04 oktyabr 2023 02:15
278

Bir nömrəli vəzifə

Hazırda Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. İkinci Qarabağ müharibəsi başa çatandan bugünədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün isə planlaşdırı­lan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub. 

Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində keçmiş məcburi köçkünlər artıq Laçın və Füzuli şəhərlərinə, Ağalı Talış və Zabux kəndlərinə qayıdıblar. Bu gün işğaldan azad edilmiş ərazilərdə 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib, 30 kəndin təməli qoyulub. Gələcək illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Ölkə başçısı vurğulayıb ki, bu Proqramın icrası Azərbaycan dövləti üçün bir nömrəli vəzifədir. Prezidentimiz vurğulayıb ki, növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün evlərinə qayıdacaq. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq: “Biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır. Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq”.

 Dövlətimizin başçısının bildirdiyi kimi, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb.  İlk “ağıllı kənd” Zəngilan rayonunun Ağalı kəndidir. Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası sürətlə davam etdirlir. Bu yol Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dəmir yolu Naxçıvandan sonra İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Göründüyü kimi, Zəngilan tezliklə çox mühüm nəqlyytat mərkəzi olacaq.

 Zəngilanda təkcə pilot yaşayış deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adla­nan bu layihə iki Azər­baycan və Türkiyə şirkətləri tərəfindən gerçəkləşən birgə müəssisəsidir.  Hazırda aqropark uğurla fəaliyyət göstərir. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib. Gələcəkdə onların sayı 10 minə çatdırılacaq. Zəngilanda artıq bö­yük bir məktəb binası inşa edilib, məscidin inşası yekunlaşdırıl­ıb.

Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastrukturun yaradılması əsas məqsədlərdəndir. Hazırda bölgədə mühüm enerji infrastrukturu ya­radılır.  Belə ki, bu günlərdə Zəngilanda ölkə başçısının iştirakı ilə 10 meqavat gücündə yeni Su Elektrik Stansiyasının açılışı oldu. Yeri gəlmişkən, növbəti altı ay ərzində bu su elektrik satnsiyasının imkanları 40 meqavata çatdırılacaq. Bütövlükdə işğaldan azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Ümimiyyətlə, Qarabağda və Şərqi Zəngəzurda hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq.  Təbii ki, bütün bunlar Azər­baycanın “yaşıl enerji” gündəliyinə bö­yük töhfə verəcək. Dövlətimizin başçısı həmin forumda qeyd edib ki, günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə icra olunacaq.

Zahid Rza, “İki sahil"