04 oktyabr 2023 23:46
234

Bütün körpüləri yandıranlar

Oxu daşa dəyən, ümidləri suya düşən Fransa nə yorulur, nə də utanır

Fransa  Prezidenti Emmanuel Makron başda olmaqla  ölkə parlamentinin əksər deputatları, siyasi dairələri, şəhərlərin rəhbərləri açıq-aşkar dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdür, Ermənistanın siyasi hakimiyyətini "yazıq" və "hüquqları pozulan" kimi dünyaya təqdim edir və bunu "demokratiya", "humanizm" pərdəsi ilə ört-basdır etməyə çalışırlar. Fransa dövləti artıq uzun illərdir Azərbaycana qarşı aqressiv  mövqe sərgiləyir və qeyri-adekvat hal alan bu kimi davranışlar son zamanlar  özünü daha qabarıq şəkildə büruzə verir. 

Rəsmi Paris təcavüzkar ölkəyə ikiillik mandatla 100 nəfərdən ibarət  Avropa İttifaqının yeni missiyasının göndərilməsinə müvəffəq oldu. Ermənistandakı səfirliyi yanında əlavə hərbi attaşe təyin etdi. O, həmçinin "humanitar böhran" şousu yaradıb  Azərbaycana təzyiq göstərmək üçün bəzi dövlətlərin gücündən yararlanmağa, BMT-nin Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə sənəd qəbul  edilməsinə nail olmağa  çalışdı. Azərbaycana qarşı bir-birinin dalınca “bəyanatlar” səsləndirdi və s.

Bu günlərdə Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfər edib. O, bununla bağlı "X" hesabında paylaşım edib: "Birinci səfərimdən 5 ay sonra yenidən Ermənistandayam. Dostluq, dəstək və həmrəylik!" Xanım nazir  səfər çərçivəsində könüllü olaraq Qarabağdan Ermənistana gəlmiş şəxslərlə, həmçinin Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb. Bununla da Fransanın Ermənistanın yanında olmaq öhdəliyini, daha doğrusu, təcavüzkar ölkəyə “sadiqliyini”  bir daha nümayiş etdirib.

Göründüyü kimi, postmüharibə dövründə rəsmi Paris Azərbaycanla Ermənistan arasında sülh prosesinə maneçilik törətmək, bir yolla Cənubi Qafqaza daxil olması üçün bütün imkanlarından istifadə edir. Son günlər siyasi proseslərdə Zəngəzur dəhlizi ilə bağlı ritorikanın artması isə Parisi növbəti qeyri-konstruktiv addımlara sövq edib. Belə ki, bu ölkə Zəngəzurda konsulluq açmaq istəyini dilə gətirib. Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib. O deyib ki, Fransa İrəvanda hərbi attaşe təyin edəcək və Sünikdə (Zəngəzurda) konsulluq açacaq.

Bu arada Fransanın müdafiə naziri Sebastyan Lekornu "Franceinfo" radiosuna diqqətçəkən müsahibə verib. O bildirib ki, Prezident Emmanuel Makron Cənubi Qafqazda baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. Lekornunun sözlərinə görə, ölkəsinin əsas məqsədi Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır. Nazir onu da vurğulayıb ki, Fransa İrəvanda müdafiə missiyası yaradıb. Bu isə onlara Ermənistanın hakimiyyət orqanları ilə əlaqə yaradaraq müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənmək üçün imkan verir. Fransanın Ermənistana hərbi dəstək məsələsində yalnız indiki yox, əvvəlki Prezident Fransua Oland da aktivləşib. O bildirib ki, Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı. 

Prezident Emmanuel Makron sentyabrın 24-də Fransanın “TF1” və “France 2” televiziya kanallarına müsahibəsində Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə ittiham edib və Qarabağda humanitar problemlərin olmasını iddia edib.  Fransa hökuməti son 30 ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləmə yolu ilə bir milyona yaxın azərbaycanlını evindən qovmasına, Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsini viran qoymasına heç vaxt münasibət bildirməyib. Fransa Ermənistanda bir nəfər də olsun azərbaycanlının qalmamasına göz yumur. Əksinə, Fransa bütün vasitələrlə Ermənistanı müdafiə edərək, onun bu əməllərinə şərik olub. Belə olan təqdirdə, iki ölkə arasında davamlı sülh üçün ümidlər yarandığı bir məqamda Fransa Prezidentinin destruktiv, təhrikçi və yanlış bəyanatı bu dövlətin regionda sülhdə maraqlı olmadığını göstərir.

Ümumiyyətlə, Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulan Fransa özünün yeni vassalına bir töhfə də verib. Belə ki, ölkəmizin Qarabağ bölgəsinin erməni işğalından  tamamilə azad olunmasından, qondarma qurumun özünü buraxması qərarından mütəəssir olan Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupu fəaliyyətini dayandırıb. Üstəlik, Fransa senatorları və deputatları Fransa hökumətinə Azərbaycan rəhbərlərinin və onların yaxınlarının əmlakına qarşı sanksiyalar tətbiq edilməsi, onların aktivlərinin dondurulması barədə tələb irəli sürüblər. Bununla da rəsmi Paris bir daha  Ermənistanı tam dəstəklədiyini sübut edib. Bu həm də Fransa parlamentində Azərbaycana qarşı düşmənçilik mühitinin hökm sürməsindən xəbər verir. Bu səbəbdən də, Azərbaycan parlamenti tərəfindən də analoji addımın atılması zəruri idi və həmin addım atıldı.

Bu, inkarolunmaz bir reallıqdır ki, sentyabrın 20-dən sonrakı mərhələdə regionda siyasi və hərbi reallıqlar tamam dəyişib. Artıq Azərbaycan bütün ərazilərində özünün suverenliyini tam bərpa edib. Başqa sözlə, Fransanın 30 il ərzində “siyasi-hərbi dəyənək” kimi əlində saxladığı xunta rejimi diz çökdürülüb, özünü buraxıb. Ermənistan isə istər siyasi, istər sosial, istərsə də hərbi müstəvidə dalana dirənib. Rəsmi İrəvan ya yenidən Fransa və ya digərlərinin sözünə uyub özünü daha dərin uçurumlara yuvarlamalıdır, ya da Azərbaycanın xoşməramlı, əməkdaşlığa əsaslanan sülh niyyətinə müsbət cavab verməlidir. Paşinyan hakimiyyətinin bu kimi çətin “yolayrıcı”nda qalması isə  hamıdan əvvəl Fransanı qıcıqlandırır. 

Azərbaycanın uğurları, Ermənistanda sülhün bir addımlığında olması dünyada, o cümlədən Afrikada nüfuzunu itirən Fransanın Cənubi Qafqazda həyata keçirmək istədiyi müstəmləkəçilik, eləcə də  bölgədə möhkəmlənmək siyasətinə uyğun gəlmir. Ona görə də münaqişələr, hərbi çevrilişlər sahəsində ustalaşan, Ermənistanın xarici siyasətində dəyişikliklər etməyə imkan verəcək rıçaqlara yiyələnmək istəyən Fransa bölgədə yeni reallıqlar yaratmış, "boz zona"lar probleminə birdəfəlik son qoymuş rəsmi Bakıya qarşı belə avantürist mövqe sərgiləyir. Bununla da Fransa bir daha  Rəsmi Bakının Zəfərini qəbul etmək iqtidarında olmamasını büruzə verir.  Halbuki özlərini klassik demokratiyanın müdafiəçisi kimi qələmə verən Fransa tipli dövlətlər daha çox  Azərbaycanın öz torpaqlarını azad etməsini beynəlxalq normalar kimi qiymətləndirməlidirlər. Ancaq onlar tam əksinə separatizmə, silahlı qarşıdurmaya dəstək verirlər. Bu, siyasi fitnəkarlıq və  beynəlxalq normalara hörmətsizlikdir.

Fransa təəssüf ki, sülhdən yana bir çox təşkilata üzv olsa da, heç zaman əməllərində sülhün dəstəkçisi kimi görünməyib. Parisin məqsədi heç də erməniləri Azərbaycanın hücumun­dan qorumaq deyil. Niyyət nəyin baha­sına olursa-olsun. Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Ermənistan imperialist qüvvələrin məkrli siyasətinin icrası üçün bir vasitədir. Bəli, Fransa XXI əsrdə də müstəm­ləkəçilik siyasətindən əl çəkmək istəmir.  Başqa sözlə, Paris bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır, bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir. Bunun üçün də Fransa bölgəni, daha doğrusu Ermənistanı militaristləşdirməyə çalışır. Yaxşı olar ki, Fransa hökumətini öz bəd əməllərindən əl çəksin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşsın, Azərbaycan hökumətinin reinteqrasiya tədbirlərinə maneə olmasın və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək versin.  

Ermənistana gəlincə isə məlumdur ki, bu ölkə suverenlik qazandığı gündən bəri heç zaman müstəqil siyasət yürütməyib, həmişə müxtəlif dövlətlərin maşası olub, xarici himayəçilər üçün "forpost" olmağa üstünlük verib. Odur ki, indi də Fransanın çirkin planlarına alət olmaqdan çəkinmir. Amma Paşinyan hökuməti uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Əks halda, yeni müharibə onun hakimiyyəti üçün sonun başlanğıcı ola bilər. Bu halda, İrəvanın vətəndaş müharibəsi meydanına çevriləcəyi istisna olunmur. Hazırkı gedişat isə onu göstərir ki, Ermənistan Livanın taleyini yaşamağın bir addımlığındadır.

Yaqut Ağaşahqızı, “İki sahil”