03 oktyabr 2023 01:57
388

BMT missiyasının üzləşdiyi real mənzərə

Cavab verə bilməyəcəyimiz sual, gizlədəcəyimiz heç nə yoxdur!

Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti əsasında Yevlaxda, Xocalıda Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə keçirilən görüşdə beynəlxalq normalar və qanunlar çərçivəsində reinteqrasiya, infrastrukturun bərpası və digər məsələlər üzrə müzakirələr aparıldı. Rəsmi Bakı bu müzakirələr zamanı üzərinə götürdüyü öhdəlikləri uğurla həyata keçirməyə başlayıb.

Artıq Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməniəsilli əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda orada Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat  nazirliklərinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Dövlət Miqrasiya Xidmətinin, "Azərsu" ASC-nin, ANAMA-nın və "Azərişıq" ASC-nin nümayəndələri fəaliyyət göstərirlər.

Göründüyü kimi, dövlətimiz  müəyyən çətinliklərə rəğmən özünün Qara­bağdakı erməni vətəndaşları üçün mümkün olan hər şeyi edir. Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi erməniəsilli sakinlərin də ürəyincədir.

Amma bütun bunlara rəğmən Ermənistan və onun havadarları, xüsusilə Makron Fransası Azərbaycanın bu humanist addımlarına, eyni zamanda erməniəsilli şəxslərin Qarabağı könüllü tərk etmələrinə müxtəlif siyasi don geyindirməyə səy göstərirlər. Elə bu səbəbdən Azərbaycan vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək məqsədilə BMT missiyasını Qarabağa dəvət edib. Tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələrinin daxil olduğu missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək. Qeyd edək ki,  BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Artıq BMT-nin Azərbaycandakı rezident əlqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Azərbaycanın Xankəndi və ətraf bölgəsinə, o cümlədən Laçın sərhəd-keçid məntəqəsinə səfər ediblər.  Necə deyərlər, hər şeyi öz gözləri ilə görüblər. Hərçənd bununla bağlı açıqlamalar verilməsə də, yayılan fotolardan BMT nümayəndələrinin Azərbaycanın humanistliyindən məmnun olduqları açıq-aydın görünür. Bu isə o deməkdir ki, onlar Azərbaycan tərəfindən ermənilərə qarşı beynəlxalq hüquq normalarına zidd davranış hallarının törədilməsini təsdiq edəcək faktlar qeydə almayıblar. Bəli, onlar görürlər ki, rəsmi Bakı həqiqətən də taleyüklü məsələyə çox həssas yanaşır. Yəni, erməniəsilli vətəndaşların Qarabağı tərk etmələrinin ermənipərəst dairələrin bildirdikləri kimi heç bir "çətinlik”lə, "humanitar böhran”la, "təhlükəsizlik"lə, “etnik təmizləmə” ilə əlaqəsi yoxdur. Onlar görürlər ki, Azərbaycan Ordusunun qısamüddətli lokal antiterror tədbirləri nəticəsində mülki əhaliyə zərər dəyməyib, şəhərlərə, kəndlərə zərbələr endirilməyib. Azərbaycan  Xankəndidə və ətraf ərazilərdə sadəcə suverən hüquqlarını, Konstitusiyasının fəaliyyətini bərpa edir. Onlar görürlər ki, Azərbaycanın  cavab vetə bilməyəcəyi sual, gizlədəcəyi hər nə isə yoxdur.  Yəni, beynəlxalq müşahidəçilərin qeydə ala biləcəyi hər hansı mənfi situasiya mövcud deyil. O ki qaldı missiyanın  vəziyyəti necə dəyərləndirəcəyinə, təbii ki, öncədən bu barədə fikir yürütmək o qədər da asan deyil. Amma fikirmizcə, BMT-nin missiyasının Azərbaycanı təqdir edəcəyi əsla şübhə doğurmur. Təki onlar olaylara ikili standartlardan yanaşmasınlar.

Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının nümayəndəsi Kavita Belani qurumun Cenevrə ofisinin həftəlik mətbuat konfransında bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistana köçməsi zamanı heç bir neqativ müraciət qeydə alınmayıb: “Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı heç bir fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb”.

Burada bir məsələni də vurğulamaq yerinə düşərdi. Erməniəsilli şəxslər üçün əldən-ayaqdan gedən BMT nümayəndələri nədənsə, Azərbaycanın son 35 il ərzində dağıdılıb, yerlə-yeksan edilən şəhər və kəndlərini görmək istəmirlər. Kaş onlar ermənilərin barbarlıqlarını da görəydilər. Görünür, onları Azərbaycanın ermənilər tərəfindən dağıdılmış şəhərləri, kəndləri, yurdlarında didərgin düşmüş, qaçarkən ermənilər tərəfindən atəşə tutulmuş, qəddarlığa, işgəncələrə məruz qalmış şəxsləri o qədər də maraqlandırmır.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim sözümüz imzamız qədər keçərlidir.  Özü də dövlət başçımız öz əməli işləri ilə bunu dəfələrlə təsdiq edib. Görünür, BMT nümayəndələri dövlət başçımızın bu müdrik kəlamının nəticələrini öz gözləri ilə görməyə üstünlük veriblər.

Qvami Məhəbbətoğlu, “İki sahil”