04 oktyabr 2023 11:56
125

Cəbrayılda müasir infrastruktur yaradılır

Bu gün Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal edilən Cəbrayıl şəhəri, 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən azad olunub. Elə həmin gün Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin düşmən işğalından azad olunduğunu açıqlayıb. 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib.

Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra digər bölgələrimiz kimi, qısa bir zamanda Cəbrayıl rayonunda da bərpa-təmir,  abadlıq və quruculuq işlərinə start verilib. Bu gün artıq ərazilərimizdə  yenidənqurma işləri intensiv şəkildə reallaşır.   

Cəbrayıl şəhərinin bərpası və inkişafının 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq cəbrayıllı 1 880 şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun 3 tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.

Cəbrayıl şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, ümumi yaşıllıqların sahəsi 110 hektar təşkil edəcək, bununla da şəhər ərazisinin 18 %-i yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək.

Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində yeni layihələr həyata keçirilir.  İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə,  ilkin olaraq,  pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq edilir.  Həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki,  işğaldan azad olunan bütün ərazilərimizdə, o cümlədən Cəbrayılda dini-mədəniyyət abidələrimiz,  dağıdılmış infrastrukturlar tezliklə yenidən qurulacaqdır.

26 aprel 2021 tarixində  Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edib.

2021-ci ilin oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb.

2022-ci il mayın 26-da Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. 

Ölkə başçısı Qarabağı nəinki regionun, bütün dünyanaın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır.Bunu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulmasına dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması da aydın göstərir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir

Hazırda Cəbrayılda tikinti-quruculuq işləri sürətlə aparılır. Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb.
Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Cəbrayıl və Şuşa şəhərlərində elektrik avtobuslar və velosipedlər üçün ayrı yollar olacaq. Hər iki şəhərdə elektrik avtobuslarının və velosipedlərin hərəkəti üçün şərait yaradılır. Velosiped yolunu yaradan zaman bunun üçün parklanmanı, təhlükəsizliyi təmin etmək vacibdir. Əsas diqqət edilən məqamlardan biri də velosiped yollarının yaşıllıq, mənzərəli yerlərdən salınmasıdır. Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturu insanlar üçün təhlükəsiz, təmiz olmalıdır.

Cəbrayıl şəhərinin inzibati ərazisində 7,87 ha ərazidə yaşayış kompleksi  inşa edilir və tikinti işlərinə 2023-cü ilin aprel ayının sonlarında başlanılıb. Yaşayış kompleksində 6 kvartaldan ibarət olan və 33 ümumi yaşayış binası tikiləcək. Burada 4-5 mərtəbəli binalar olacaq və 712 mənzil tikiləcək. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8 mənzilin 2-3 otaqdan ibarət studiya tipli olması, 392 mənzilin üçotaqlı, 168 mənzilin isə dördotaqlı olması nəzərdə tutulub.Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşması nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyəti dövründə qarşıya qoyduğu bütün hədəflərə uğurla çatıb və ölkəni daim zirvələrə qaldırıb. Cəbrayıl rayonununda bütövlükdə Qarabağda bərpa -quruculuq işləri sürətlə həyata keçirilir. Doğma Qarabağımız tezliklə cənnətməkana çevriləcək.

Günel Məmmədova,
Humanitar Fənlər Təmayüllü məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi, 
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 39" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu