05 oktyabr 2023 10:22
247

Azərbaycan ikinci dəfə mötəbər tədbirə ev sahibliyi etdi

Ölkəmiz növbəti dəfə böyük bir tədbirə ev sahibliyi etdi. "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunu daha da əlamətdar edən hadisə sözügedən tədbirin işğaldan azad edilmiş Zəngilan rayonunda keçirilməsidir. Şərqi Zəngəzurda keçirilən ilk Milli Şəhərsalma Forumu ölkəmizdən və xarici ölkələrdən 200-dən artıq qonağın iştirakı ilə keçirilib.

Forum iştirakçılarına 30 ildən artıq müddətdə həyatın dayandığı Şərqi Zəngəzurda və Qarabağda 3 il kimi qısa müddətdə görülən işlərin əyani nümayiş etdirilməsinə imkan yaranıb. Otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalda saxladığı Qarabağa və Şərqi Zəngəzura bu gün həyat qayıdır.

Şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar bu inkişaf proqramının əhəmiyyətini daha da artırır. Ona görə də işğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində həyata keçirilən fəaliyyət, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritetliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) ilə əməkdaşlığa başlayıb.

Bu əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib.

Cari ilin sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.Beynəlxalq tədbirin açılış mərasimində çıxış edən Möhtərəm Prezident cənab İlham Əliyev azad edilmiş ərazilərimizə dair vacib məlumatları qeyd edərək, hazırda Böyük Qayıdış proqramının ölkəmizin qarşısında duran ən vacib məsələ olduğunu diqqətə çatdırıb.

Azərbaycan multikultural dəyərlərə malik bir ölkədir. Azərbaycan Milli Şəhərsalma Forumunun əsas modellərindən biri də məhz ölkəmizdə şəhərsalma mədəniyyətinin, bu sahədə baş verən proseslərin təbliği ilə bağlıdır. Dünyanın müxtəlif ölkələrindən gələn nüfuzlu şəxslər - siyasətçilər, iqtisadçılar, alimlər bu Forumda iştirak edərək birmənalı şəkildə Azərbaycanda gedən proseslərin şahidi olurlar. Digər bir məqam isə ondan ibarətdir ki, Azərbaycanda son illərdə həyata keçirilən iqtisadi layihələr təkcə regional deyil, birbaşa beynəlxalq əhəmiyyət daşıyır. Bu da təbii ki, ölkəmizin beynəlxalq müstəvidə böyük nüfuza malik olduğunu təsdiqləyir. Bu Forumu digərlərindən fərqləndirən müəyyən məqamlar var. Bu məqamlardan biri də Forumun açılış mərasimində məhz Azərbaycan Prezidenti İlham Əliyevin, eyni zamanda, tədbir iştirakçılarının Zəngilandan dünyaya verdikləri mesajların birmənalı şəkildə ölkəmizin siyasi gücünü bir daha nümayiş etdirməsidir.

Artıq Ermənistanın işğalından azad edilmiş ərazilərimizə həyat geri qayıdır. Vətən müharibəsindən sonra Azərbaycan keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün urbisidə məruz qalmış 10 min kvadratkilometrdən çox ərazini yenidən qurur, şəhərlər və kəndlər inşa edir.

Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmiş torpaqların azad edildiyi günü gözləyirdilər ki, onlar öz doğma yurdlarına qayıtsınlar. Artıq şükürlər olsun ki, bu arzular reallaşır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Hətda heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. 

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”na əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Üç şəhərin Baş planı təsdiqlənib. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı olub. Ərazidə sosial infrastruktur yenidən qurulur, iki hava limanı, avtomobil yolları, dəmir yolu, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və sair tikilib istifadəyə verilib, hazırda bu iş davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin 97 min hektardan çoxu mina və partlamamış hərbi sursatlardan təmizlənib. Ötən ilin iyul ayından etibarən ilkin olaraq 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb.

Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunu digərlərindən fərqləndirən müəyyən məqamlar var. Bu məqamlardan biri də Forumun açılış mərasimində məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin, eyni zamanda, tədbir iştirakçılarının Zəngilandan dünyaya verdikləri mesajların birmənalı şəkildə ölkəmizin siyasi gücünü bir daha nümayiş etdirməsidir.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri