01 oktyabr 2023 21:05
551

Fransanın avantürist mövqeyi Ermənistana baha başa gələ bilər - ŞƏRH

Son illər Fransa “bacı”sı Ermənistan naminə bir sıra addımlar atdı. Belə ki, təcavüzkar ölkəyə ikiillik mandatla Avropa İttifaqının 100 nəfərdən ibarət yeni missiyasının, daha doğrusu, hərbiləşmiş missiyanın göndərilməsinə müvəffəq oldu. Ermə­nistandakı səfirlik yanında əlavə hərbi attaşe təyin etdi. "Humanitar böhran" şousu yaradıb ölkəmizə qarşı təzyiq göstərmək üçün bəzi dövlətlərin gücündən istifadə etməyə çalışdı. Üstəlik, bu şounun daha real görünməsi üçün 10 yük avtomobili "humanitar yardım"ı sərhədlərimizə göndərdi. BMT-nin Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə qətnamə və ya sənəd qəbul edilməsinə nail olmağa çalışdı. Azərbaycana qarşı bir-birinin dalınca “bəyanatlar” səsləndirdi və s. Amma rəsmi Bakının apardığı çevik siyasət nəticəsində Makron Fransası “bacısı”na gün ağlaya bilmədi. Amma kor tutduğun buraxmayan kimi Fransa yenə də öz çirkin əməllərindən əl çəkmir ki, əl çəkmir. Başqa sözlə desək, Makron Fransası axsaq atın kor nalbəndi funksiyasını yerinə yetirməkdə davam edir.

Bu il sentyabrın 19-da ermənilərin növbəti terror aktlarına cavab olaraq Azərbaycan Ordusu beynəlxalq normalar çərçivəsində lokal xa­rakterli antiterror tədbirləri həyata keçirərək hələ də Qarabağ iqtisadi rayonunun ərazisində qalan Ermənistan ordusunun qalıqlarını və separatçıları bir sutka ərzində ağ bayraq qaldırmağa vadar etdi. Məhz bundan sonra sülh danışıqları yenidən gündəmə gəldi, sülhə ümidlər artdı. Daha doğrusu, Azərbaycan Ordusunun Qarabağda apardığı son antiterror tədbirləri sülh müqaviləsi üçün böyük imkan yaratdı.

Amma belə bir sonluq, daha doğrusu, 30 ildən çox davam edən münaqişənin bitməsi təcavüzkar ölkənin birinci havadarı sayılan Fransanı daha da qıcıqlandırır. Odur ki, Fransa “bacısı” ilə hərbi əməkdaşlığı daha da genişləndirməyə start verib. Elə Fransanın müdafiə naziri Sebastyan Lekornyunun: “Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezidert (Makron – red) şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, (Makron – red) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”, - deməsi bunun sübutudur. Üstəlik, o vurğulayıb ki, biz Ermənistanda indiyədək mövcud olmayan və Ermənistan ordusu, Ermənistan hakimiyyəti ilə gündəlik dialoq aparmağa, xüsusən də lazım gələrsə, ehtiyaclarını öyrənməyə imkan verən müdafiə missiyası açmışıq. Özü də o, bu kimi addımların Ermənistandan gələn tələblər əsasında atıldığını da sözlərinə əlavə edib. 

Bu məsələdə Fransanın əvvəlki prezidenti Fransua Oland da Ermənistanı hər zaman dəstəkləyən Makronun bu “siyasət”inə qahmar çıxıb. Hətta o bildirib ki,  Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı: “Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb”. Şübhəsiz,  “Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb” firki Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir göstəricisidir.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın uğurları, sülhün bir addımlığında olması dünyada, o cümlədən Afrikada nüfuzunu itirən Fransanın Cənubi Qafqazda həyata keçirmək istədiyi müstəmləkəçilik, eləcə də  bölgədə möhkəmlənmək siyasətinə uyğun gəlmir. Ona görə də münaqişəlır, hərbi çevrilişlər sahəsində ustalaşmış Fransa bölgədə yeni reallıqlar yaratmış rəsmi Bakıya qarşı belə avantürist mövqe sərgiləyir. Bir sözlə, fransızların bu gedişləri göstərir ki, rəsmi Paris Ermənistanı yeni qan-qadaya hazırlamaqla yanaşı, onu sözün həqiqi mənasında müharibəyə təhrik edir. Amma bu, xarici himayəçilər üçün “forpost” olmağa üstüblük verən Ermənistana heç də yaxşı şeylər vəd edmir. Yəni, Ermənistan indiyədək uğradığı hərbi və siyasi məğlubiyyətlərdən nəticə çıxarmalıdır. Əks halda, Azərbaycan bir daha Ermənistana sübut edəcək ki, o, hansısa Afrika ölkəsi deyil. Azərbaycan düşmənə və havadarlarına cavab verməyə qadir olan  və kimsənin təsirinə düşməyən  suveren dövlətdir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”