06 oktyabr 2023 00:10
289

Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır

Dövlət başçısı İlham Əliyev bildirir ki, milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə Azərbaycan xalqı tərəfindən qeyd olunur

İqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda onlarda  yalnız elmi əsaslarla təsbit edilmiş iqtisadi modelin həyata keçirildiyini,  adətən əhalinin bundan əziyyət çəkdiyini görürük. Çünki prinsip etibarilə əgər tarixə nəzər salsaq görərik ki,  köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Ancaq Azərbaycanda  elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin.

Maaşların, pensiyaların, təqaüdlərin artırılması,  sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki,  iqtisadi islahatlar uğurla həyata keçirilsin. Ötən illərə nəzər saldıqda  sosial proqramların ildən-ilə  daha da genişləndiyi diqqətdən kənarda qalmır.  Son illərin sosial-iqtisadi göstəricilərinə nəzər salaq.  Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkəmizdə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub. Həmin dövrdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqında 65,3 faiz,  əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım baş verib. 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib.

Dövlət başçısı İlham Əliyev bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi  74-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycanın iqtisadi inkişaf modelinin yol açdığı uğurları bu rəqəmlər əsasında diqqətə çatdırdı. Son 20 il ərzində ümumi daxili məhsul dörd dəfə,  büdcə gəlirlərimiz 30 dəfədən,  xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borcun həcmi azaldılıb  və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Ölkə Prezidenti bildirmişdir: «Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.»

Cənab İlham Əliyevin çağırışları sırasında bu məqam xüsusi qeyd edilir ki, vətəndaş məmnunluğunun artırılması prioritetdir. Məhz Azərbaycanın dünyada sosial dövlət kimi nüfuz qazanmasında, yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında   sosial-iqtisadi islahatların  dövrün, zamanın tələblərinə uyğun təkmilləşdirilməsi əsas yer tutur.

Dövlət başçısı  Konqresdə, həmçinin bu məqama diqqəti yönəltdi ki, müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri  yoxsulluq məsələsinin həlli idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub. Milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə, Azərbaycan xalqı tərəfindən qeyd olunur. Bir sözlə, bütün bunlar əslində göstərir ki, ölkə çox dayanıqlı vəziyyətdədir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki aydındır ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.

Reallıq budur ki, cənab  İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən  «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürdü. Eyni zamanda, bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə qarşıya əsas vəzifə kimi qoyuldu. Bu məqsədlə təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası hazırda bölgələrin hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır.

Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 20 ilə yaxın dövrdə  ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bölgələrə davamlı səfərləri Dövlət Proqramından irəli gələn vəzifələrin  icrasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev görülən işlərlə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq regionlara səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, onları narahat edən məsələləri özlərinin dilindən eşitməyi daha məqsədəuyğun hesab edir. Regionların inkişafı, eyni zamanda, qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirilir. Yaradılan şərait bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan  sahibkarlığın inkişafına geniş imkanlar yaradır.  Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional inkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı proqramının bir hissəsi idi. Cənab İlham Əliyev həmin vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional inkişaf proqramları qəbul olunmuş, icra edilmiş və dördüncü sənədin icrası bu il başa çatdırılacaq.

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını  yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki,  1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.

Son 20 ilə yaxın dövr neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı prioritet istiqamət hesab edilir. Davamlı inkişafın əsası olan Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdi. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi  prioritet məsələ kimi öndədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizə qayıdan insanların da özünəməşğulluğuna dəstək işləri aparılır.

Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir.  2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə cari ilin uğurlu nəticələrdə başa vuracağımıza əsas yaratmışdır. Belə ki, cənab İlham Əliyev diqqətə bu statistik rəqəmləri çatdırdı ki, makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Uğurlarımız  düşünülmüş siyasətin təzahürüdür.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı indiki  zamanda paytaxt Bakıda və   digər bölgələrimizdə sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində addımların atılması Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Bərpa işlərinə diqqət yetirdikdə görürük ki,  əhalinin  yaşayış şəraitinin daha da  yaxşılaşdılması diqqət göstərilən əsas məsələlər sırasındadır. Sosial xidmət sahəsində aparılan təkmilləşmə bunun bariz nümunəsidir. «ASAN xidmət», DOST mərkəzlərinin bu ərazilərdə də yaradılması qarşıya qoyulan hədəflərdəndir.

Ölkə Prezidenti İlham Əliyev bölgələrdə görülən işlərin təhlili fonunda bu  çağırışı xüsusi qeyd edir ki,   bölgələrə səfərlərim həm də nəzarət üçün bir vasitədir. Yəni, dövlət başçısının verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə  bəyan edilən  bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir.  Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Qeyd etdiyimiz kimi, bölgələrdə yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan brendi kimi dünyaya səs salan  “ASAN xidmət” mərkəzlərinin coğrafiyası genişlənir. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir.  Bütün çıxışlarında müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd edir ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir.  Dövlət başçısının bölgələrə səfərlərinin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir  ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq.

İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılır. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac yarandı. Dövlət başçısı İlham Əliyevin  Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də əsas hədəflər sırasında sosial müdafiənin gücləndirilməsi xüsusi yer tutur. Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan,  innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır.   Cənab İlham Əliyevin  22 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə  sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi  haqqında” Sərəncamı da özündə hədəflərə çatmaq üçün icra mexanizmlərini və nəzarəti ehtiva edir. Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının  yüksək səviyyədə qorunması və təmin edilməsi üçün möhkəm baza mövcuddur.

Yeganə Əliyeva, «İki sahil»