05 oktyabr 2023 02:35
282

Bizim yumruğumuz birliyimizdir

Tariximizin ən şərəfli anları, qələbələri sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır

Mən azərbaycanlıyam!.. Bu söz necə də qürurlu səslənir. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bugünümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı olan xalqı, qəhrəman oğulları var. Onu yağılardan qoruyan güclü ordusu var. Beləliklə, 30 ildən bəri gözlədiyimiz Qələbənin artıq üçüncü ildönümünü qeyd etmək ərəfəsindəyik. Azərbaycan xalqı xeyli vaxtdır ki, ordumuzun sıralanan qələbələrini bayram etməkdədir.

Müstəqilliyi qoruyub saxlamaq, ərazi bütövlüyünü təmin etmək üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altında olur. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz möhkəm maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Burada ən yeni raketlər, güclü silahlar, toplar, döyüş maşınları ilə yanaşı, qorxmaz, mərd, cəsur əsgərlərin olması da vacib faktordur.

Bu günlər Azərbaycan xalqı torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin üçüncü ildönümünü yaşayır. Tariximizin ən şərəfli anları, qələbələri sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Bundan sonra rayonun erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması faktları bir daha dünyaya bəlli oldu. Aydınlaşdı ki, işğal nəticəsində ermənilər Cəbrayıla 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurub. Cəbrayıldan olan insanların hüquqları pozulub və 28 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur qalıblar.

Otuz il öncə, yəni avqustun 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın erməni-rus hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. 2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.

İşğaldan azad olunan Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması da rayonun inkişafı üçün önəmli hadisədir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib, hazırda Cəbrayılda 200 hektarı əhatə edən böyük bir layihə icra olunur, 4-6 zolaqlı yol çəkilir, SOCAR və BP 240 meqavatlıq günəş elektrik stansiyasının inşasını planlaşdırır. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimləri keçirilib. “Cəbrayıl” yarımstansiyanın, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olub. Bütün bunlar isə heç şübhəsiz ki, işğaldan azad olunmuş Cəbrayılın sürətli şəkildə bərpasına hesablanıb.

Vətən müharibəsinin ilk günündə - 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini düşmən işğalından azad etdi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl erməni işğalçılarından təmizləndi. Azad olunmuş ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Bununla Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji əhəmiyyətli Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsi kimi çağdaş tariximizə düşdü.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə rayon yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edilib. Müharibə başlayandan bir həftə sonra Cəbrayılın azad edilməsi işğalçı Ermənistan ordusunun ilk ən ciddi və böyükmiqyaslı zərbə alması ilə nəticələndi. Bununla da düşmən ordusunda çox böyük ruh düşkünlüyü, inamsızlıq yarandı.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində Zəfər çalmasından 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını qaldırıb. Bunun böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.

2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

2020-ci ilin 4 oktyabr tarixi bütün cəbrayıllılar üçün unudulmaz günə çevrilib. Məhz həmin gün 27 illik yurd həsrətinə son qoyulub.  

Cavid Əkbərov, “İki sahil”