05 oktyabr 2023 23:57
350

Qələbəyə gedən yolda ilk zəfər addımları

Cəbrayıl şəhərinin inzibati mərkəzi 44 günlük müharibənin gedişində azad olunan ilk şəhərimiz doğma dədə-baba torpağımıza qayıdacağımızdan, tarixi qələbəmizdən xəbər verirdi. Bu gün biz Cəbrayıl Şəhəri Gününü qeyd edirik! Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “4 oktyabr – Cəbrayıl şəhəri günü” elan edilmişdir.

Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən yenilməz Ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Cəbrayıl azaddır. Cəbrayıl şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq! Cəbrayılın işğalı  müasir tariximizin ağrılı səhifələrindən biridir. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri Cəbrayılı, o cümlədən Cəbrayıl şəhərini ələ keçirib. Rayon bir şəhər, dörd qəsəbə və 92 kənddən ibarət olduğu üçün bu işğal böyük iztirab və dağıntılarla nəticələndi. Bu işğalın nəticələri çox ağır və dağıdıcı oldu. Rayona təkcə fiziki infrastrukturu deyil, həm də mədəni və tarixi irsi əhatə edən 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. İşğal nəticəsində 72 orta məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd vəhşicəsinə dağıdılıb. Təəssüf ki, Birinci Qarabağ müharibəsi zamanı cəbrayıllılardan 362 nəfər həlak olub, 191 nəfər isə ömürlük əlil olub. Bu acınacaqlı şəraitə baxmayaraq, rayonun altı sakininin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi onların sarsılmaz şücaət və mətanətinin göstəricisidir.

Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının reallaşması, burada istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanları mühüm əhəmiyyət kəsb edir. Füzuli və Zəngilan hava limanlarının uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə uyğun müvafiq avadanlıqlarla təchiz olunub və bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.Hal-hazırda Laçında da nadir hava limanı inşa olunmaqdadır. Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təbii ki, həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq.

Nəticədə azad olunmuş ərazilərimiz iri nəqliyyat qovşağına çevriləcək. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa prosesi böyük qayıdışın təmin olunmasına hesablanıb. Soydaşlarımız bərpa işlərindən sonra azad edilən ərazilərə qayıdaraq, öz dədə-baba yurdlarında təhlükəsiz şəraitdə yaşayacaqlar. Dövlət başçısı İlham Əliyevin də söylədiyi kimi, bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Azərbaycan dövləti onların qayıdışı üçün bütün tədbirləri görür.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı