03 oktyabr 2023 19:16
73

Zəngilan nəqliyyat dəhlizlərinin üzərində yerləşir

Azərbaycan xalqı 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etməklə haqq savaşında zəfər çaldı. Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi. İlham Əliyevin sərəncamı ilə 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonunun yaradılması diqqət çəkdi - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Bu gün, Şərqi Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. Belə ki, sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dayanıqlı şəhər və icmaların yaradılması, 2030-cu ilədək hamı üçün adekvat, təhlükəsiz və sərfəli mənzil təminatına və əsas xidmətlərə çıxış təmin etmək və xarabalıqları abadlaşdırmaq daxildir. Məhz bu forumda da bunlar müzakirə olunub.

Forumun açılış mərasimindən sonra tədbir müxtəlif mövzularda sessiyalarla davam edib. Əvvəlcə “Birgə yenidənqurma - regional dayanıqlılıq və davamlı inkişaf üçün əməkdaşlıq imkanları” adlı xüsusi sessiya təşkil olunub.

Sonra “Dayanıqlı və davamlı inkişaf: strategiyalar, fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları” adlı birinci sessiyada yenidənqurma - azad edilmiş ərazilərin reabilitasiya strategiyaları, birgə hərəkət, əlaqələndirmə və regional iqtisadi inkişaf üçün nəqliyyatın imkanlarının gücləndirilməsi, rifah və sülh üçün körpülər qurmaq, münaqişələrin həllində və şəhərsalmanın inkişafında beynəlxalq əməkdaşlığın rolu kimi məsələlər müzakirə edilib.

“Viranlıqdan dayanıqlılığa: parlaq gələcəyə aparan yol” adlı ikinci sessiyada gizli təhlükə ilə mübarizə - minalarla çirklənmə və onun dayanıqlı inkişafa təsiri, regional mərkəzlərin dirçəlişi, Qarabağda əməkdaşlıq imkanlarından söhbət açılıb, Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub.

Sonda tədbir iştirakçıları Ağalı “ağıllı kənd”inə səfər edib və Zəngilanda sürətlə aparılan yenidənqurma layihələri ilə tanışlıq olublar. Prezident forumda çıxış edərək Zəngilanda görülən işlər barəsində məlumat verib:

- Forumdan bir gün öncə Konqres Mərkəzinin açılışı edilib.

- İlk “ağıllı kənd”, Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib.

- Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşdiyi üçün Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.

- Sovet dövründə mövcud olan dəmir yolu xəttini bərpa edilir, Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. 

- Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.

-  Yeni iş yerləri yaradılır, çünki buraya - evlərinə, Vətəninə qayıdan insanlar işlə təmin edilməlidir. Böyük Qayıdış Proqramının bir tərkib hissəsi də məşğulluqdur, eyni zamanda, aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və təbii ki, sosial infrastrukturun inşası buna daxildir.

-  Zəngilanda artıq böyük bir məktəb binası inşa edilməkdədir.

-  Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib.

- Zəngilanda 10 meqavat gücündə yeni Su Elektrik Stansiyasının açılışı edilib. Ancaq növbəti altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq. Azad olunmuş bütün ərazilər  yenidən mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib. Azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Bu da təbii ki, Azərbaycanın yaşıl enerji gündəliyinə böyük töhfə olacaq. Çünki Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır.

Gülbəniz İsayeva,
Bakı şəhəri, Xətai rayonu S.Həsənov adına 63 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının "Mədinə Gülgün kücəsi 1" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu