03 oktyabr 2023 00:58
352

Müasirləşmə Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirir

Dövlət başçısı İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində bir daha bildirdi ki, Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcək

Azərbaycan ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbirlərlə dünyanın diqqətindədir. İqtisadi, siyasi, humanitar tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunan Azərbaycan onlara ev sahibliyi ilə malik olduğu imkanları təqdim edir. Hər bir sahədə təcrübəsi nümunə olan ölkəmizin yeni texnologiyaların inkişafı və tətbiqi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyimizi şərtləndirdi. Oktyabarın 2-dən başlayan və 5 gün davam edəcək tədbirə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb. Bu, tədbirin önəminin, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Konqres Mərkəzində öz işinə başlayan 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak etdilər. Cənab İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın 10 ildən artıqdır beynəlxalq kosmos klubunun üzvü olduğunu bildirdi. Bu gün iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var. Bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik. Cənab İlham Əliyev Konqresin Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini xüsusi vurğulayaraq onu da əlavə etdi ki, müasirləşmə Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib.

Təbii ki, keçirilən hər bir beynəlxalq səviyyəli tədbir ona ev sahibliyi edən ölkənin, eyni zamanda, iştirakçı dövlətlərin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu tədbirlərin əhəmiyyəti həm onların keçirildiyi məkan, eyni zamanda, gündəmə gətirilərək müzakirə olunan məsələlər baxımından diqqət çəkir. 2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın dayanıqlı inkişafının təminatında da özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev ilk gündən bu çağırış etdi ki, neft kapitalını insan kapitalına çevirməliyik. Bu mühüm məqam da açıqlandı ki, dünyanın inkişf etmiş ölkələrinə diqqət yetirsək inkişafın, tərəqqinin əsasında təhsilin, elmin, yeni texnologiyaların dayandığını aydın şəkildə görərik. Azərbaycan da hər bir yeniliyin ölkəmizdə tətbiqində maraqlıdır.

Cənab İlham Əliyev atılan addımlara söykənərək onu da qeyd edir ki, müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq. Azərbaycan indi kosmik dövlətə çevrilib. Ölkəmizdə kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək: «Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq.»

Məlumdur ki, Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında 2019-cu ildə keçirilən seçkilərdə kosmos ailəsinin üzvü olan Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi qərara alınmışdır. Konqres iştirakçılarına videomüraciətində Azərbaycana göstərilən bu etimad üçün minnətdarlığını bildirən Prezident İlham Əliyev kosmik sənayenin inkişafı istiqamətində böyük uğurlar qazanan ölkəmizin nailiyyətlərini də diqqətə çatdırmışdır. Həmin seçimdə Bakı ilə bərabər, daha üç böyük şəhər - Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri namizədliyini irəli sürmüşdü. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Bu etimad beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycana hörmətin ifadəsidir. Azərbaycan isə təbii zənginlikləri, eyni zamanda, kosmik ailənin üzvü olmaqla da böyük nüfuz qazanıb. O da məlumdur ki, Sovet İttifaqında ilk və yeganə Konqres də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə, İttifaqın tərkibində olan Azərbaycanda keçirilmişdir.

Dövlət başçısı İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edərkən Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətinə toxunaraq, bu tədbirə ev sahibliyi etməsi üçün ölkəmizin seçilməsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işlərinin görüldüyünü vurğuladı. Xeyli sayda qonağın iştirak edəcəyi bu tədbirin Azərbaycan ilə daha yaxından tanış olmaq və gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından önəmli olduğu xüsusi qeyd edildi. Kley Mouri Azərbaycana gəlməkdən məmnunluğunu bildirərək, 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi, Azərbaycanın Konqresə hazırlığını yüksək qiymətləndirdi. Konqresin əhəmiyyətinə toxunan qonaq burada 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakını tədbirə verilən önəmin göstəricisi kimi dəyərləndirdi.

Qeyd etdi ki, bu tədbir indiyədək keçirilmiş digər konqreslərlə müqayisədə iştirakçıların sayı və tərkibi baxımından eyni səviyyədədir, hətta bəzi göstəricilərə görə onlardan da üstündür.

Uzun illərdən sonra - 2023-cü ildə Azərbaycanın ikinci dəfə belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi müstəqilliyimizin tarixi nailiyyətlərindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, paytaxtımızın ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyinin rəmzi mənası var: «Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək… Bu gün Azərbaycan kosmik klubun üzvüdür və 3 peyki ilə öz fəaliyyətini davam etdirir.»

Müstəqillik dövründə möhtəşəm inkişafa nail olan, beynəlxalq arenada böyük nüfuz qazanan, təbii sərvətlərini insan kapitalına çevirən Azərbaycanda kosmik sənayenin inkişafı naminə qarşıdakı illər üçün də fəaliyyət proqramları hazırlanıb. Ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişafı istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə «İnformasiya-kommunikasiya Texnologiyaları İli» elvn edilməsi, həmin ildə ilk kosmik peykin buraxılması Azərbaycanın yeni texnologyaların inkişafına göstərdiyi diqqətin və bunun nəticəsində qazandığı uğurların təqdimatıdır.

Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqladı. Belə ki, son 20 ildə ümumi daxili məhsulun 4 dəfə, büdcə gəlirlərinin 30 dəfə, xarici ticarət dövriyyəsinin 10 dəfə artdığını söyləyən dövlətimizin başçısı bildirdi ki, biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik. Bu mühüm məqam da xüsusi qeyd olundu ki, ölkəmizdə sərmayə mühiti çox müsbətdir. Son 30 ildə Azərbaycana 300 milyard dollardan artıq vəsait qoyulub.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın malik olduğu təbii resurslarından geniş bəhs edərək bildirdi ki, Azərbaycan XIX əsrin ortalarında dünyada neft hasil edən ilk ölkə olub. O zaman dünya neft hasilatının həcminin yarısını hasil edirdik. Ola bilər bir çox adam bilmir ki, dənizdə də ilk neft hasilatı Azərbaycan neftçiləri tərəfindən XX əsrin ortalarında həyata keçirilib: “Bu gün müstəqil olduğumuz dövrdə bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizdən düzgün istifadə etmişik.»

Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsinin nəticəsidir ki, bu gün beynəlxalq aləmdə arzuolunan və etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. 1994-cu ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi üçün geniş imkanlar yarandı. Ölkəmizə inamın artması tərəfdaş ölkələrin sayınında özünün aydın ifadəsini tapır. Bu gün əminliklə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminaatçısıdır. Azərbaycanın reallığa çevirdyi enerji layihələri dünyanın enerji xəritəsinin dəyişdirilməsində öz sözünü deyir. Hazırda Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin tam şəkildə istifadəyə verilməsi ilə ölkəmizin və iştirakçı dövlətlərin iqtisadi imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayır. Uğurlu iqtisadi inkişaf ölkəmizin öz təbii sərvətlərindən güclü iqtisadiyyat qurmaq üçün istifadə etdiyini bir daha təsdiqləyir. Konqresdəki çıxışında «Bu gün enerji və nəqliyyat xəritələrinə baxsanız, o cümlədən boru kəmərlərinə nəzər salsanız, görəcəksiniz ki, burada Azərbaycanın izi var. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və tərəfdaşlarımızla birlikdə onları uğurla həyata keçirmişik. Bununla da təkcə bizim bölgənin deyil, daha geniş regionun enerji təhlükəsizliyini təmin etmişik» söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu gün enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabərdir, onun vacib elementini təşkil edir. Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.

Postmünaqişə dövründə keçirilən tədbirlərin hər birində dövlət başçısı İlham Əliyev Azərbaycanın tarixi Zəfərindən, onu şərtləndirən amillərdən, yaratdığı reallıqlardan, ən əsası Azərbaycanın təqdim etdiyi sülh gündəliyindən geniş bəhs edir. Bu baxımdan cənab İlham Əliyevin Korqresdəki çıxışı da diqqətçəkən oldu. Ölkə Prezidenti bir daha bildirdi ki, üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. İşğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq. 28 il ərzində danışıqlar prosesinə sadiqlik nümayiş etdirdiyimizi, lakin üç il əvvəl BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdiyimizi vurğulayan dövlətimizin başçısı bildirdi ki, ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik.

Cənab İlham Əliyev bu reallığı da tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik: “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk.»

Göründüyü kimi, beynəlxalq əhəmiyyətli tədbirlərin hər biri ölkəmizin malik olduğu imkanlarla yanaşı, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında bir platforma rolunu oynayır.

30 ilin işğalına 44 gündə son qoyan Azərbaycan tarixi Zəfərindən dərhal sonra Ermənistana bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Bu sülh təklifi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəliklərin yerinə yetirilməsinə səy göstərdiyi halda Ermənistan bu müqavilənin imzalanması posesinin uzanması üçün müxtəlif yollara, ən əsası təxribatlara əl atır. Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdikləri terror aktı Azərbaycan tərəfinin lokal antiterror tədbirlərinə başlamasına səbəb oldu. Qısa zamanda, bir gün ərzində qarşı tərəfin Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməsi, hətta bu günədək Azərbaycan nümayəndələri ilə görüşdən imstina edən Qarabağda yaşayan ermənilərin hətta ölkəmizin təklif etdiyi məkanda-Yevlaxda bir araya gəlməyə razılıq verməsi bir daha Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin uğurlu nəticəsi kimi dəyərləndirildi. Azərbaycanın suverenliyinin tam təmin olunması xalqımızda böyük qürur hissi yaratdı. Qondarma «Dağlıq Qarabağ Respublikası» tarixin zibilliyinə atıldı.

Təbii ki, hər bir uğur Azərbaycanın həyata keçirdiyi siyasətin gələcəyə hesablandığını və hər bir addımın zamanında atıldığını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev Konqresdə Azərbaycanın uğurlarının təhlili fonunda bir daha belə bir ümumiləşdirmənin reallıq olduğunu təsdiqlədi ki, bu gün dünyanın inkişafı müasir texnologiyaların inkişafından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır.

Qitələrarası əməkdaşlğı möhkəmləndirən, coğrafiyası genişlənən qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar kimi rolu artan Azərbaycanın informasiya-texnologiyaları sahəsində də liderliyini qoruması XXI əsrin çağırışlarına cavabdır. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.

Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinin proqramı olduqca məhsuldardır. Konqresin rəsmi açılış mərasimindən sonra tədbir çərçivəsində nazirlərin və parlament üzvlərinin beynəlxalq görüşü, BMT və IAF-in birgə seminarı (UN/IAF Workshop), Beynəlxalq Astronavtika Akademiyasının tədbirləri (IAA Activities), Kosmik Nəsil Məşvərət Şurasının Konqresi (Space Generation Congress), Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun tədbirləri (IISL Moot Court Semi-Finals & Finals), Beynəlxalq Kosmik Təhsil Şurasının seminarı (ISEB Educators Professional Development Workshop), texniki sessiyalar da təşkil olunacaq. Beynəlxalq tədbir ölkəmizdə kosmik sahədə innovasiyaya, tədqiqatlara və inkişafa töhfə verəcək. Həmçinin Azərbaycan gənclərinin kosmos və yüksək texnologiyalara marağının artırılması və yeni texnoloji inkişaf dövrünə hazırlığını təşviq edəcək. Ölkəmizin qlobal müstəvidə artan nüfuzuna dəstək, kosmos diplomatiyası və irihəcmli beynəlxalq kosmik layihələrdə iştirak imkanları yaranacaq.

Yeganə Əliyeva, «İki sahil»