10 oktyabr 2023 02:37
418

Harada Makron varsa…

Bu il sentyabrın 19-da ermənilərin növbəti terror aktlarına cavab olaraq Azərbaycan Ordusu beynəlxalq normalar çərçivəsində lokal xa­rakterli antiterror tədbirləri həyata keçirərək o vaxtadək Qarabağ iqtisadi rayonunun ərazisində qalan Ermənistan ordusunun qalıqlarını və  separatçıları bir sutka ərzində  ağ bayraq qaldırmağa vadar etdi. Amma belə bir sonluq, daha doğrusu, 30 ildən çox davam edən münaqişənin  bitməsi təcavüzkar ölkənin birinci havadarı sayılan Fransanı, xüsusilə Prezident Makronu əməlli-başlı qıcıqlandırdı. Elə bu səbəbdən  Fransa “kiçik bacı”sı ilə hərbi əməkdaşlığı daha da genişləndirməyə, Azərbaycana qarşı daha sərt mövqe sərgiləməyə, Cənubi Qafqazdakı məsələlərə müdaxiləyə yeni təkan verib. Halbuki Prezident İlham Əliyev Ermənistanın havadarlarına, o cümlədən Fransaya dəfələrlə xəbərdarlıq edib ki,  bölgədə sabitlik və sülhün qorunmasını istəyirlərsə, yaxşı olar ki, proseslərə müdaxilə etməsinlər: “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”. Amma Makron bu adi həqiqəti dərk etmək istəmir ki, istəmir.

Bu günlərdə Fransa ksenofob və şovinist yanaşma əsasında “sənəd” hazırlayaraq Avropa Parlamentinə təqdim edib. Təəssüf ki, Avropa Parlamenti anti-Azərbaycan xarakterli bu “sənəd”i dəstəkləyib. Şübhəsiz, məsləhət xarakterli və heç bir hüququ qüvvəyə malik olmayan həmin qətnamənin ölkəmizə heç bir təsiri olmayacaq. Elə buna görə  həm siyasətçilər, həm də iqtisadçılar bu qətnaməni sadəcə kağız parçasından başqa bir şey olmadığını əminliklə bildirirlər. Bu mənada demək olar ki, Fransanın fitvası ilə Azərbaycan əleyhinə hazırlanan və qəbul edilən qərəzli qətnamə yalnız Ermənistanı sakitləşdirmək üçün atılan addımdan başqa bir şey deyil.

Bütün bunlar azmış kimi, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən “Avropa siyasi birliyi”nin sammitində  (“Avropa siyasi bir­liyi”nin yaradılması təşəbbüsü Emmanuel Makrona məxsusdur) qəbul edilən yekun bəyanatda Makronunun “təkliflər”i də əksini tapıb. O, Qranadada keçirilən mətbuat konfransında da Azərbaycan əleyhinə məsuliyyətsiz fikirlər səsləndirib. Şübhəsiz, Azərbaycana qarşı yalan və heç bir fakta söykənməyən ittihamlar irəli sürməklə Fransa Prezidenti özünü humanist kimi göstərməyə çalışır. Halbuki bu ölkənin əsl siması Əlcəzairdə, Nigerdə və Afrikanın digər ölkələrində üzə çıxıb. Bu mənada Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirdiyi kimi, Fransanın bu kimi addımları, həmçinin Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.

Bir sözlə, Fransanın regiondakı siyasəti sülhə təhdiddir, dağıdıcı xarakter daşıyır. Digər tərəfdən, Cənubi Qafqazda “yuva” qurmağa, həm də Ermənistan üzərindən yeni hərbi toqquşmalar yaratmağa çalışan, regionumuzu “qan çanağına” çevirməyə hazırlaşan Fransa anlamır ki, bu gün bölgədə yeni reallıqlar yaradan Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Rəsmi Bakı erməniəsilli sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və ölkəmiz hər zaman olduğu kimi, Ermənistanla qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə hörmət əsasında bölgəmizdə sülh quruculuğunda ən maraqlı tərəfdir. Amma göründüyü kimi, Fransa son illərdə Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin tə­min edilməsi yolunda başlıca maneəyə çevrilib. Şübhəsiz, bütün bunları Makron da yaxşı bilir. Amma nə yazıq ki, Fransanın Ermənistan sevgisi onun başını elə xarab edib ki, təcavüzkarın bir sözünü iki edə bilmir. Hətta iş o yerə çatıb ki, ermənilər qarşısında öhdəliklər götürən  Makron heç fransız xalqını da vecinə almır. Bunu Fransanın BFM TV telekanalının sifarişi ilə sosioloqlar arasında yer alan ELABE ictimai rəy institutu tərəfindən keçirilən sorğunun nəticələri də sübut edir. Belə ki, sorğu zamanı respondentlərin əksəriyyəti bildiriblər ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən hadisələrə rəsmi Paris qarışmamalıdır. Cəmi 6 faizlik kiçik qrup Qarabağa hərbi müdaxilə barədə absurd ideyanı dəstəkləyib. Çox güman ki, bu fikirdə olanlar erməni icmasının nümayəndələri və ya erməniəsilli Fransa vətəndaşlarına yaxın insanlardır. Amma fakt budur ki, fransız xalqı Makronun Cənubi Qafqaz siyasətindən narazıdır. Şübhəsiz, bu, hər şeydən əvvəl Makron hakimiyyətinin uğursuz idarəetmə sisteminin nəticəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”