04 oktyabr 2023 02:36
325

Qarabağ iqtisadi rayonu: Reinteqrasiya qaçılmaz prosesə çevrilir

Hərbi xuntanın girovluğundan qurtulan və Qarabağda qalan erməniəsilli sakinlər məmnuniyyətlə Azərbaycan vətəndaşlığı üçün müraciət edirlər

Xəbər verildiyi kimi, bir neçə ay öncə artıq ləğv edilmiş qondarma separatçı rejimin nümayəndəsi David Babayan bəyan etmişdi ki, Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində yaşamağa razı olmayacaqlar. O, qeyd etmişdi ki, əgər reinteqrasiya qaçılmaz olarsa, onlar ərazini tərk etməyi üstün tutacaqlar. Daha sonra Qarabağda sentyabrın 19-da başlayan və bir sutkadan da az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində vəziyyət dəyişdi, Qarabağ erməniləri anladılar ki, onların “genosid” adlandırdıqları reinteqrasiya qaçılmazdır. Ona görə əhalinin çox hissəsi Azərbaycan tərəfindən hər hansı təsir olmadan çıxıb getmək qərarına gəldi, bəziləri isə reinteqrasiyaya razı oldu. Hazırda Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyəti davam etdirirlər. Hər iki qurumun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə 5, bölgədə keçirilmiş səyyar qəbul zamanı isə 2 sakin könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Həmin 7 sakinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib. Müraciət edənlərin hər biri Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını əldə edərək Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini bildiriblər. Bundan başqa, səyyar qəbul zamanı digər sakinlərlə hüquqi maarifləndirmə işi aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib.

Qeyd edək ki, bir neçə gün öncə rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını açıqladı. Bu barədə Azərbaycan Prezidentinin Adminstrasiyasının məlumatında deyilir: Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Qarabağda bələdiyyələr formalaşdırılır, sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir Tərksilah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır. Azərbaycanın daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər. Sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi üçün təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri nəzərdə tutulur. Bölgədə Azərbaycan manatının işlənməsi təmin edilir. Həmçinin sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanırlar. Onların öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur. Erməni dilinin istifadəsinə imkan yaradılır və s.

Göründüyü kimi, rəsmi Bakının məqsədi 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Ölkəmizi olmazın məsələlərdə ittiham edən yaxın-uzaq xa­ricdəki bəzi xəbis niyyətli dairələrin söylə­diklərinin əksinə olaraq, hər bir Azərbay­can vətəndaşı kimi, Qarabağda yaşayan ermənilərin də həyatı dövlətimiz üçün çox qiymətlidir. Reinteqrasiya prosesi erməni əhalisinin dini, təhsil, mədəni, bələdiyyə kimi bütün hüquqları qorunaraq aparılır. "Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ, reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair öz baxışımızı təqdim etmişik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı qeyd edib.

Ölkəmiz xunta rejiminin yalanları ilə beyinləri doldurulmuş erməni əhalisini bütün bu münaqişələrdən məsul tutmur və erməni sakinlərini qoruyaraq, reinteqrasiya etməkdə qətiyyətli mövqeyini ortaya qoyur. Bu istiqamətdə BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərksilah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" sosial hesabında Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə cavabında qeyd edib. Beləliklə, reinteqrasiya artıq qaçılmaz prosesə çevrilib və şübhəsiz ki, yaxın dövrün ən aktual, bəlkə də ən çox mü­zakirə olunacaq mövzularından olacaq. Prosesin mürəkkəb və davamlı olduğu­nu hamı dərk edir. Bu prosesində ən vacib və ən prinsipial məsələ isə siyasi ira­dənin mövcudluğudur. Dövlət başçımız həmin siyasi iradəni sentyabrın 20-də xalqa müraciətində həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə növbəti dəfə aşkar şəkildə nümayiş etdirdi. Prezi­dent İlham Əliyevin “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır” sözləri Qarabağ ermənilərinin reinteq­rasiyası ilə bağlı Azərbaycan dövlətinin prinsipial mövqeyinin sübutudur.

Sevinc Azadi, “İki sahil”