03 oktyabr 2023 16:50
67

Tarixin şanlı qürur səhifəsi

Vətən müqəddəsdir, ülvidir. Onun dağı, daşı, torpağı, suyu bizim üçün müqəddəsdir, əzizdir. Vətənim Azərbaycan azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Azərbaycanım qədim məskənləri, yaşayış yerləri ilə çox məşhurdur. Elə buna görə də əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı-bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız onlar üçün göz dağına çevrilmişdir. Əzəli, əbədi torpaqlarımızdan olan Cəbrayıl da yağı düşmənin işğalına məruz qalmışdı.

Ən böyük zirvəsi Dağ Tumas olan, Cəbrayıl ata və Cəbrayıl peyğəmbərin adı ilə adlandırılan, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonu 1930-cu il avqust ayında yaradılmışdır.Cəbrayıl rayonu məhsuldar topağı, sıx meşələri ilə Arazboyu ərazilərdən seçilmişdir. Cəbrayıl rayonu həm də qiymətli xammal mənbəsi idi, orada mərmər, digər tikinti materialları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlum idi.

Şimali Azərbaycanı Cənubi Azərbayacana qovuşduran və vahid Azərbaycanın rəmzi sayılan Xudafərin körpüsü də bu rayonda yerləşirdi. Haqqında ilk məlumatlar VIII -IX əsrə aid olan Xudafərin körpüsü mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı.

Çox təəssüf ki, qiymətli yeraltı və yerüstü xəzinəyə sahib olan Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən vandalcasına işğal edilmişdir. Nəticədə rayona həm küllü miqdarda maddi, həm də mənəvi zərər dəymişdir. Məcburi köçkünlər Azərbaycanın 53 rayonunda vaqon və yataqxanalarda məskunlaşmışdılar. 72 məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı vəhşicəsinə məhv edilmişdir.

2016-cı il aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi alınaraq Cocuq Mərcanlı kəndi tam şəkildə Azərbaycan ordusunun nəzarətinə keçmişdir.

2020-ci il 27 sentyabr tarixində Ali Baş komandan İlham Əliyevin əmri ilə başlayan əks-hücüm əməliyyatlarının ilk müjdəli xəbəri Cəbrayıl rayonunun kəndlərinin işğaldan azad edilməsi oldu. Beləliklə Xudəfərin körpüsündə Azərbaycan bayrağı dalğalandı. Bunun böyük tarixi və siyasi əhəmiyyəti var idi. Xalqımızın tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Artıq 4 oktyabr Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasənə Cəbrayıl şəhər günü kimi qeyd edilir. Güclü siyasət, böyük inam hissi və xalqın tükənməz əzmi Azərbaycan Ordusuna müqəddəs qələbəni, xalqına isə şanlı qüruru yaşatdı.

Xatirə Mustafayeva,
Humanitar Fənlər Təmayüllü məktəb-liseyin İngilis dili müəllimi
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 39" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu