05 oktyabr 2023 02:16
312

İnformasiya texnologiyalarının tətbiqi sürətləndirilməlidir! - XXI əsrin tələbi

74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanda kosmik sənayenin tərəqqisinin beynəlxalq səviyyədə  dəstəklənməsidir

Düzgün formalaşdırılan və təkmilləşdirilən sağlam  cəmiyyətlərin ,  dövlətlərin inkişaf konsepsiyalarında informasiya -kommunikasiya texnologiyalarından (İKT)  səmərəli istifadəyə əsas prioritet kimi xüsusi diqqət göstərilir. Qlobal enerji layihələrinin təşəbbüskarı,   Şərq-Qərb, Şimal-Cənub nəqliyyat,  Orta Dəhliz layihələrinin  əsas tərəfdaşı Azərbaycanda təkmil, ən müasir  infrastrukturlardan istifadə   günümüzün başlıca tələbi kimi  diqqət mərkəzindədir. Azsaylı kosmik ailənin üzvü , bölgədə iqtisadi qüdrəti ilə seçilən,   zəngin  elmi potensiala  malik respublikamız bütün sahələrdə olduğu kimi,  İKT-nin inkişafında da  liderlər  cərgəsindədir.  «Bu gün dünyanın inkişafı müasir texnologiyaların inkişafından  asılıdır. O ölkələr ki,  bu texnologiyaları  icad edir,  yaxud da ki,  onları tətbiq edir , o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən Prezident İlham Əliyev  Azərbaycanın iqtisadi qüdrətinin  güclənməsində başlıca amil olan informasiya texnologiyalarından səmərəli istifadəni zərurət adlandırıb.  Prezident İlham Əliyevin imzaladığı « Azərbaycanda kosmik sənayenin yaradılması və  telekommunikasiya peyklərinin orbitə çıxarılması», «Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı»nın  təsdiq edilməsi haqqında» sərəncamlar, «Azərkosmos» Açıq Səhimdar Cəmiyyətinin təsis edilməsi,  Yerüstü Peyk- İdarəetmə Mərkəzinin yaradılması ölkədə kosmik sənayenin inkişafını sürətləndirdi. «Azərkosmos»  Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi  ilə  ödkəmizdə    «fəza elmi»nə diqqət artırıldı.  Qısa müddətdə ən yüksək texnologiyaların tətbiqi, yaradılan imkanlar hesabına  Azərbaycan orbitə üç peyk çıxardı.  Avropa, Afrika,  Mərkəzi Asiya,  Qafqaz ölkələrini əhatə edən «Azerspase-1», informasiya müstəqilliyini və təhlükəsizliyini təmin edən telekommunikasiya peyki, «Azersky» müşahidə peyki,  «Azerspase-2» kosmik sənayemizi inkişaf etdirməklə yanaşı, kommersiya  xarakterli, ölkəmizə sərmayə qazandıran önəmli layihələrdir.

Qarşıya qoyulan məqsədlərə çatmaq, nəzərdə tutulan, layihələrin  sistemli həyata keçirilməsi üçün müəyyənləşdirilən  hədəflərin əks olunduğu informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın tətbiqi ilə   mövcud  resurslardan optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradıldı.  Dövlət orqanlarının informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə  maarifləndirmə təmin olundu.  Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»”nda İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prioritet istiqamət  kimi qarşıya qoyuldu.  Təcrübə, son illərdə dünyada baş verən hadisələr göstərir ki, yalnız qüdrətli dövlətlərdə kosmik sənayeni inkişaf etdirmək, qitələrarası əməkdaşlğı  möhkəmləndirmək mümkündür. Hazırda  kosmik sənayenin inkişafında yerli kadrlardan istifadə   görülən işlərin, Azərbaycanın hədəfləri düzgün və operativ müəyyənləşdirməsinin nəticəsidir .

