04 oktyabr 2023 01:37
281

Gecikən səfər, həllini gözləyən həqiqətlər

BMT-nin ölkəmizdə olan humanitar missiyası hansısa beynəlxalq güclərin, erməni lobbisinin təsiri ilə deyil, obyektivlik meyarı əsasında mövqe ortaya qoymalıdır

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Koordinasiya şöbəsinin direktoru Rameş Rajasinghamın, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Qaçqınlar üzrə Agentliyinin, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrindən, habelə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi, Rezident Əlaqələndirici ofislərini və Təhlükəsizlik Departamentini təmsil edən texniki heyətdən ibarət missiya 30 ildən sonra Azərbaycanda olub. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərlik etdiyi missiya Qarabağda əsasən humanitar məsələlərlə bağlı monitorinqlər aparıb. Ağdamdan başlanan səfər çərçivəsində Xankəndidə olan, burada yerli əhali və müvafiq qurumlarla görüş keçirən missiya üzvləri əsasən, səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə tanış olub, insanlarla söhbətlər ediblər. Qarabağa 4 günlük səfərləri ilə bağlı gördüklərini qəbul etdikləri yekun bəyanatlarında qeyd edən missiya üzvlərinin bildirdikləri kimi, mülki, ictimai infrastrukturlara, o cümlədən xəstəxanalara, məktəblərə, yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyan dəyməyib. Əksinə, Azərbaycanın Xankəndidəki vətəndaşlarına göstərdiyi humanitar yardımlar, səhiyyə və bəzi kommunal xidmətlərin bərpası istiqamətində aparılan hazırlıqlar müsbət dəyərləndirilib. Bəyanatda bildirilir ki, Azərbaycanın son günlərdə apardığı lokal xarakterli anttiterror tədbirlərindən sonra guya dinc əhaliyə qarşı zorakılıqla bağlı sorğu zamanı yerli əhalinin narazılığına səbəb olan hallar səsləndirilməyib.

Missiya Azərbaycan tərəfindən bərpa edilmiş ərazilərin bir hissəsi olan Ağdamdan keçərkən dağıntı və minalardan təmizləmə prosesini, habelə hökumət tərəfindən aparılan yenidənqurma işlərini müşahidə edib. Separatçılara qarşı aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra xalqa müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyevin «Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi» sözlərinin BMT missiyasının müşahidələri ilə eynilik təşkil etməsi Azərbaycan reallığının beynəlxalq səviyyədə etirafıdır. Yəni, 30 ildə işğal altında saxladıqları torpaqlarmızda daşı-daş üstə qoymayan, İkinci Qarabağ müharibəsində, qızğın döyüşlərin getdiyi məqamlarda, müharibədən sonra belə Gəncəyə, Tərtərə, Bərdəyə və digər şəhərlərə raketlərlə xeyli ziyan vuran, dinc əhalini qətlə yetirən erməni vəhşilərindən fərqli olaraq Silahlı Qüvvələrimizin hərbçiləri humanizm nümunəsi göstərərk erməni əsilli mülki əhaliyə ziyan vurulmaması üçün müharibə qanunlarına əməl etmişlər. Hərbçilərimizin yaralı erməni əsgərlərinə, yaşlı insanlara göstərdikləri yardımları bütün dünya ictimaiyyəti izləmişdilər.

Artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin başlanmasından 30 ildən sonra BMT missiyasının Azərbaycana geçikmiş, «Toydan sonra nağara, xoş gəldin Bayram ağa!» misalına uyğun bu səfəri birmənalı qarşılanmadı. Çünki torpaqlarımızı işğal altında saxlayan Ermənistanın silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, suverenliyimizin bərpası ilə bağlı 4 qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurası icra mexanizminin olmadığını bəhanə gətirərək ikili standartlar prinsipinə sadiq qaldı. Qətnamələrin həlli 30 il gözlədi. 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı öz gücünə azad edən Azərbaycan millətlərin ümumi evi olan BMT-dən daha ədalətli olduğunu göstərdi. Bu «geçikməyə» başqa don geyindirməyə ehtiyac da yoxdur. Səbəb bəllidir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Daimi Beşlik, Böyük Beşlik adlandırılan, Çindən və Birləşmiş Krallıqdan başqa digər üzvləri- Fransa, Rusiya, və Amerika Birləşmiş Ştatları artıq pensiyaya göndərilmiş ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunurdular. Yəni, 30 ildə guya münaqişənin həlli ilə məşğul olmaq görüntüsü yaradan bu üç müşketyorun bölgəyə turist səfərlərindən də aydın olurdu ki, məqsəd əlavə vaxt qazanmaqla Ermənistanın işğalçılıq əməllərini, terroru, separatizmi dəstəkləmək idi. Beş daimi üzvün hamısı veto hüququna malikdir. Bu da onlardan birinin beynəlxalq dəstək səviyyəsindən asılı olmayaraq Şuranın hər hansı bir həlledici qərarının qəbul edilməsinin qarşısını almağa imkan verir. Ermənistanın Azərbaycan torpaqlarının təcavüzünə, daşnakların Qərbi Azərbaycanda apardıqları etnik təmizləmə siyasətinə, ən başlıcası Xocalı soyqırımına səssiz qalan BMT-nin 30 ildən sonra «humanitar missiyası»nı xatırlaması ikili standartların ən bağışlanılmaz üz qarasıdır.

250 min Qərbi azərbaycanlının zorla, işgəncələrlə doğma yurdlarından ac-yalavac çıxarılmasına, bir gecədə erməni vəhşiləri tərəfindən amansızcasına, vəhşicəsinə qətlə yetirilən 613 Xocalı sakininin soyqırımına göz yuman, bayquş xislətli erməni barbarlarının viran qoyduqları şəhər və kəndlərimizin ürək ağrıdan mənzərəsindən narahat olmayan BMT-nin Azərbaycanın separatçılara qarşı apardığı 24 saatlıq lokal xarakterli antiterror tədbirlərdən sonra dərhal bölgəyə gəlməsi, Xankəndinin erməni əsilli Azərbaycan vətəndaşlarının vəziyyəti ilə maraqlanması xeyli suallar doğurur. Təcrübə də göstərir ki, fəaliyyətini ABŞ-ın siyasətinə uyğun quran BMT-nin qayəsi və məqsədi bəllidir.

Belə ədalətsizliyə daha bir nümunə ABŞ Konqresinin «Azadlığa Dəstək Aktı»na 907-ci düzəlişidir. 1992-ci ildən «907-ci düzəliş»in hələ də qüvvədə saxlanılması dünya diplomatiyasının ədalətsizlik simvolu olsa da, heç vaxt BMT-ni maraqlandırmayıb. Amerikadakı erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan bu düzəlişin tətbiqi sonralar hər il dayandırılsa da, birdəfəlik ləğvi hələ ki, yubadılır. Xatırladaq ki, düzəlişin qəbulunda o zaman ABŞ-ın vitse-prezidenti olan, Birləşmiş Ştatların hazırkı Prezidenti Cozef Baydenin daha çox fəallıq göstərməsi qaranlıq məqamlara aydınlıq gətirir. Bu cür misalları çox gətirmək olar. Amma hər halda BMT-nin missiyasının 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi müsbət haldır. Çünki bu missiya vasitəsilə Azərbaycanın ədalət prinsiplərinə sadiqliyi, humanistliyi beynəlxalq ictimaiyyətə çatdırıla bilər. Azərbaycan torpaqlarını işğal altında saxlayan, törətdikləri vəhşiliklərin aşkarlanmaması üçün beynəlxalq təşkilatların müşahidə missiyalarının bölgəyə səfərlərinin qarşısını havadarlarının dəstəyi ilə əngəlləyən Ermənistanın barbarlıq əməllərinin aşkarlanması üçün imkanlar yaranar.

Missiya üzvlərinin Ağdam-Xankəndi yolu ilə, Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində həqiqəti yerindəcə müşahidə etməsi xüsusilə əhəmiyyətlidir. Missiya üzvlərinin Xankəndi sakinləri ilə apardıqları söhbətlərdə ermənilərin Qarabağı məcburi deyil, könüllü tərk etdiklərini bildirmələri Ermənistan revanşistlərinin Azərbaycana qarşı aparıdıqları «etnik təmizləmə» şousu ilə bağlı yalanları ifşa edir. BMT təmsilçiləri Qarabağ ermənilərinin məcburi deyil, könüllü surətdə Ermənistana getmələrinə şahidlik etdilər. Yevlaxda, Xocalıda Qarabağ erməniləri icmasının nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri arasında aparılan danışıqlara uyğun göstərilən humanitar, tibbi yardımlar da xalqımıza məxsus xeyirxahlıq nümunələridir. Bu cür yardımlar göstərir ki, bölgədə sülhün yaranması üçün bütün vasitələrdən istifadə edən Azərbaycan insanlıq qanunlarına və beynəlxalq hüquqa dəyər verən ölkədir. Ermənistan silahlı birləşmələrinin ölkəmizin ərazisindən çıxarılması məsələsində də Azərbaycan ölkə Konstitusiyasına, beynəlxalq hüquqa istinad edən şəffaf qərarlar qəbul etdi və həmin qərarların icrasını bütün dünyanın gözü qarşısında müharibə qanunlarına əsaslanaraq həyata keçirdi. Vətən müharibəsindən sonra rəsmi olaraq bildirildi ki, ölkəmiz Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin vətəndaş kimi Azərbaycan cəmiyyətinə inteqrasiyasında maraqlıdır. Lakin azərbaycanlılara qarşı genetik etnik təmizləmə xəstəliyinə düçar olan daşnakların girovuna çevrilən Qarabağ erməniləri Azərbaycanın reinteqrasiya ilə bağlı təklifini qəbul etmədikləri üçün könüllü şəkildə Azərbaycandan getməklə bağlı qərar qəbul ediblər. Azərbaycan bir daha humanistlik göstərərək Qarabağ ermənilərinin qanuni şəkildə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçmələrinə şərait yaratdı. Qarabağda yaşayan ermənilərin Azərbaycanı tərk etmələri separatçıların, Ermənistan hakimiyyətinin radikal mövqeyi kontekstində baş verir. Azərbaycan isə bütün hallarda Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edir, onların Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçmələri üçün bütün imkanları yaradır. Üstəlik, köç üçün zəruri olan bütün nəqliyyat vasitələrini, yanacağı və digər humanitar vasitələri təmin edir. O cümlədən gələcəkdə ölkəmizə qayıdaraq Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər üçün xüsusi elektron portal yaradılır. Kim qayıtmaq istəyirsə Azərbaycan onun bu hüququnu təmin etməyə zəmanət verir. Soydaşlarımızı zor gücünə, qışın şaxtasında evlərindən qovan, ən dəhşətli qətliamalara belə əl atan daşnaklardan fərqli olaraq Azərbaycanın mülki ermənilərə göstərdiyi humanistlik bəlkə də tarixdə görünməyn insanlıq nümunəsidir. BMT missiyası və bütün dünya Azərbaycanın bölgədə sülhün tərəfdarı olduğunu görməlidir”. Buna görə də missiya hansısa beynəlxalq güclərin, erməni lobbisinin təsiri ilə deyil, obyektivlik meyarı əsasında mövqe ortaya qoymalıdır.

Xuraman İsmayılqızı, «İki sahil»