10 oktyabr 2023 02:16
278

Misilsiz dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub - Azərbaycan-Gürcüstan

Bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan, milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan bütün qonşu dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb. Belə ölkələrdən biri də hazırda regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən oaln Gürcüstandır. İki ölkəni mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli təkan verib. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməli qoyuldu. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır. Gürcüstanın Azərbaycanda səfirliyi 1995-ci ildə açılıb. 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində Baş Konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu açılıb.

Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Ölkələrimizi hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bunlarla paralel olaraq GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı olub, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri işə salınıb. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixracı kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.

Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs verib.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Oktyabrın 8-də Gürcüstana səfər edən Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib: “Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. ... strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik”.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iki ölkənin bu qədər yaxın olmasında Prezident İlham Əliyevin töhfəsini yüksək qiymətləndirib. O, ikitərəfli münasibətlərimizi belə xarakterizə edib: “Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var”. Baş nazir həmçinin bildirib ki, Azərbaycan Gürcüstanla birlikdə çox böyük işlərə başlayıb: “Biz də dəmir yolu xətlərimizi müasirləşdiririk və gələn ilin sonuna qədər bunu başa çatdıracağıq. Bununla da yüklərin həcmini iki dəfə artıra biləcəyik. Tezliklə biz Anakliya dəniz limanının inşasına başlayacağıq. Onun da yükaşırma qabiliyyəti 100 milyon tona bərabər olacaq. Eyni zamanda, biz Şərq-Qərb avtomagistralının inşasını da başa çatdıracağıq”. 

Hazırda Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Cari ildə iki ölkə arasında ticarət dövriyyəsi 15 faiz artıb. 

Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yükəlməsi, ikitərəfli layihələrin həyata keçirilməsi təkcə ölkələrimiz və region üçün deyil, ümumilikdə Avropa üçün çox mühüm əhəmiyyət daşıyır. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. İki ölkə arasında Orta Dəhliz layihəsinin inkişafı və perspektivləri istiqamətində mühüm müzakirələr aparılır. Ölkəmizin başçısının bildirdiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması, əlbəttə ki, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.

 İki ölkə arasında mədəni, humanitar əlaqələr də gündən-günə genişlənir. Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə vardır. Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi yüksək səviyyədə qeyd edilir. Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “The Architect of Prosperity” - “Firavanlığın memarı” adlı fotosərgi təşkil edilib.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”