandırdığı uğurlardan qarşılıqlı bəhrələnən Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi olan enerji və nəqliyyat layihələri tərəfdaşlığın daha mühüm istiqamət üzrə inkişafını şərtləndirdi. Əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Dövlət başçısı İlham Əliyev onu da vurğuladı ki, energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da  Gürcüstan və Azərbaycan,  iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Belə bir əminlik ifadə edildi ki,  ondan sonra  konkret işlərə start verilə bilər. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.

Onu da qeyd edək ki, ötən ilin dekabr ayında  Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanmışdır. Dövlət başçısı İlham Əliyev həmin mərasimdəki çıxışında qeyd etmişdir ki, bu gün  Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpa olunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə  2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etmək planlaşdırılır.  Onların 80 faizi ixrac olunacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi sayəsində Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşması qarşılıqlı əməkdaşlıq təcrübəsinin nümunəsi kimi önə çəkilir. Bu layihələr regionda sabitliyin, təhlükəsizliyin təmin olunmasına xidmət edir.

XXI əsrin tarixi hadisəsi adlandırılan, əhəmiyyəti, coğrafi mahiyyəti, dünya enerji bazarına verdiyi dəyəri ilə seçilən Cənub Qaz Dəhlizinin, onun seqmenti olan TANAP-ın uğurlu icrasının təkcə bölgənin deyil, dünyanın ən böyük infrastruktur layihəsi kimi adlandırılması qarşılıqlı əməkdaşlığın tərəfdaşlara qazandırdığı nailiyyətdir.

“Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Bu layihədə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın birgə iştirakı ilə yaradılan geniş beynəlxalq əməkdaşlıq formatına Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulmaq istəyi ixrac imkanlarını genişləndirməklə Azərbaycanın bölgədə nüfuzunu daha da artıracaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, qonşular və Xəzər sahili ölkələrlə möhkəmlənən əməkdaşlıq daha sərfəli yolla yük daşımaların həcmini artırmaqla bir çox dövlətlərə əlavə mənfəət qazandıracaq. İqtisadi böhranın davam etdiyi bir zamanda isə bu gəlirlər ölkələrin iqtisadi inkişafını daha da sürətləndirəcək.

Qarşılıqlı səfərlərdə çoxmillətli və çoxkonfessiyalı  ölkələr olan Azərbaycan və gürcü xalqları arasında əlaqələrin möhkəmlənməsini multikulturalizmin nümunəsi adlandıran hər iki ölkənin liderləri   bu istiqamətdə münasibətlərin daha da möhkəmlənməsini bütün sahələrin inkişafına təsir edən amil kimi dəyərləndirirlər. Statistik rəqəmlərə nəzər salaq. Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar.

Təbii ki, əlaqələrimiz bununla məhdudlaşmır. Hər iki ölkə humanitar sahədə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi vurğulanır.  Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdir: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”. Gürcüstanda, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq Teatrı fəaliyyət göstərir. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.

Ümumiləşdirlimiş şəkildə qeyd etsək, möhkəm təməl Azərbaycan-Gürcüstan münasibətlərinin bütün sahəldə yüksələn xətlə inkişafına stimul verir. Hər bir səfər münasibətlərdə yeni səhifənin əsasıdır.

Yeganə Əliyeva, «İki sahil»