XXI  yüzilliyin   ən güclü silahlardan da  təhlükəli olan  İKT əsri adlandırılması təsadüfi deyil.  Dövlətlərin xarici informasiya məkanına çıxışı üçün ən vacib amil olan İKT-dən istifadənin əhəmiyyəti Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində də diqqətə çatdırıldı.  Həmin Konqresdə Bakı ilə bərabər, Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri növbəti  tədbirə ev sahibliyi etmək üçün yarışda iştirak edirdi. Fərqlənən, qalib isə Azərbaycan oldu. Növbəti  Beynəlxalq Astronavtika Konqresinin Bakıda  keçirilməsi haqqında qərarın qəbulu ölkəmizə göstərilən etimadın ifadəsi idi. Yeniliklərə, dünyada mövcud olan ən mütərəqqi təcrübələrə yanaşma baxımından liderliyini qoruyan respublikamızın  brendi olan «ASAN xidmət», Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərində, vergi və gömrük  orqanlarında, biznes sahəsində aparılan əməliyyatlar zamanı istifadə  edilən texnologiyalar insanların həyat tərzini də  asanlaşdırır. İndi demək olar ki,  respublikanın ən ucqar kəndlərdə  belə genişzolaqlı internet şəbəkəsindən istifadə edilir. Hazırda ölkə iqtisadiyyatının 85 faizini təşkil edən qeyri-neft sektorunda çalışan iş adamları,  fermerlər onları maraqlandıran məlumatları sistemləşdirilmiş internet vasitəsilə  öyrənirlər. «Bir pəncərə»  sisteminin tətbiqi, pensiya sistemində yaranan yeniliklərin  əhaliyə  İKT vasitəsilə çatdırılması bu  sahənin  inkişafına göstərilən diqqətin nəticəsidir.

Oktyabrın 2-də Bakıda öz işinə başlayan Azərbaycanda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev İKT-nin inkişafı ilə bağlı respublikamızda görülən mühüm işlərdən ətraflı bəhs edib. 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox nümayəndənin iştirak etdiyi  Konqresdə ölkəmizdə kosmik sənayenin inkişafı ilə bağlı qonaqları məlumatlandıran Prezident İlham Əliyevin «Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər» sözləri eyni zamanda  iqtisadi  uğurlarımızın göstəricisidir.

 Vurğulandığı kimi, ölkəmiz üçün tarixi hadisə olan belə möhtəşəm tədbirin  Bakıda keçirilməsi  kosmik sənayemizin, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə  yeni təkan verəcəkdir.  Daxili və xarici siyasətini qarşılıqlı anlaşma prinsipləri əsasında quran  Azərbaycanın çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak etməsi, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata, 120 dövlətin yekdil qərarı ilə  dörd ildə Qoşulmama Hərəkatına sədrlik etməsi  ölkəmizin beynəlxalq aləmdə  əsas söz sahibi olmasının təsdiqidir. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaş kimi  etimadı doğruldan Azərbaycan yeganə dövlətdir ki, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. «Biz eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdənik və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir. Çünki Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, qitələrarası körpü olan Azərbaycan  əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyət adını multikultural dəyərlərə sadiqliyi ilə doğruldur. Tolerant   ölkə olduğunu respublikamızda keçirilən mühüm əhəmiyyətə malik  humanitar tədbirlərlə təsdiqləyən  Azərbaycan müxtəlif sivilizasiyaların maraqlarının qovuşduğu  unikal platformadır.  Beynəlxalq arenada müəllifi olduğu qlobal  enerji və nəqliyyat layihələrini reallaşdırmaqla iqtisadi, siyasi, diplomatik uğurları ilə də söz sahibi olan Azərbaycanla hesablaşır, onun daxili və xarici siyasətini dəstəkləyirlər . Təbii sərvətləri xalqın  mənafeyinə , dövlətçiliyimizin maraqlarına xidmət edən ölkəmizin yeraltı, yerüstü sərvətləri tərəqqiyə, müstəqilliyimizin möhkəmləndirilməsinə,  milli kimliyimizin qorunmasına,  iqtisadiyyatın güclənməsinə xidmət edir.

«Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Bu gün hər kəsə məlumdur ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir» söyləyən Prezident İlham Əliyev tərəfdaşlarımızla əməkdaşlıqda mühüm vasitə  olan İKT-nin inkişafına xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb.  İqtisadiyyatın inkişafı,  müdafiə qüdrətimizin güclənməsi sayəsində 30 il  Ermənistanın işğalı altında qalan  ərazilərimizin bərpası da qazanılan uğurlar sayəsində mümkün olmuşdur.  Prezident, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi,  Silahlı Qüvvələrimizin peşəkarlığı,  müdrik Azərbaycan xalqının birliyi, özünü müdafiə cəsarəti,  qüdrəti sahəsində torpaqlarımız işğaldan azad edildi. «Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir» söyləyən Prezident  İlham Əliyev bəyan edib ki, qlobal güc mərkəzinə çevrilmək, hansısa maliyyə təsisatından asılı vəziyyətə düşməmək üçün  özünü təmin edən iqtisadi inkişafa nail olmaq  müasir dövrümüzün tələbidir. Bu sahədə   İKT-nin rolu  başlıca şərtdir.

Xuraman İsmayılqızı, «İki sahil»