03 oktyabr 2023 02:37
320

Terrorçuya edam hökmü!..

Bəs İranın fars-molla rejimi səfirliyimizə qanlı hücumun təşkilatçılarını niyə tapıb cəzalandırmadı?

Nəhayət ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı qanlı terror aktından doqquz ay sonra cinayəti törətməkdə şübhəli bilinən Yasin Hüseynzadənin məhkəmə prosesi başa çatdı. İlk baxışda Tehran məhkəməsinin İran vətəndaşı olan Y.Hüseynzadəni ən ağır cəzaya – ölüm hökmünə məhkum etməsi son vaxtlar Azərbaycanla münasibətdə daha loyal davranmağa üstünlük verən fars-molla rejiminin iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasında maraqlı olduğu görüntüsünü yaradır. Sanki İran hakimiyyəti yüksək çinli məmurları səviyyəsində verdiyi açıqlamalarla, atdığı addımlarla illər boyu düşmənçilik etdiyi Azərbaycan qarşısında “günahlarını yumağa”, “yandırdığı körpüləri” yenidən bərpa etməyə çalışır. Hətta vaxtilə qatı ermənipərəst mövqeyini gizlətməyən fars-molla rejimi Azərbaycanın Ermənistan ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrinə və separatçı xunta rejiminə qarşı sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı obyektiv davranış nümayiş etdirdi, bu ölkənin mediası müəyyən istisnalar olmaqla Azərbaycanın haqlı, beynəlxalq hüquqa əsaslanan mövqeyini işıqlandırdı.

Bütün bu davranışları İran hakimiyyətinin münasibətlərin normallaşması baxımından irəliyə doğru atılmış müsbət addımlari kimi dəyərləndirmək olar. Ancaq hər şey bu qədər sadə deyil və elə təkcə Tehran məhkəməsinin hökmündə ciddi sual doğuran məqamlar var...

Məhkəmə prosesinin kifayət qədər uzun sürməsinə rəğmən instintaqın ədalətli və şəffaf aparıldığı inandırıcı görünmür. Əvvəla ona görə ki, terroru törədən Yasin Hüseynzadə haqqında edam cəzasının çıxarılsa da, qanlı hücumun əsl təşkilatçıları tapılaraq məsuliyyətə cəlb edilməyiblər. Bu isə 2023-cü il yanvarın 27-də səfirliyimizə hücumdan az sonra terror aktının törədilməsində İranın xüsusi xidmət orqanlarının əli olması ilə bağlı yayılmış ehtimalların heç də əsassız olmadığı qənaətini yaradır. Məsələ burasındadır ki, hadisənin törədildiyi ilk saatlarda Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi yerli “Tasnim” xəbər agentliyinə verdiyi açıqlamada Y.Hüseynzadənin səfirliyə iki azyaşlı uşağı ilə daxil olduğunu bildirərməklə cinayətə elə bəri başdan “şəxsi və ailə problemləri” donu geydirməyə çalışmışdı. Bundan az sonra terrorçuya rahat şəkildə İranın dövlət televiziyasına müsahibə vermək imkanının yaradılması da normal məntiqə uyğun addım deyildi. Cəmi iki gün keçməmiş isə artıq İran KİV-ində həkimlərin Yasinə “əqli çatışmazlıq” diaqnozu qoyduqları barədə xəbərlər yayılmışdı. Belə çıxırdı ki, “dəlinin biri”  “Kalaşnikov”la silahlanaraq İran polisinin gözü qarşısında “şəxsi və ailə problemləri” zəminində diplomatik nümayəndəliyimizə hücum edib, rahat şəkildə binanın qapısını qıraraq səfirliyimizin mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Həmin vaxt İranla Azərbaycan arasında siyasi gərginliyin son həddə çatdığını, fars rejiminin rəhbərliyi və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri səviyyəsində ölkəmizə qarşı qərəzli, hədyan dolu bəyanatlar verildiyini nəzərə alsaq səfirliyimizə hücuma göstərilən bu qədər bəsit, inandırıcı olmayan “səbəbin” gülünc ssenarisinin tələm-tələsik yazıldığını ehtimal etmək elə də çətin deyildi. Ancaq doqquz ay çəkən istintaqdan və məhkəmə prosesindən sonra da “motivin” dəyişməməsi və təkcə “əqli çatışmazlığı” olan Yasin Hüseynzadənin cəzalandırılması rəsmi Tehranın Azərbaycanla münasibətdə davranışlarının səmimi olmadığını göstərir.

Hər şey bir tərəfə, terror aktının istintaqının ədalətli və şəffaf aparılması İranın beynəlxalq qanunvericilik qarşısında da ciddi öhdəliyidir. Çünki 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olunmuş Diplomatik Əlaqələr haqqında konvensiyanın tələblərinə görə, səfirliyimizin təhlükəsizliyinə İran birbaşa məsuliyyət daşıdığı kimi, cinayətin operativ araşdırılmasına da bu ölkənin hakimiyyəti cavabdeh idi.

Y.Hüseynzadə haqqında məhkəmənin hökmünə gəlincə, məlum olduğu kimi, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. Yəni, öz vətəndaşlarına qarşı ən qəddar cəza üsullarını tətbiq etməkdən çəkinməyən, asılaraq öldürülən insanların sayına görə dünyada ilk yerlərdən birini, hətta birincisini tutan “edamlar ölkəsi” İrandan fərqli olaraq Azərbaycan ən qatı cinayətkarların belə cəzalandırılmasında humanizm prinsiplərini üstün tutur. Bu mənada Yasin Hüseynzadənin edam hökmünə məhkum edilməsi birmənalı olaraq İran məhkəməsinin qərarıdır və rəsmi Bakının heç vaxt belə bir tələbi olmayıb.

Bizim tələbimiz isə çox sadə idi – terrorçu ilə bərabər təşkilatçılar da tapılaraq, daha doğrusu ortaya çıxarılaraq cəzalandırılsın. Görünür, İran bütün son baş verən hadisələr rəğmən hələ də öz amluasındadır...

Mahir Rəsuloğlu, “İki sahil”