05 oktyabr 2023 00:47
243

İşğalçı ölkə reinteqrasiya prosesinə mane olur

Ermənistanın bır sıra provayderləri bu məqsədlə açdığımız saytı bloklayıb

Qarabağda sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan qarşıya qoyulan hədəflərə nail oldu. Bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Yekunda ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Bundan sonra Qarabağ iqtisadi rayonunda Azərbaycan Konstitusiyasının və digər qanunlarının işləməsi, siyasi hakimiyyətin bərqərar olması təmin olunacaq. Eyni zamanda, qarşıda dayanan əsas məsələlərdən biri  Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına nail olunmasıdır. Bu istiqamətdə atılan hər bir addım mütləq nəticəyə hesablanır. Rəsmi Bakının məqsədi 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Ölkəmizi olmazın məsələlərdə ittiham edən yaxın-uzaq xaricdəki bəzi dairələrin söylədiklərinin əksinə olaraq, hər bir Azərbaycan vətəndaşı kimi, Qarabağda yaşayan ermənilərin də həyatı dövlətimiz üçün çox qiymətlidir. Məhz buna görə də Qarabağda ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan mülki erməni sakinlərə müraciətdə tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi bütün inzibati binalardan uzaq durmaq çağırışı edilmişdi.

Bəli, bu, həqiqətən də belədir. İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Bərdəni, Tərtəri uzaqmənzilli raketlərlə atəşə tutan Ermənistanın hərbi-siyasi rəhbərliyindən fərqli olaraq, Azərbaycan müharibəni və lokal antiterror tədbirlərini ləyaqətlə apardı. Beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinə əməl olundu. Nəticədə Qarabağda mülki şəxslər arasında ölüm-itim halları minimum oldu. Azərbaycan bu məsələdə də bütün dünyaya nümunə göstərdi.

İndiki mərhələdə ölkəmiz Qarabağın erməni sakinləri ilə təmas qurmağa hazır olduğunu bildirib. Bu baxımdan Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası uğurla davam edir. Bununla bağlı artıq Yevlaxda və Xocalıda bir neçə təmas olub. Məsələ ilə bağlı məsul şəxs Ramin Məmmədov görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarını təqdim edib və onun ətrafında müzakirələr aparılıb. Bu Planlarla bağlı Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərə qayıdan və burada yaşayan sakinlərin sosial ehtiyaclarının qarşılanması məqsədilə bir sıra təşviq mexanizmləri işə salınıb. Məsələn, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımız 600 manatlıq birdəfəlik müavinətin alınması üçün müraciət edə bilirlər. Müavinət proaktiv qaydada təyin edilir. Bundan ötrü şəxsiyyət vəsiqəsi ilə müraciət ünvanlamaq kifayətdir.

Bu dəstək mexanizmi Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan sosial məzmunlu tədbirlərdən biridir. Əmək Məcəlləsinə edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb. Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında çalışan işçilər ala biləcəklər.

Göründüyü kimi, reinteqrasiya prosesində etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir. Bütün bunların qarşılığında Ermənistan reinteqrasiya prosesinə mane olmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır, müxtəlif təxribatlara əl atır. Bunun bariz nümunəsi kimi bu günlərdə ermənilər tərəfindən reinteqrasiya ilə bağlı açdığımız saytın bloklanmasını göstərmək olar. Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalı istifadəyə verilib. Portaldan Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə yanaşı, Ermənistan ərazisinə gedən erməni sakinlərin də istifadəsinə şərait yaradılıb. Amma Ermənistanın bir sıra provayderləri bu prosesə maneə yaradırlar. Onlar Azərbaycanın dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün  öz tərəfində blokda saxlayırlar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan müşahidələr nəticəsində bəlli olub ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistanın provayderləri tərəfindən bağlanıb. Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunub.

Bununla belə, son günlər Azərbaycanın dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir.

Beləliklə, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə  reinteqrasiyası artıq qaçılmaz prosesə çevrilib. Şübhəsiz ki, bu qarşısıalınmaz proses yaxın dövrün ən aktual, bəlkə də ən çox müzakirə olunacaq mövzularından biridir. Prosesin mürəkkəb və davamlı olduğunu hamı dərk edir. Onun müxtəlif inkişaf mərhələlərində nəzərdə tutulmayan və proqnozlaşdırılması çətin olan amillər meydana çıxa bilər. Ancaq bütün ehtimallara rəğmən reinteqrasiya prosesində ən vacib və ən prinsipial məsələ siyasi iradənin mövcudluğudur. Dövlət başçımız həmin siyasi iradəni sentyabrın 20-də xalqa müraciətində həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə növbəti dəfə aşkar şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır” sözləri Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı Azərbaycan dövlətinin prinsipial mövqeyinin təsbitidir.

Nigar Orucova, “İki sahil”