04 oktyabr 2023 01:16
283

Yeni məkan, yeni reallıq...

Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının Qranada raundundan hansı nəticələr gözləmək olar?

Azərbaycanın Qarabağ bölgəsində separatizmə son qoyaraq nəzarəti bərpa etməsi ilə uzun illər davam etmiş münaqişə də artıq tarixə çevrildi. Son hadisələr nəticəsində yaranmış yeni reallıqlar fonunda Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması indi daha əlçatan görünür. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə oktyabrın 5-də İspaniyada keçiriləcək növbəti görüşdə konkret nəticənin əldə edilməsi ehtimalı az deyil.

Bəs regionda və dünyada baş verən son proseslərin danışıqların növbəti raunduna təsiri nələrdən ibarət ola bilər? Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun da əyləşəcəyi Qranada masasında hər hansı sənədin imzalanması mümkündürmü? Ən əsası, İspaniya ev sahibi kimi sülh razılaşmasına şahidlik edə biləcəkmi?

Əvvəlcə onu qeyd edək ki, bu formatda görüş ilk deyil. İyunun 1-də Moldovanın paytaxtı Kişineuda aparılan danışıqlarda da sözügedən Avropa ölkələri təmsil olunmuşdular. Həmin vaxt Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müəyyən irəliləyişlər əldə edilsə də Kişineu görüşünün ən diqqətçəkən və yaddaqalan məqamı hər zaman ermənipərəst mövqeyini açıq şəkildə nümayiş etdirən Makronun danışıqlardan dərhal sonra ölkəsindəki erməni lobbisinin liderlərinə hesabat verməsi ilə bağlı yayılan xəbərlər oldu. Fransa Prezidentinin davranışları bir daha göstərdi ki, o, masaya

neytral vasitəçi kimi deyil, maraqlı tərəf kimi qatılıb. Ancaq Makronun “fəaliyyəti” BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı iclaslarında olduğu kimi yetərsiz oldu və “böyük bacı” ermənilərin ümidlərini yenə də doğrulda bilmədi. Əvəzində Nikol Paşinyan həm Moldova paytaxtında, həm də daha sonra iyulun 15-də Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan sonuncu görüşü zamanı növbəti dəfə ölkəsinin anklavlar və Qarabağ iqtisadi rayonu da daxil olmaqla Azərbaycanın 86.6 kv.km-lik ərazi bütövlüyünü tanıdığını, iki ölkə arasında sərhədlərin delimitasiyasının və demarkasiyasının 1991-ci tarixli Alma-Ata Bəyannaməsinə uyğun həyata keçirilməsi ilə bağlı müsbət mövqeyini rəsmi şəkildə bəyan etdi. Son görüşdən sonra sülh danışıqlarının ümumi mənzərəsi bundan ibarət idi.

Ancaq Qranada görüşü öncəsi yaranmış yeni reallıqlar Azərbaycanı qeyd-şərtsiz daha da üstün tərəfə çevirib. Qarabağda müstəqilliyimizin tam bərpası artıq bu mövzunu danışıqlar predmeti olmaqdan çıxarıb. Odur ki, sabah müzakirələr əsasən sülh müqaviləsinin sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin açılması kimi bəndlərinin razılaşdırılması istiqamətində gedə bilər. Qalib ölkə kimi əlini daha da gücləndirmiş Azərbaycanın danışıqların növbəti raundunda da diktə edən tərəf olacağı isə şəksizdir.

İspaniyada ən azından bəyanatın imzalanması mümkündür. Çünki Ermənistanın baş naziri də başa düşür ki, sülh danışıqlarını müxtəlif bəhanələrlə ləngitmək ölkəsi üçün vəziyyəti daha da çətinləşdirir. Qarabağda baş vermiş son prosesləri fürsətə çevirməyə çalışan müxalif qüvvələrin, siyasi opponentlərinin fəallaşması, kütləvi etirazlar, ən əsası Rusiya ilə münasibətlərin son dərəcə gərginləşməsi Nikol Paşinyanı iradə nümayiş etdirərək konkret addımlar atmaq zərurətində qoyur. Üstəlik, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılaraq çıxarılmasında maraqlı olan ABŞ və Qərb ölkələri də erməni baş nazirdən çevik qərar verməsini tələb edirlər.

Qranada görüşünün nəticəsi kimi hər hansı sənədin, hətta sülh müqaviləsinin imzalanması ehtimalının mövcudluğunu Ermənistan mətbuatında yayılan məlumatlar da təsdiqləyir. “Hraparak” nəşrinin yazdığına görə, Paşinyan ötən həftə sonu parlamentdə öz partiyasından olan deputatlarla üç saatdan artıq çəkən qapalı iclas keçirib. Bildirilir ki, Qarabağı könüllü tərk edən ermənilər barədə danışan Paşinyan onların məlum səbəblərdən paytaxt İrəvana buraxılmaması, mümkün qədər tez bölgələrdə yerləşdirilməsi və işlə təmin olunması ilə bağlı tapşırıqlar verib. Azərbaycanda qalıb yaşamaq istəyən ermənilərlə bağlı Paşinyanın münasibəti isə belə olub ki, bu, artıq Ermənistanın problemi deyil: “Qoy Rusiya sülhməramlıları Azərbaycanla problemlərini həll etsinlər.”

Belə görünür, Qranada görüşü öncəsi Qarabağda sepratçı qurumun özünü buraxması Ermənistanın baş nazirinin də ürəyindən olub və o, bu münaqişənin həll edilməsindən məmnundur.

Nəşrin iddiasına görə, Paşinyan öz komanda yoldaşlarına çoxdan gözlənilən sülh müqaviləsinin imzalanmasının uzaqda olmadığını bildirib və əlavə edib ki, oktyabrın 5-də keçiriləcək görüşdə həmin sənədin bəndləri razılaşdırılacaq. Qranadada qəbul ediləcək bəyanatda sərhədlərin delimitasiyası, iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanınması və digər məsələlər ardıcıllıqla bənd-bənd qeyd ediləcək. Çünki Qarabağ məsələsinin həll edilməsi ilə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat da qüvvəsini itirib və Rusiya tərəfinin vasitəçilik roluna son qoyulur.

Qapalı iclasda kommunikasiyaların açılması, yəni Zəngəzur dəhlizi məzələsi də müzakirə edilib. Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Əgər Ermənistan razılaşmasa Zəngəzur dəhlizi İran ərazisindən keçəcək” xəbərdarlığına toxunaraq bildirib ki, bu variant Ermənistanın faktiki blokadası ilə nəticələnə bilər. Odur ki, İspaniya görüşündə 10 noyabr Bəyanatının 9-cu bəndi ləğv olunmaqla Zəngəzur dəhlizinin Ermənistandan keçməsinə razılıq verəcək. Yəni, Paşinyan açıq şəkildə kommunikasiyaların açılmasının tərəfdarı olduğunu, sözügedən dəhlizin təhlükəsizliyinə nəzarəti Rusiyaya vermək istəmədiyini bəyan edib.

Beləliklə, sabah Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda danışıqlar üçün yeni məkan olan İspaniyada yeni sülh sənədinin imzalanması mümkün görünür. Özü də Azərbaycanın istəyinə və maraqlarına uyğun. Qranada Qarabağ kimi Ermənistanla Azərbaycan arasında onillərdir davam edən münaqişənin də tarixə çevrilməsinə şahidlik edə bilər...

Mahir Rəsuloğlu, “İki sahil”