03 oktyabr 2023 02:16
348

Donor təşkilatları bir milyona yaxın azərbaycanlının haqqını niyə düşünmürlər?

Ayrı-seçkiliyin, ikili standartların daha bir bariz nümunəsi

Azərbaycan 23 saatlıq antiterror tədbirləri ilə regionun əsas hərbi gücü və həlledici siyasi iradə sahibi kimi dünyaya beynəlxalq humanizm nümunəsi göstərdi. Bildiyimiz kimi, Prezident İlham Əliyevin xalqa müraciətində də ifadə etdiyi kimi, Azərbaycanın Silahlı Qüvvələrinə lokal antiterror tədbirləri zamanı mülki əhaliyə, mülki obyektlərə münasibətdə xüsusi həssaslıqla davranmaq tapşırığı verilmişdi və nəticədə ümumiyyətlə, Qarabağın erməni sakinləri arasında hərbi əməliyyatların iştirakçısı olmayan heç bir şəxs xəsarət almadı. Eyni zamanda, heç bir mülki obyektə zərər dəymədi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də aydın olurdu ki, separatçılar məqsədli şəkildə hərbi vasitələri daha çox mülki obyektlərə yaxın yerləşdirir, yaxud mülki avtomobilləri daha çox hərbi mövqelərin yaxınlığında saxlamaqla hədəfə alınmasını istəyirdilər. Bununla da Azərbaycana münasibətdə beynəlxalq humanitar hüququn pozuntusu görüntüsünü yaratmaq niyyətində idilər. Lakin möhtərəm Prezidentimizin qəti tapşırığı və Silahlı Qüvvələrimizin bölmələrinin peşəkar davranışları ilə Azərbaycan özünün məqsədləri ilə barəbər, beynəlxalq humanitar hüququn aliliyini də təmin edə bildi.

Ümumiyyətlə, Azərbaycanın lokal antiterror tədbirlərindən sonra atdığı addımlar dünyanın əksər ölkələri üçün humanizm dərsidir. Dünya tarixində bəlkə də mümkünsüz sayılan bu addımlar Azərbaycanın dövlət olaraq prinsiplərinin sarsılmaz dayaqlar üzərində durduğundan xəbər verir. Lokal antiterror tədbirlərindən dərhal sonra Azərbaycan bölgədə humanitar addımlar atmağa başlayıb. Yevlax şəhərində erməni sakinləri qəbul edən Azərbaycanın məsul nümayəndəsi dövlətimizin rəsmi mövqeyini onlara çatdırdı, reinteqrasiya proqramını təqdim etdi. Atılan bütün addımlara rəğmən, bu gün ermənilərin Qarabağı tərk etmək arzuları özlərinin seçimidir. Azərbaycan humanizm nümayiş etdirir – onların bu seçimlərinin rahat və təhlükəsiz şəkildə icra olunmasına şərait yaradır.  Yəni, dövlətimiz heç kimə çıxıb getməsi üçün təzyiq göstərmir. Azərbaycan torpaqlarını tərk etmək niyyətlərini bildirənlər bu addımı öz xoşları ilə atdıqlarını açıq şəkildə ifadə edirlər. Görünür ki, onlar Azərbaycan Bayrağı altında yaşamaq istəmirlər. Biz də beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara uyğun olaraq ölkə qanunları çərçivəsində yaşamaq istəməyən ermənilərin getmək arzularını adekvat şəkildə təhlükəsiz yola salmaq imkanları yaradaraq qarşılayırıq.

Ermənistan isə öz xoşu və razılığı ilə Qarabağı tərk edən ermənilərin sayı ilə manipulyasiya edir, himayədarlıq adı  altında qeyri-rəsmi ianə toplamağa çalışır.

Xatırlayaq ki, bu gün rahat, təhlükəsiz və ən əsası öz xoşu ilə Qarabağı tərk edənlərin tam əksinə olaraq 30 il qabaq azərbaycanlılar ayaqyalın, əyni çılpaq, ölüm qorxusu altında, hər şeylərini arxada buraxaraq dədə-baba yurdlarından qovulmuşdular. Dünyanın gözləri qarşısında baş vermiş bu haqsızlıq sükutla qarşılanmışdı. Əksinə, Ermənistan külli miqdarda humanitar yardım almış, Azərbaycana isə “907-ci düzəliş” adlı qeyri-insani münasibət göstərilmişdi. Bu gün Ermənistana yardım edən həmin donor təşkilatlar Azərbaycanı görməzdən gəlirdilər və bir milyona yaxın insanın taleyinə qarşı biganəlikdən başqa heç nə nümayiş etdirmirdilər. Bu gün də ölkəmizdə yüz minlərlə hələ də öz evinə, torpağına qayıda bilməyən insanlar var ki, ötən 30 ildə bir dəfə də olsun donor təşkilatların yadına düşməyiblər. Onlara hər hansı bir humanitar yardım göstərilmir. Halbuki onlar Ermənistanın əsl etnik təmizləmə siyasətinin qurbanına çevrilmişdilər. Onlar öz dədə-baba yurdlarında, öz evlərində yaşamaq hüquqlarından məhrum edilmişdilər. Amma bu gün Qarabağdan çıxan ermənilərə yardım üçün Qərb təsisatlatı sıraya düzülüblər. Bu ayrı-seçkilik, ikili standartların bariz nümunəsidir.

Bizə heç kəs kömək etməsə də, biz öz qaçqın və köçkünlərimizin qayğısına qalmağı bacardıq. Məlumatlı mənbələrdən oxuyuruq ki, Azərbaycan dövləti 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərcləyib. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2,5 milyardı dövlət Neft Fondundan, 1,4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən götürülüb.

Hətta torpaqlarımız düşmən işğalından azad ediləndən sonra da – 2020 – 2023-cü illərdə belə qaçqın və köçkünlərimizə vahid aylıq müavinət daxil olmaqla hər il üçün 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat, təhsil və s. xərclər dövlət tərəfindən ödənilir.

Ermənistan isə Qarabağdan köçmüş 35-40 min erməninin ( özləri həmin rəqəmi yarım milyon da göstərə bilərlər) problemlərini həll etməkdə acizdir. Çünki dövlətləri qondarma olduğu kimi, siyasətləri də daim xəyallara əsaslanıb. Kiminsə məqsədli şəkildə yaratdığı Ermənistan dövləti bu gün məhz kimlərinsə əlinə baxmaqdan başqa heç nəyə qadir deyil. Azərbaycanın təkliflərini qəbul edərək sülhə gəlsələr, təbii ki, ələbaxımlıqdan qurtara bilərlər.

Nigar Orucova, “İki sahil”