03 oktyabr 2023 01:15
310

Fransanın “forpostu” olmaq istəyi Ermənistana baha başa gələ bilər

Hayastanın hərbi-siyasi rəhbərliyi unutmamalıdır ki, yeni himayəçi tapmaq arzusu ilə atılan səhv addımlar nəticəsində bu ölkə Livanın taleyini yaşacaq

Azərbaycanın 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını 30 illik işğaldan azad etməsi Ermənistanın digər havadarları kimi, uzun müddət təcavüzkarı dəstəkləyən Fransanı da təşvişə salmışdı.  2022-ci il noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi bədnam qətnamə isə fransızların siyasi riyakarlığının növbəti təsdiqi oldu. Bu qətnamə milli dözümsüzlük, irqçilik, eləcə də ölkədə geniş vüsət almış Azərbaycanofobiyanın və islamofobiyanın təzahürüdür.

Danılmaz faktdır ki, qırx dörd günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalı altında olan ərazilərini azad etdikdən sonra Fransa regionda birmənalı ermənipərəst siyasət yürüdərək ölkəmizə qarşı hər addımda düşmən münasibəti sərgiləyir. Fransa rəsmilərinin son zamanlardakı açıqlamaları  bir daha göstərir ki, sentyabrın 19-20-də aparılan antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərdə bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişənin  bitməsi ermənipərəst Fransanı daha da qıcıqlandırıb.

Fransa rəsmiləri son günlər daha da irəli gedərək ölkəmiz haqqında həqiqətə uyğun olmayan təhdidedici fikirlər səsləndirməklə bütün  sərhədləri aşırlar. Lap əvvəldən erməni separatizmini dəstəkləyən Fransanın müdafiə naziri Sebastyan Lekornyunun bu günlərdəki hərzə-mərzə açıqlamaları, hədyanları, təcavüzkar Ermənistana dəstək bəyanatları bunun əyani təsdiqidir. S. Lekornyu bildirib ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. O, həmçinin deyib ki, prezident ( E.Makron ) şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, (Makron) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”.

Heç kimə sirr deyil ki, XXI əsrdə hələ də neomüstəmləkəçi və riyakar siyasətindən əl çəkə bilməyən Fransa regiondakı geosiysi maraqlarını həyata keçirmək üçün Ermənistandan bir vasitə kimi istifadə edir. Bu başabəla müdafiə naziri, həmçinin deyib ki, biz ölkədə (Ermənistanda) indiyədək mövzud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək.

Məsələ burasındadır ki, Ermənistana hərbi dəstək məsələsində Fransanın müdafiə naziri Sebastyan Lekornyu, prezident Emmanuel Makron, xarici işlər naziri Ketrin Kolonna və ermənipərəsət senatorlarla və siyasətçilərlə yanaşı, bu ölkənin sabiq dövlət başçısı Fransua Oland da son zamanlar fəallaşıb. Ermənipərəsət mövqeyi ilə daim diqqəti çəkən F. Olanda bildirib ki, Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı: “Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb”.

Son zamanlar Fransadan gələn bu tipli bəyanatlar göstərir ki, rəsmi Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əmin-amanlığın təmin olunmasında yox, müharibə və münqaişələr üzərində qululub. Bu gün Afrikada Fransanın təhriki və birbaşa iştirakı ilə davam edən  münaqişəlır, hərbi çevrilişlər və s. bunun bariz nümunəsidir. Birmənalı demək olar ki, Fransa bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır. Bütün bunlar bir daha təsdiq edir ki, bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir.

Daha bir məqam isə bundan ibarətdir ki, Parisdə səslənən “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir” kimi sayıqlamalar Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir göstəricisidir. Yəni,  Fransa rəsmilərinin ermənipərəst mövqedən çıxış edərək “sərhədlərin müqəssədliyi” kimi açıqlamaları müasir səlibçilik siyasəti kimi dəyərləndirilməlidir.

Əslində Fransa başda olmaqla digər ermənipərəst dairələr də yaxşı bilirlər ki, Ermənistan müstəqillik qazandığı gündən indiyədək müstəqil siyasət yürütməyib və daim xarici himayəçilər üçün “forpost” olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir.

Nəhayət, Ermənistan uğradığı hərbi-siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Hayastanın hərbi-siyasi rəhbərliyi unutmamalıdır ki, yeni himayəçi tapmaq və bu dəfə Fransanın “forpostu” olmaq istəyi Ermənistana baha başa gələ bilər. Belə ki, atılan səhv addımlar nəticəsində Ermənistan Livanın taleyini yaşacaq.

Zahid Rza, “İki sahil”