30 sentyabr 2023 20:04
355

İkili standartlar və beynəlxalq münasibətlərdə güc amilinin ədalətdən üstün olması müasir dünya reallıqlarının acı təcəssümüdür - ŞƏRH

Müasir dünya nizamında Azərbaycanın Qarabağ bölgəsində baş verən proseslərə münasibət böyük dövlətlərin maraq və mənafelərindən irəli gələrək qərəzli, selektiv xarakter daşıyır. İndiki reallıqlar ikili standartlar, güc amilinin ədalətdən, dövlət maraqlarının düz-dürüst yanaşmadan üstün tutulmasında qaynaqlanır. Haqlı dura-dura haqsıza dəstək verilir, işğalçı dövlət qınanılmır, bölgədə dayanıqlı sülhün bərpasına maneələr törədilir, öz suveren ərazisində antiterror tədbirləri keçirən Azərbaycana qarşı hər cür təzyiqlər tətbiq edilir. Otuz ildən çoxdur ki, Naxçıvana gedən yolun Ermənistan tərəfindən bağlanması səbəbindən doğma yurdumuzun Azərbaycandan təcrid olunduğu halda, bizdən ermənilərə rahat gediş-gəliş üçün yol verilməsi israrla tələb olunur. Hərçənd ki, Ermənistana gedib-gəlmək üçün beynəlxalq qanunlar çərçivəsində bütün imkanlar yaradılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin şanlı Zəfərimizlə başa çatması və müharibədən sonra həyata keçirilən digər uğurlu əməliyyatlar, o cümlədən sentyabrın 19-20-də Ermənistan silahlı birləşmələrinin bölmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin tərksilah edilməsi məqsədilə keçirilən lokal antiterror tədbirlərinin uğurla başa çatması bölgədə qüvvələr nisbətini dəyişdirdi, yeni reallıqlar və vəziyyət yarandı.

Yaranmış reallıqlar aşağıda bəhs etdiyim məqamlarla bağlı haqq səsimizin dünyaya çatdırılması istiqamətində gördüyümüz işlərin intensivləşməsinin, mərhələlərlə, davamlı olaraq icra edilməsinin əhəmiyyətini daha da artırır. Düzdür, bu istiqamətdə böyük işlər görülüb. Lakin, yeni reallıqlar, eyni zamanda yeni imkanlar deməkdir. Hesab edirəm ki, beynəlxalq hüquq, təbliğat və ikitərəfli əməkdaşlıq, eləcə də diplomatik sahələrdə beynəlxalq ictimaiyyətinin diqqətinin cəlb edilməsinə hesablanaraq atılan addımların (beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində) gücləndirilmiş templə davam etdirilməsi artıq zamanın ən ümdə tələbidir.

İlk olaraq uzun müddət davam etmiş eko-aksiyanı xatırlatmaq istərdim. Fikrimcə, bir neçə ay davam edən eko-aksiya zamanı və aksiya bitdikdən, eləcə də Laçında sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra baş verən proseslərdə diqqət çəkən əsas məqamlardan biri Zəngəzur dəhlizinin açılması məsələsidir. Belə ki, qədim diyarımız Naxçıvanın Ermənistanın təcavüzkar, işğalçı niyyəti səbəbindən blokadaya alınmasına göz yumulur, həmçinin bu ölkə tərəfindən Naxçıvan istiqamətində avtomobil və dəmir yollarının açılması barədə beynəlxalq qurumlar tərəfindən heç bir real tələb və şərt irəli sürülmür. Zəngəzur dəhlizinin işə düşməsi istiqamətində diplomatik səylər hələ ki, bəzi qüvvələrin yaratdığı süni maneələr səbəbindən nəticə vermir və bu iş “ölü nöqtədən” hələ də tərpənmir. Əksinə, ermənilərin uydurma Laçın dəhlizinin açılması üçün böyük təzyiqlər göstərilir. Bu məsələdə də eyni vəziyyət hökm sürür: - ikili standartlar, qərəzli münasibət və qeyri-obyektiv yanaşma.

Bu məqamda haqlı sual ortaya çıxır. Otuz ildən çoxdur yolumuzu kəsən, insanlarımızın rahat hərəkət etməsinə imkan verməyən, beynəlxalq qanunlara məhəl qoymayaraq, bizə yol verməyənə niyə bizim yol verməyimiz belə israrla tələb edilir? Niyə Laçın yolu bağlanmadığı halda, sadəcə olaraq ermənilərin Qarabağ iqtisadi zonasındakı qanunsuz və cinayətkar fəaliyyətinin qarşısının alınması, təbii ehtiyatlarımızın amansızcasına, qanunsuz istismarına mane olmaq üçün ekofəalların - mülki insanların keçirdiyi aksiyaya, eyni zamanda Laçında sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlamasına belə canfəşanlıqla reaksiya verən qüvvələr 30 ildən çoxdur ki, bağlı qalan Bakı-Naxçıvan yolunun açılması ilə bağlı məsələyə gəldikdə susmağa üstünlük verirlər? Bu da öz növbəsində ikili standartların və ayrı-seçkiliyin təcəssümü deyilmi?

Hesab edirəm ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsində törətdiyi ekoloji terror məsələsinin dünya səviyyəsində daha kəskin qaldırılması, vurulan ziyanların hesablanması və beynəlxalq məhkəmələrə yenidən müraciətlərin olunması, həmçinin təzminatların istənilməsi də diplomatlarımızın, beynəlxalq hüquq üzrə mütəxəssislərimizin əsas vəzifələrindən biri olmalıdır. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru nəticəsində həlak olan, yaralanan hərbi qulluqçular və mülki şəxslərlə bağlı da beynəlxalq məhkəmələr qarşısında qaldırılan iddialar yenidən daha sürətli həyata keçirilməli, beynəlxalq səviyyədə belə əməllərin daha kəskin şəkildə pislənməsinə nail olunmalıdır.

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdəki dini, tarixi abidələrimizin, mülki təyinatlı tikintilərin və tarixi məzarlıqlarımızın dağıdılması, məhv edilməsi ilə bağlı milli-mədəni irsin qorunması üçün UNESCO və digər beynəlxalq təşkilatlar qarşısında məsələlərin qaldırılması prosesi də bir an belə gündəmdən düşməməlidir. Erməni vandalizminin ifşa edilməsi və dağıdılmış abidələrimizin bərpasına dünya təşkilatlarının cəlb edilməsi ilə bağlı aparılan işlər də planlı şəkildə davam etdirilməlidir.
Dini obyektlərimizə qarşı təhqiramiz hərəkətlər, inancımıza qarşı düşmənçilik əməlləri torpaqlarımızı 28 ildən çox müddətdə işğal altında saxlayan Ermənistan silahlı birləşmələri tərəfindən törədildiyi üçün bu əməllər də hərbi cinayətlər siyahısına daxil olunmalı, daha əsaslı faktlar və dəlillər toplanaraq Avropa və beynəlxalq məhkəmələrə yenidən təqdim edilməlidir.

Düşünürəm ki, azad edilmiş ərazilərimizdən hazırlanmış foto-video materiallar sayəsində Ermənistanın təcavüzü nəticəsində didərgin salınmış azərbaycanlıların əmlakını talan etmə, soyğunçuluq, qarət halları da hərbi cinayət olaraq təsnif olunmalı, toplanmış faktlar əsasında tərtib edilmiş yeni cinayət işləri üzrə istintaq tədbirləri daha ciddi şəkildə aparılmalıdır. Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının və işğal altında olan ərazilərimizdə soyğunçuluq edən bütün ermənilərin əməlləri barədə cinayət işləri əsaslı olaraq yenidən tərtib edilməli, hər fakt üzrə beynəlxalq məhkəmələr qarşısında vəsatət qaldırılmalı, insan hüquqları təşkilatlarına müraciət olunmalıdır.
Ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlılara qarşı törədilən ağlasığmaz işgəncələr, hərbi əsirlərə və dinc sakinlərimizə tətbiq edilən qeyri-insani zorakılıqlar barədə məruzələr də yenidən tərtib olunmalıdır.

Bir məqama da toxunmaq istərdim. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin  təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra xeyli sayda erməni sakinləri yaşayış yerlərini könüllü olaraq tərk edirlər. Ermənistan tərəfinin dəstəyi ilə bəzi qüvvələr və bəzi beynəlxalq media qurumları bu könüllü tərketmə prosesi ətrafında Azərbaycan dövlətinin nüfuzuna xələl yetirmək niyyətli siyasiləşdirilmiş şou yaradıblar.
Qarabağın erməni əsilli sakinlərinin Azərbaycan tərəfindən heç bir məcburiyyətə və zorakılığa məruz qalmadıqları halda Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedən erməni sakinlərlə bağlı media nümayəndələrimizin hazırladığı materialları izlədikcə maraqlı məsələlərə aydınlıq gətirmək mümkündür. Görünən odur ki, erməni sakinlərin çoxu Xankəndidə uzun illər mövcud olan xunta rejiminin təzyiqi, təhdidi və hədə-qorxusu sayəsində yaşayış yerlərini “könüllü” tərk edirlər. Separatçı qüvvələrin hədə-qorxusu təsiri altında evlərini tərk etməyə məcbur olduqlarını isə jurnalistlərə müsahibələr verən erməni sakinlər özləri kütləvi şəkildə etiraf edirlər. Düşünürəm ki, erməniləri Xankəndini tərk etməyə məcbur edən Ermənistan tərəfinin və separatçı xunta rejiminin bununla da bağlı məkrli, uzun müddətə hesablanmış planları vardır. Əminəm ki, Ermənistan tərəfi gələcəkdə həmin erməniləri bütün dünyaya məcburi köçkün və müharibə qurbanları kimi təqdim etməklə ölkəmiz haqqında dünya ictimaiyyətində mənfi rəy formalaşdırmağa çalışacaq, hansısa məqsədlər naminə dövlətimizə təzyiq üçün istifadə edəcəkdir. Həm də ki, rejimin əsirinə çevrilmiş və separatçı ideyalarla, azərbaycanlılara qarşı nifrət hissləri ilə beyinləri zəhərlənmiş bu kütlənin hesabına Ermənistan Avropa ölkələrindən və Amerikadan maliyyə yardımlar alacaqdır.

Bu arada qeyd edilməli daha bir məqam odur ki, Qarabağ bölgəsindən köçən ermənilər özləri belə bilərəkdən, yaxud da anlamadan gələcəkdə çirkin oyunlarda alət, vasitə olacaqlarını hələ də dərk edə bilmir. Son bir neçə gündür Ermənistana köçənlərin qarşılanmasından xüsusi canfəşanlıqla reportajlar hazırlayan bu ölkədə fəaliyyət göstərən “azad və ədalətli” bəzi xarici media nümayəndələrinin, eləcə də müxtəlif təbəqədən olan  yerli və beynəlxalq mütəxəssislərin fəaliyyəti bunu deməyə əsas verir ki, regionda sülhün bərqərar olmasını istəməyən və Ermənistandakı revanşist, xəstə təxəyyüllü qüvvələr, artıq haqqında danışdığım çirkin planların reallaşmasına başlayıblar. 
Hesab edirəm ki, bu çirkin təbliğat kampaniyaya ən düzgün və təsiredici cavab bizim erməni sakinlərlə humanist, qayğıkeş davranışlarımıza həsr olunmuş video süjetlərin və 1988-93-cü illərdə Ermənistanın etnik təmizləmə, təcavüzkar siyasəti sayəsində didərgin düşən azərbaycanlıların hansı vəziyyətdə yurd yerlərini tərk etdiklərini əks etdirən videomaterialların müqayisəli şəkildə geniş auditoriya üçün mütəmadi olaraq nümayiş etdirilməsidir. Fikrimcə, bu prosesə xarici ölkə media mənsublarının da cəlb edilməsi məqsədəuyğun olardı.

Bildiyimiz kimi, 30 il bundan əvvəl öz yurd yerlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlılar ac, susuz, boranda, qarda ayaqyalın dağlardan, meşələrdən keçməklə canlarını qurtara biliblər. Lakin ermənilər bu gün avtomobillərlə, heç bir zorakılıqla qarşılaşmadan, rahat şəkildə Ermənistana gedirlər. Əgər bizim başqa niyyətimiz olsaydı ermənilərə çörək, su verilməzdi, tibbi yardım göstərilməzdi. Nədənsə bu faktları da bəzi beynəlxalq qurumlar görmür və daha doğrusu görmək istəmirlər. Bu da ayrı-seçkiliyin və qərəzli yanaşmanın bariz nümunəsidir.

Sonda bir daha yol və dəhliz məsələsinə toxunmaq istərdim. Nədən Ermənistanı dəstəkləyən qüvvələr ermənilər üçün dəhliz tələb etdikləri halda, azərbaycanlılar üçün dəhliz açılması məsələsini heç dilə gətirmir? Niyə görə bizə Naxçıvana gedib-gəlmək üçün yol verməyənə dəstək verənlər, bizdən ona yol verilməsini belə xüsusi canfəşanlıqla, israrla tələb edir? Niyə görə Azərbaycanın ədalətli mövqeyi deyil, Ermənistanın təcavüzkar və işğalçı davranışı müdafiə olunur? Nədən ermənilərin humanitar böhran adlı şousuna dəstək verən qüvvələr, Naxçıvanın Ermənistanın düşmənçilik mövqeyi səbəbindən 30 ildən çox blokadada olduğunu heç yada salmır? Düşünürəm ki, bu məsələnin Naxçıvanın Ermənistan tərəfində blokadada saxlanılması kontekstində beynəlxalq səviyyədə müzakirə olunmasının davam edilməsinə nail olmağın da tam zamanıdır.

Niyə öz suveren ərazisində mövcud olan işğalçı dövlətə məxsus silahlı birləşmələrin bölmələrinin və qeyri-qanuni erməni silahlı qüvvələrinin təxribat-diversiya fəaliyyətinə qarşı antiterror tədbirləri həyata keçirən və mülki sakinlərin təhlükəsizliyinə hərtərəfli təminat verən Azərbaycan belə genişmiqyaslı təzyiqlərə məruz qalır? Niyə monoetnik dövlət olan Ermənistanda azərbaycanlıların kökünün kəsildiyi halda, multikultural dəyərlərə sadiq olan Azərbaycanda məskunlaşan erməni əsilli sakinlərin reinteqrasiyasına və həmin ərazilərdə dövlətimizin konstitusiya quruluşunun təmin edilməsinə, dövlət strukturlarının fəaliyyətinin bərpasına yönəlik addımlara bu qədər aqressiv reaksiya verilir?

Suallar çoxdur, lakin, adekvat cavablar və ədalətli yanaşma yoxdur. Bunun isə yalnız bir səbəbi var, bu da bölgədə baş verən proseslərə və Qarabağ iqtisadi zonasında cərəyan edən hadisələrə ədalətli deyil, ikili standartlar çərçivəsində yanaşmadır. Bu da haqlı dura-dura haqsızın dəstək aldığı, beynəlxalq münasibətlərdə güc amilinin ədalətdən üstün olduğu müasir dünya reallıqlarının acı təcəssümüdür.

İsa Eldaroğlu 
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü