04 oktyabr 2023 00:59
326

Müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır

Dövlət başçısı İlham Əliyev Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunda və 74-cü Beynəlxalq Astronavtika Konqresində bu çağırışı əsaslı şəkildə diqqətə çatdırdı

Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir ona  ev sahibliyi edən, eyni zamanda, iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Zəngilanda baş tutan 2-ci Milli Şəhərsalma Forumundakı, onun ardınca Bakıda öz işinə başlayan  74-cü Beynəlxalq Astronavtika Konqresindəki çıxışında dövlət başçısı İlham Əliyevin əsas diqqət yetirdiyi məsələlərdən biri ölkəmizin iqtisadi imkanları oldu.

Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi nəhəng  bərpa-quruculuq işləri ilə dünyaya təkmil dirçəliş modelini təqdim edir.

Dövlət başçısı İlham Əliyev Zəngilan rayonunun timsalında digər  azad olunmuş ərazilərdə görülən işlərin tədimatını etdi. Belə ki, keçmiş köçkünlərin ilk qayıtdığı məkan Zəngilanın Ağalı kəndi oldu. Bu kənd «ağıllı kənd» layihəsi çərçivəsində bərpa olunan ilk kənddir. Ötən il  əzəli sakinlərini qəbul edən  Ağalının həyatında yeni mərhələ başlayıb. «Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır» söyləyən cənab İlham Əliyev bu fikri də böyük qürur hissi ilə qeyd etdi ki, bütün keçmiş məcburi köçkünlər  torpaqlarımızın azad edilməsini və bu ərazilərə qayıtmaq imkanlarının yaradılmasını səbirsizliklə gözləyirdilər. Onlar 30 il  Ermənistan tərəfindən bu imkanlardan  məhrum edilmişdilər. Üç il öncə rəşadətli Ordumuz işğala son qoydu, tarixi ədalət və ərazi bütövlüyümüz təmin olundu.

Zəngilan artıq beynəlxalq tədbirə ev sahibliyi etdi. İşğaldan azad edilmiş ərazilərimizdə təkmil idarəçilik sisteminin yaradılması bütün işlərin zamanında və yüksək səviyyədə görülməsini şərtləndirir. Qarşıya qoyulan əsas hədəf işlərin səmərəli və keyfiyyətli görülməsi, soydaşlarımızın rahat yaşayışının təmin edilməsidir. Hər zaman yenilikləri ilə  diqqətdə olan Azərbaycanın brendi kimi dünyada tanınan «ASAN xidmət», DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi, bu torpaqlarımızda yaradılması prioritetlər sırasındandır. Bərpa işləri Baş plan əsasında həyata keçirilir.

Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlayan zaman ilk olaraq yol infrastrukturunun yenilənməsinə  xüsusi diqqətin yetirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Bu torpaqlarda 3 Beynəlxalq Hava Limanının tikintisi bir çox məqamlara aydınlıq gətirir. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın aeroportunun tikintisi isə davam edir. Hava limanlarının beynəlxalq status qazanması bu ərazilərin  nəqliyyat qovşağı kimi diqqətdə olmasının göstəricisidir. Həmçinin bu ərazilərimiz böyük turizm imkanlarına malikdir. Gələcəkdə hər üç beynəlxalq Hava Limanı turistlərin bu bölgələrə az vaxt sərf etməklə  gediş- gəlişini təmin edəcək. Bu torpaqların malik olduğu resursları da nəzərə alsaq  yol infrastrukturunun daha təkmil şəkildə yenidən qurulması və bərpası qarşıdakı dövrdə ölkəmizin dayanıqlı iqtisadi inkişafına davamlı töhfələrin verilməsində əhəmiyyətli rol oynayacaq. Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonağın, ümumilikdə 400 iştirakçının qatıldığını nəzərə alsaq Zəngilan Beynəlxalq Hava Limanının əhəmiyyətini daha aydın şəkildə dərk edərik.  Dövlət başçısı İlham Əliyev Zəngilan rayonunun gələcəyi ilə bağlı fikirlərini belə şərh etmişdir: «Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq.»

Prezident  Forumda bu sosial-iqtisadi rəqəmləri də açıqlamışdır. Belə ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard  dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan  minimum büdcə 2,4 milyard  dollar olacaq. Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə  bütün işləri öz daxili imkanları hesabına həyata keçirir. Heç bir maliyyə  yardımı almır. Cənab İlham Əliyev Zəngilan rayonunun  timsalında bərpa işlərində olaraq  iki qardaş ölkəni xüsusi qeyd etmişdir: «Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir.»

