05 oktyabr 2023 03:22
301

Biz səbirliyik, ancaq qətiyyətliyik

Dövlət başçısı İlham Əliyevin bu çağırışı  Azərbaycan İspaniyanın Qranada şəhərində  planlaşdırılan beştərəfli görüşdən imtinasında özünün aydın ifadəsini tapır

«Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.» Dövlət başçısı İlham Əliyev Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda onu da diqqətə çatdırdı ki, antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil: «Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı.»

Cənab İlham Əliyev bu fikirləri  Ermənistana dəstək missiyasını yerinə yetirən bəzi dünya güclərinin ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan addımlarını öz maraqlarına uyğun şəkildə dəyərləndirmələrinə tutarlı cavabdır. 

Sentyabrın 20-dən sonra sülh müqaviləsinin imzalanmasına bütün maneələrin aradan qaldırılması üçün imkanlar yaranıb. Əsas olan budur ki, hər iki tərəfdən nümayəndələr masa arxasında əyləşib sülh sazişinin layihəsi üzərində işləməlidir. Azərbaycan 20 sentyabrda  suverenliyini tam  bərpa etdi. Cənab İlham Əliyevin bundan sonra atılacaq addımların xronologiyasını da təqdim edir. Sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışmalı və uzun müddət davam edən  bu qarşıdurmaya son qoyulmalıdır. Azərbaycan Qafqazda sülh və sabitlik istəyir. Təbii ki, bu, mümkündür və seçim Ermənistanındır.

Azərbaycan tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək, Ermənistanla münasibətlərində yeni səhifə açmaq məqsədilə qarşı tərəfə sülh təklifini etdi və bu bəyanatı səsləndirdi ki, təklif masa üzərində uzun müddət qalmayacaq. Həmin vaxtdan üç il keçməsinə baxmayaraq Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi halda işğalçı Ermənistan müxtəlif bəhanələrlə yayınır, yaxud təxribatlar törətməklə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına cəhd edir. Reallıq budur ki, Azərbaycan sülh gündəliyinin müəllifi olaraq bu prosesin qısa zamanda uğurla başa çatmasına səy göstərir. Müxtəlif məkanlarda  və formatda  keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifi yüksək dəyərləndirilir, Ermənistanın baş naziri bu prinsipləri dəstəkləyir.  2019-cu ildə Xankəndidən «Qarabağ Ermənistandır və nöqtə» sərsəm bəyanatını səsləndirən Nikol Paşinyan artıq «Qarabağ Azərbaycandır» deyir. Bugünkü hadisələrə diqqət yetirsək bölgədə vəziyyəti daha da dərinləşdirməyə səy göstərən dövlətin Fransa olduğunu görərik. Onun ikili standartlara əsaslanan siyasətinin daha  qabarıq şəkildə özünü büruzə verməsi 30 illik işğal dövründə vasitəçilik missiyasını hansı səvivəyyədə yerinə yetirməsinə işıq salır. Bu gün Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamaları, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  Azərbaycanı ittiham edən açıqlaması  belə qənaətə gəlməyə əsas verir ki, dünya gücləri regionda sülhün və təhlükəsizliyin təminatında maraqlı deyillər.

Məlum olduğu kimi, oktyabrın 5-də Qranadada «Avropa siyasi birliyi»nin Sammiti keçiriləcək. Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın  baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulmuşdu. Görüşün beşli formatda ( Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) formatında təşkili vurğulansa da Azərbaycan tərəfi bu görüşdə qardaş Türkiyənin iştirakının vacibliyini bildirdi. Türkiyənin iştirakına imkan verilməməsi Azərbaycanfn bu görüşdən imtinasını şərtəndirdi. Fransa və Almaniyanın Türkiyənin iştirakıqa mane olmaq üçün ciddi-cəhdlər göstərdiyi bildirilir. Təbii ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan, birlikləri, həmrəylikləri ilə dünyaya nümunə olan Azərbaycan ilə Türkiyənin danışıqlarda birgə iştirakı həmin formatın iştirakçılarını razı sala bilməz. Ədaləti, beynəlxaq hüququ maraqlarının arxasında saxlayanlardan bu formatda danışıqlar zamanı konkret addım gözləmək sadəlövhlük olar. Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul sayıla bilməz. Azərbaycanın tarixi Zəfərindən bugünədək cərəyan edən  hadisələrin xronologiyasına diqqət yetirsək Azərbaycana qarşı qərəzli mövqenin nümayiş olunduğu  məkanlarda Fransanı görmək mümkündür. Bu danışıqların Praqa formatını yada salaq. Fransa Prezidenti Emmanuel Makron danışıqlara qatılsa da tərəf kimi qəbul edilə bilməzdi. Hər zaman ermənipərəst siyasəti ilə diqqətdə olan Fransa görüşün getdiyi vaxtda Azərbaycanın təklif etdiyi sülh müqaviləsini  dəsləkləsə də görüşdən az sonra Prezident Makron bu ölkədəki  erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın əleyhinə fikirlər səsləndirdi və bir qədər də irəli gedərək ölkəmizi işğalçı kimi təqdim etdi.  Mövqesizliyi ilə diqqətdə olan bir dövlətin iştirak etdiyi görüşə yenidən qatılmağa  ehtiyac varmı?

O da məlumdur ki, bu ilin iyun ayında Kişineuda «Avropa siyasi birliyi»nin ikinci Zirvə görüşü çərçivəsində Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Həmin danışıqlarda da  Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron iştirak etmişdilər. Kişineu danışıqlarında  Azərbaycanın mövqeyi ötən ilin oktyabrında Praqada keçirilən «Avropa siyasi birliyi» Zirvə görüşündəkindən daha güclü oldu.  Çünki Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan, BMT tərəfindən təsdiqlənən 86,6 min kvadrat kilometr çərçivəsində ərazisini tanıdığını rəsmən bəyan etdi. Bu ilin aprel ayının 23-də Laçında sərhəd-keçid məntəqəsi quraşdırmaqla ərazi bütövlüyünü de-fakto bərpa edən Azərbaycanın qətiyyəti Prezident İlham Əliyevin « Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır» fikirlərində  əksini tapıb.

Həmin görüşdə sülh müqaviləsinin imzalanması üçün elə bir ciddi maneənin qalmadığını diqqətə çatdıran dövlət başçımızın söylədiyi kimi,  Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər çərçivəsində sərhədlərin delimitasiyasını aparmalı, qəbul olunmuş bəyanatlarda nəqliyyat infrastrukturunun bərpası barədəki şərtlərə əməl etməli, Zəngəzur dəhlisinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir.

Qarabağ ermənilərinin reinteqrasiyasi ilə bağlı Azərbaycanın şərtlərini dəfələrlə diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, etnik ermənilər Azərbaycan qanunlarına tabe olmalı və ölkə vətəndaşlığını qəbul etməlidirlər. Azərbaycanın son uğurları sırasında  sentyabrın 20-də suverenliyinin tam təmin edilməsini qeyd etməliyik.

Sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması tarixi nailiyyət, 200 illik erməni layihəsinin darmadağın edilməsi kimi dəyərləndirildi.  Bütün bunlar Azərbaycanın real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətinin nəticəsidir. Otuz il Ermənistan və ona dəstək verən dövlətlər qondarma qurumun tərəf kimi danışıqlar prosesinə qatılmasına çalışsalar da Azərbaycan bütün bu cəhdləri güclü siyasi iradəsi, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatı ilə puç etdi. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və bunun BMT qətnamələrində də öz əksini tapdığı bəyan edildi. Belə bir bəyanat səsləndirildi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Son uğurlarımız bu siyasətin məntiqi nəticəsidir. Qondarma qurum tarixin zibilliyinə atıldı.

Hadisələrin gedişi sülh müqaviləsinin imzalanması üçün heç bir maeənin olmadığını təsdiqləyir. Ermənistana yeni müharibə planlarının hazırlanmasının deyil, sülh müqaviləsinin reallığa çevrilməsinin yollarını çatdırmaq gərəkdir. Regionda dayanıqlı sülhün təmin edilməsi yeni əməkdaşlıq formatlarının yaradılmasına böyük stimuldur. Düşünürük ki, artıq son hadisələrdən sonra Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin hansısa formatda görüşünə ehtiyac yoxdur. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dördlük- Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan formatını təklif edib. Bu format sülh müqaviləsinin imzalanmasına doğru atılan addım olacaq.

Yeganə Əliyeva, «İki sahil»