04 oktyabr 2023 00:12
240

Paris bölgədə sülh yox müharibə istəyir: Fransanın “forpostu” olmaq Ermənistana baha başa gələ bilər

Son illər Fransa Ermənistan naminə bir sıra addımlar atdı. Belə ki, təcavüzkar ölkəyə ikiillik mandatla 100 nəfərdən ibarət  Avropa İttifaqının yeni missiyasının göndərilməsinə müvəffəq oldu. Ermə¬nistandakı səfirlik yanında əlavə hərbi attaşe təyin etdi. "Humanitar böhran" şousu yaradıb  Azərbaycana təzyiq göstərmək üçün bəzi dövlətlərin gücündən yararlanmağa, BMT-nin Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə sənəd qəbul  edilməsinə nail olmağa  çalışdı. Azərbaycana qarşı bir-birinin dalınca “bəyanatlar”, hədyanlar səsləndirdi və s. Amma rəsmi Bakının apardığı çevik siyasət nəticəsində Makron Fransası “kiçik bacı”sına gün ağlaya bilmədi. Amma kor tutduğun buraxmayan kimi Fransa yenə də öz çirkin əməllərindən əl çəkmir ki, əl çəkmir. Başqa sözlə desək, Makron Fransası axsaq atın kor nalbəndi funksiyasını  davam etdirir.

Bu il sentyabrın 19-da ermənilərin növbəti terror aktlarına cavab olaraq Azərbaycan Ordusu beynəlxalq normalar çərçivəsində lokal xa¬rakterli antiterror tədbirləri həyata keçirərək hələ də Qarabağ iqtisadi rayonunun ərazisində qalan Ermənistan ordusunun qalıqlarını və  separatçıları bir sutka ərzində  ağ bayraq qaldırmağa vadar etdi. Məhz bundan sonra sülh danışıqları yenidən gündəmə gəldi, sülhə ümidlər artdı.

Amma belə bir sonluq, daha doğrusu, 30 ildən çox davam edən münaqişənin  bitməsi təcavüzkar ölkənin birinci havadarı sayılan Fransanı daha da qıcıqlandırıb. Odur ki, Fransa “kiçik bacı”sı ilə hərbi əməkdaşlığı daha da genişləndirməyə start verib. Bu günlərdə Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, bu kimi addımlar Makronun göstərişi ilə Ermənistandan gələn tələblər əsasında atılır. Bu məsələdə Fransanın əvvəlki prezidenti Fransua Oland da Ermənistanı hər zaman dəstəkləyən Makronun bu “siyasət”inə qahmar çıxıb. Hətta o, “Le Journal”da dərc olunan “Ermənistana kömək et” sərlövhəli məqaləsində vurğulayıb ki,  Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olar. Şübhəsiz, bütün bunlar Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir göstəricisidir.

Dünən Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfər edib. O, bununla bağlı "X" hesabında paylaşım edib: "Birinci səfərimdən 5 ay sonra yenidən Ermənistandayam. Dostluq, dəstək və həmrəylik!" Xanım nazir  səfər çərçivəsində könüllü olaraq Qarabağdan Ermənistana gəlmiş şəxslərlə, həmçinin Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb. Bununla da Fransanın Ermənistanın yanında olmaq öhdəliyini, daha doğrusu, təcavüzkar ölkəyə “sadiqliyini”  bir daha nümayiş etdirib.

Katrin Kolonna “X” platformasındakı hesabında Ağrı dağının şəklini paylaşıb.  Hələ səfər ərəfəsində Katrin Kolonna Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəklərini, Yerevana hərbi attaşşe təyin olunacağını, Sünikdə konsulluğun açılacağını bildirmişdi.

Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulan Fransa özünün yeni vassalına bir töhfə də verib. Belə ki, ölkəmizin erməni işğalından azad olunmasından, qondarma qurumun özünü buraxması qərarından mütəəssir olan Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupu fəaliyyətini dayandırıb. Üstəlik, Fransa senatorları və deputatları Fransa hökumətinə Azərbaycan rəhbərlərinin və onların yaxınlarının əmlakına qarşı sanksiyalar tətbiq edilməsi, onların aktivlərinin dondurulması barədə tələb irəli sürüblər. Bununla da rəsmi Paris bir daha  Ermənistanı tam dəstəklədiyini bəyan edib. Bu həm də Fransa parlamentində Azərbaycana qarşı düşmənçilik hökm sürməsindən xəbər verir.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa Respublikasının Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayıb. Odur ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırıb.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın uğurları, sülhün bir addımlığında olması dünyada, o cümlədən Afrikada nüfuzunu itirən Fransanın Cənubi Qafqazda həyata keçirmək istədiyi müstəmləkəçilik, eləcə də  bölgədə möhkəmlənmək siyasətinə uyğun gəlmir. Ona görə də münaqişələr, hərbi çevrilişlər sahəsində ustalaşan, Ermənistanın xarici siyasətində dəyişikliklər etməyə imkan verəcək rıçaqlara yiyələnmək istəyən Fransa bölgədə yeni reallıqlar yaratmış, "boz zona"lar probleminə birdəfəlik son qoymuş rəsmi Bakıya qarşı belə avantürist mövqe sərgiləyir.

Unutmaq lazım deyil ki, Ermənistan müstəqillik qazandığı gündən müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün “forpost” olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. Ekspertlər hesab edir ki, Fransa və bəzi digər Qərb dairələri Ermənistanı Rusiya ilə mübarizənin növbəti cəbhəsinə çevirməyə çalışırlar. Rusiyanın Ermənistanda hərbi mövcudluğuna alternativ olaraq Fransanın da bu ölkədə hərbi mövcudluğuna nail olmaq istəyirlər. Bu isə, müstəqilliyi onsuz da formal xarakter daşıyan bir ölkəyə yaxşı heç nə vəd etmir.

Bir sözlə, separatizmin dəstəklənməsi ilə geosiyasi mənfəət əldə etməyə çalışan, prezidentindən tutmuş hansısa əyalət şəhərinin merinədək Azərbaycana hədyanlar yağdıran, rəsmi Bakını sanksiyalar, cəzalar, embarqolar tətbiq etməklə hədələyən Fransanın bu gedişləri göstərir ki, rəsmi Paris Ermənistanı yeni qan-qadaya hazırlamaqla yanaşı, onu sözün həqiqi mənasında müharibəyə sürükləyir. Qeyd edək ki, sentyabrın 20-xalqa müraciətində “Dünya¬nın o başında oturub bizə qarşı əsas¬sız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən” deyən Prezident İlham Əliyev sentyab¬rın 29-da “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu¬nun açılış mərasimində Azərbay¬canın Ermənistanla sülhə hazır olduğunu bildirməklə yanaşı, bəzilərinin hələ də qisasçılıq, revanşist ideyalarla yaşadıqlarını bir daha vurğulamışdı. Amma bu, bir həqiqətdir ki, erməni təəssübkeşliyinə digər Avropa dövlətləri qoşulmur. Çünki onlar Makron Fransasının niyyətindən yaxşı xəbərdardırlar.

Şübhəsiz, bu, xarici himayəçilərinin forpostu olmağa üstünlük verən Ermənistana yaxşı  heç nə vəd etmir. Yəni, Ermənistan indiyədək uğradığı hərbi və siyasi məğlubiyyətlərdən nəticə çıxarmalıdır. Əks halda, Azərbaycan növbəti dəfə Ermənistana, eyni zamanda, Fransaya sübut edə bilər ki, o, hansısa Afrika ölkəsi deyil; düşmənə və havadarlarına cavab verməyə qadir olan  və kimsənin təsirinə düşməyən  suveren dövlətdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”