Göründüyü kimi, Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri soydaşlarımızın Böyük Qayıdışı ilə müşaiyət olunur. Zəngilanın  Ağalı, Tərtər rayonunun Talış kəndləri, onların ardınca Laçın şəhəri, Zabux kəndi, daha sonra Füzuli rayonu qayıdışın ünvanlarıdır. Bu ünvanların sayı artmaqdadır. Növbəti ünvan kimi Xənkəndini qeyd edə bilərik. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, nəyi nə zaman etmək lazımdır bilirik. Böyük Qayıdış tezliklə tam şəkildə başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qovuşaraq bu əraziləri əsl cənnət məkana çevirəcəklər.

Dövlət başçısı İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılışındakı çıxışında da əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın bugünkü iqtisadi inkişafında malik olduğu təbii resurslardan səmərəli istifadənin təmin edilməsi oldu. Belə ki,  «Azərbaycan, həmçinin dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Bir çoxları bəlkə də bunu bilmir, ancaq XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, bu gün müstəqil ölkə olaraq,  təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi: «Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Bu gün hər kəsə məlumdur ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir.»

Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki,  tərəfdaşlarımız arasında müxtəlif qitələrdə yerləşən onlarla ölkə var və bütün səylər beynəlxalq əməkdaşlığa, proqnozlaşdırmaya və eyni zamanda, ölkəmizin uğurlu iqtisadi inkişafına xidmət edir.

30 illik işğal, eyni zamanda, postmünaqişə dövrünün reallıqları fonunda bu qənaət öz təsdiqini tapır ki,  həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan yeni tərəfdaşlar qazandı. Gündəmə gətirilən hər bir layihəninin uğurlu sonluqla başa çatması yeni layihə üçün stimulverici amil oldu. Regional çərçivədə qurulan əməkdaşlıq getdikcə coğrafiyasını genişləndirərək beynəlxalq səviyyəyə yüksəldi. Artıq dünya Cənub Qaz Dəhlizinin perspektivlərindən bəhs etməklə yanaşı, TANAP-ın və TAP-ın genişləndirilməsinin vacibliyini bildirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, komanda halında fəaliyyətimizi davam etdirməliyik. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı ölkəmizin iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi barədə aydın mənzərə yaradır. Məhz bu kontekstdə qeyd edirik ki, iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması nəticəsində Azərbaycan bütün çətinlikləri yüksək səviyyədə dəf edir, yeni hədəflərə yol açır.

Dövlət başçısı İlham Əliyev Konqresdə iqtisadi rəqəmlərə diqqəti yönəldərək bildirdi ki, 20 il ərzində ümumi daxili məhsul dörd dəfə,  büdcə gəlirlərimiz 30 dəfədən, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Cənab İlham Əliyev onu da böyük əminliklə qeyd etdi ki,  əgər lazım gələrsə,  bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik: «Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.»

Cənab İlham Əliyev ilk gündən yoxsulluq kimi sosial bəlanın aradan qaldırılmasının vacibliyini bildirdi. Bu istiqamtədə atılan addımların uğurlu nəticələri rəqəmlərdə özünün aydın ifadəsini tapır. Belə ki, 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz, beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub. Milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə  Azərbaycan xalqı tərəfindən qeyd olunur. Bir sözlə, bütün bunlar  göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün möhkəm təməl mövcuddur.  Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır.

Göründüyü kimi, təkcə iki beynəlxalq tədbirin əsasında Azərbaycanın iqtisadi inkişafının hansı səviyyədə olduğunu bir daha nəzərdən keçirdik. Sabitlik,  normal biznes mühitinin mövcudluğu Azərbaycanın öz təbii resurslarından səmərəli istifadəsini təmin edir. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi  mühüm sosial-iqtisadi layihələrin reallığa çevrilməsinə yol açır ki, bu da öz növbəsində ölkəmizin hçrtərəfli inkişafına  böyük töhfələrin verilməsi deməkdir. Azərbaycanın dünya hərb tarixində ilk imza ataraq müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə başlamasında da iqtisadi inkişafımızın dayanıqlığı əsas rol oynayır. Tezliklə Böyük Qayıdış Proqramının icrası uğurla başa çatacaq. Soydaşlarımız bu məkanlara qayıdışı ilə onların malik olduğu potensialdan səmərəli istifadə etməklə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»dən irəli gələn vəzifələrin icrasına öz töhfələrini verəcəklər. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında bu çağırış əsas yer tutur ki, qeyri-neft sektorunun inkişafı əsas hədəflərdəndir.

Yeganə Əliyeva, «İki sahil»