05 oktyabr 2023 01:57
279

Fransa xuntanın iflasını həzm edə bilmir

Makronun işğalçı ölkəni silahlandırması hayların sonunu gətirəcək

Bu gün dünyadakı real münaqişələrə Fransa qədər ədalətsiz, ikili standartlarla yanaşan ikinci bir ölkə yoxdur. Bu rəzilliyin arxasında isə  Fransa Prezidenti Emmanuel Makron və  onun komandası dayanır. Makronun ən böyük həyasızlığı və riyakarlığı ondadır ki, tarixi cinayətlərlə dolu ölkəsinin törətdiyi soyqırmılara görə hələ də üzrxahlıq etməyib. Əvəzində öz sərhədlərndən min kilometrlərlə uzaqlarda, xüsusilə də islam ölkələrinə qarşı cinayətkar siyasətini davam etdirir.

Fransanın bir dövlət kimi ən böyük rəzilliyi son 30 ildə artıq tarixin arxivinə atılmış ATƏT-in Minsq qrupunun həmsədri kimi işğalçı Ermənistana və Qarabağdakı separatçı-terrorçu xuntaya dəstək olması idi. Müzəffər Azərbaycan Ordusunun İkinci Qarabağ savaşındakı möhtəşəm Qələbəsindən sonra Fransa ciddi şəkildə məyus olmuşdu və ölkəmizə qarşı kin-kudurətini heç vəchlə cilovlaya bilmirdi. 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın başlatdığı lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı xuntanın təslim olmasını və özünü buraxmasını isə Fransa həm də özünün məğlubiyyəti kimi qəbul etməyə başladı. Ona görə də bu rəzil ölkənin Prezidenti Ermənistanın məğlubiyyətini  həzm edə bilmir. Hətta hayların guya gələcəkdə revanş götürmələri üçün indidən bəzi «layihə»lərə start verib.

Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezidert  Makron şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir: « Makron bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir.»

Fransanın müdafiə naziri daha sonra deyib ki, biz ölkədə (yəni Ermənistanda – red.) indiyədək mövcud olmayan hərbi missiya açmışıq: «Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onların müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək.»

Açıqlamadan da aydın görünür ki, Fransa Ermənistanı silahlandırmaq, onu yeni müharibəyə hazırlamaq niyyətindədir. Qeyd edək ki, Fransanın Ermənistana hərbi dəstək məsələsində yalnız indiki yox, əvvəlki prezident Fransua Oland da aktivləşib. O, deyib: «Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı. Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb.» Onun bu fikri Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir göstəricisidir və əslində müasir səlibçilik yürüşü deməkdir.

 Oktyabrın 3-də Ermənistana səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna isə həyasızlığın pik nöqtəsinə dırmaşıb. O, özünün «X» platformasındakı hesabında Ağrı dağının şəklini paylaşıb. Səfər ərəfəsində Katrin Kolonna Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəklərini, İrəvana hərbi attaşşe təyin olunacağını, Sünikdə konsulluğun açılacağını bildirib. Fransa rəsmilərinin və ideoloqlarının bu açıqlamalarından hiss olunur ki, bu ermənipərəst ölkə Ermənistanı silahlandırmaq, onu yeni müharibəyə hazırlamaq niyyətindədir.

Fransanın yaxan və uzaq tarixi də vandalizm və barbarlıq elementləri ilə zəngindir. Onun müstəmləkəçi siyasəti tarixən sülh və əmin-amanlığın təmin olunması deyil, müharibə və münaqişələr üzərində qurulub. Bu gün Afrikada Fransanın təhriki və birbaşa iştirakı ilə davam edən münaqişələr, hərbi çevrilişlər hələ də davam edir.  Bəli, vaxtıilə dünyanın üçdə birini işğal etmiş Fransa» 60 il öncəyə qədər ən çox müstəmləkəsi olan ölkələrdən biri olub. Bu gün də bu ölkənin öz sərhədlərindən min kilometrlərlə uzaqda müstəmləkələri mövcuddur. Hazırda dünyada 200-dən çox dövlət var, amma vaxtilə Fransanın müstəmləkələrinin sayı 225 idi.

Enlə bu yaxınlarda Nigerdə cərəyan edən son hadisələri götürək. Bu ölkədə baş verən hərbi çevrilişdən sonra Fransa rəsmiləri hərbi müdaxilə planları barədə danışmağa başlayıb. Yayılan məlumatlara görə, Emmanuel Makron sadəcə Nigerdə yaşanan qiyamlar səbəbindən bu ölkədə uran yataqlarının itirilməsindən ehtiyat edir və isterik vəziyyətə düşüb. Bu səbəbdən də Nigerdəki hərbi çevriliş Fransa üçün xoşagəlməz sürpriz olub. Lakin rəsmi Paris bununla hesablaşmaq fikrində deyil. Belə ki, Nigerdə ​​uran hasilatı Fransa xüsusi əməliyyat qüvvələrinin mühafizəsi altındadır. Nigerlə yanaşı, analoji hal digər keçmiş Fransa müstəmləkələrində də yaşanır. E.Makronun keçmiş müstəmləkəsi hesab olunan Kaledoniyanın daxili işlərinə qarışmaq cəhdi də buna daxildir. 170 il sürən müstəmləkəçiliyin qurbanı olduqlarını qeyd edən kaledoniyalılar Fransanı dekolonizasiya siyasəti yürütməkdə ittiham edirlər.

Məhz belə bir barbar və müstəmləkəçi ölkənin bu gün Azərbaycana və Türkiyəyə ədalət, demokratiya dərsi keçmək cəhdi  öz gözündə tiri görməyənin başqasının gözündə çöp axtarmasına bənzəyir.  Bəli, vaxtilə dünyanın üçdə birini işğal etmiş və hələ də işğal altında saxladığı ölkələrdə milli azadlıq hərəkatlarını silah gücünə yatıran Fransa bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyas və demarkasiyasına mane olmağa çalışan rəzil bir ölkədir. Bu dövlət Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır. Çünki bölgədə sülhün bərqərar oilması Parisin maraqlarına cavab vermir.

Bu, bir reallıqdır ki, Rusiya-Ermənistan münasibətləri gərginləşməyə doğru gedir. Belə bir zamanda haylar czlərinə yeni «ağa» axttarırlar. Onlar bu istiqamətdə ən yaxşı variant kimi Fransanı görürlər. Bunlar bir daha göstərir ki, Ermənistan heç vaxt müstəqil olmayıb və olmayacaq da…Yalnız onların bir çıxış yolu var- Fransa kimi irticaçı və müstəmləkiçi ölkənin forpostu olmaqdansa, qonşuları ilə, xüsusən də Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıq münasibətləri qurmaq... Əks təqdirdə, Fransanın «forpostu» olmaq istəyi haylara baha başa gələcək. Yəni, gec, tez Ermənistan Livanın acı taleyini yaşamağa məhkumdur.

Ermənistanın bir dövlət kimi bədbəxtçiliyi ondadır ki, Fransa və bəzi digər Qərb dairələri onu Rsiya ilə mübarizənin növbəti cəbhəsinə çevirməyə çalışırlar. Rusiyanın Ermənistanda hərbi mövcudluğuna alternativ olaraq Fransanın da bu ölkədə hərbi mövcudluğuna nail olmaq istəyi isə onsuz da  müstəqilliyi formal xarakter daşıyan Ermənistana bundan sonra da yaxşı heç nə vəd etmir.

Elçin Zaman, «İki sahil»