29 sentyabr 2023 23:23
423

Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik

Dövlət başçısı İlham Əliyev Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılışındakı çıxışında bir daha bu çağırışı etdi ki, sülh əlçatandır

Bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik

“Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir.” Dövlət başçısı İlham Əliyev sentyabrın 29-da 53 ölkədən 200-ə yaxın xarici qonağın və ümumilikdə 400 iştirakçının qatıldığı, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən geniş bəhs etdi.

Reallıq budur ki, Azərbaycanın şəhərsalma təcrübəsi hazırda özünü tarixi sahibinə qayıtmış torpaqlarımızın bərpasında aydın şəkildə nümayiş etdirir. Paytaxt Bakıda görülən işlərdən bəhs etmədən bölgələrdə müasir tələblər səviyyəsində həyata keçirilən işlərdən danışmağımız təbii ki, səbəbsiz deyil. Bu baxımdan ki, paytaxt və bölgələr arasında fərqin tamamilə aradan götürülməsi bu gün bütün regionların, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin simasında özünü büruzə verir.

Zəngilan mühüm nəqliyyat qovşağına çevrilir

Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırıldı. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. İşğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarında beynəlxalq statusa malik hava limanı istifadəyə verilib, Laçın rayonunda isə tikintisi davam edir. Azad edilmiş şəhərlərin Baş planları hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamlara diqqəti yönəldərək bildirdi ki, bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, yenidən inşa edilmiş Konqres Mərkəzi sentyabrın 28-də açılıb. Zəngilan şəhərinin Baş planı artıq təsdiq edilib. İnfrastruktura böyük vəsait ayrılıb. Bir neçə yaşayış layihəsi icra edilməkdədir. Cənab İlham Əliyev bu hədəfi açıqladı ki, 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.

O da qeyd edildi ki, Zəngilan rayonunun coğrafi mövqeyi mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirir. Belə ki, Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Müasir tələblər səviyyəsində tikilib istifadəyə verilən bu aeroport insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə Zəngilan rayonu böyük turizm məkanı kimi diqqətdə olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan ən böyük sərvətimizdən biridir.

Ümumilikdə, yenidənqurma prosesində əsas hədəf keyfiyyət və sürəti birləşdirmək, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Dövlət başçısı İlham Əliyev bildirir ki, yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Ötən il Ağdamda keçirilən Şəhərsalma Forumunda cənab İlham Əliyev bildirmişdir ki, geniş miqyasda həyata keçirilən yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür.

Azərbaycanın şəhərsalma təcrübəsi beynəlxalq aləmdə təqdir edilir

Onu da qeyd edək ki, Azərbaycanın şəhərsalma təcrübəsi beynəlxalq aləmdə təqdir edilir. Dövlət başçısı İlham Əliyevin ötən ilin iyun ayında Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı səsləndirdiyi «Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik» fikirlər hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın şəhərsalmada da qazandığı uğurların beynəlxalq səviyyədə dəstəkləndiyini özündə ehtiva edir. Cənab İlham Əliyev həmin çıxışında həm paytaxt Bakımızın, həm də hazırda bərpa-quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin timsalında müasirliklə qədimliyin sintezinin yaradılmasını əsaslı şəkildə diqqətə çatdırdı.

Yeni yanaşma, müasir innovasiya...

Bir faktı qeyd etmək kifayətdir ki, dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsunkar gözəlliyi ilə liderliyini qoruyur. Dünyanın “Ən yaşamalı şəhərləri”nin reytinq cədvəl və hesabatında yer alan şəhərlər arasında Bakının adının çəkilməsi Azərbaycanda aparılan sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir. Avropa mədəniyyətini Şərq dəyərləri ilə sintez edən Azərbaycan, həmçinin innovasiyalar ölkəsi kimi nüfuz qazanıb. Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri də əhatə edir. Bu gün paytaxt Bakı ilə yanaşı, bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal imkan kimi qəbul olunur. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının, eyni zamanda, müasir tələblər səviyyəsində yaşayışlarının təmin edilməsidir. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında bu reallıqları bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır ki, bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.

Bu gün dünya xalqımızın necə qurucu, yenilikçi xalq olduğunun şahididir. Bütün işğaldan azad edilmiş şəhər və kəndlərimiz Baş plan, o cümlədən «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında bərpa edilir. Ölkə Prezidenti Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunda bildirdi ki, Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Ona görə də burada bu potensial var.

Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir

İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Burada qarşıya qoyulan hədəflərə nail olmağın mexanizmləri öz əksini tapıb. Əsas çağırışlardan biri bu ərazilərinyaşıl enerji zonasına çevrilməsidir. Bu torpaqlar zəngin bərpa olunan enerji resurslarına malikdir. Onlara investisiyaların yatırılması hazırkı dövrün mühüm çağırışlarındandır.

Prezident İlham Əliyev Forumdakı çıxışında diqqəti bu statistik rəqəmlərə yönəltdi ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollar olacaq: “Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi, Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir. Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir.”

Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən bu hədəfi açıqladı ki, bu torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulmalıdır. Çünki insanlar 30 ilə yaxın işğal dövründə çox əziyyət çəkib, çətin şəraitdə yaşayıb, mənəvi çətinliklərlə üzləşiblər. Onlar 30 il doğma yurd-yuvalarına qayıdacaqları günü gözlədilər. 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər tarixini yazmaqla 30 il işğal altında qalan torpaqlarımızı azad etdi, soydaşlarımızın arzularını reallaşdırdı. Bu gün onların gözləntiləri tezliklə bu yerlərə qayıtmaqdır.

“Hesab edirəm ki, bu gün burada - Zəngilanda, növbəti günlərdə Forumun Bakıda davam etdiyi müddətdə müzakirələr təkcə şəhər planlaması və inkişafa dair təcrübə mübadiləsi ilə bağlı olmayacaq, regionun gələcəyi barədə də fikir mübadiləsi aparılacaq. Biz bu regionun gələcəyini necə görürük?” söyləyən dövlət başçısı İlham Əliyev 30 illik işğal dövründə Azərbaycanın sülh danışıqları əsasında münaqişənin həllinə səy göstərdiyini önə çəkərək bildirdi ki, danışıqlara vasitəçilik edən ölkələrə baxsaq, görərik ki, onlar istəsəydilər, buna çoxdan nail olmuşdular. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Lakin bu sənədlər 27 il icrasını gözlədi. Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu. Dövlət başçısı bu məqamda xüsusi qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq.

Seçim Ermənistanındır

Forumda Azərbaycanın son uğurlarına bir daha diqqət yönəldildi. Ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmizin uğurlarının miqyası genişdir. Bir günlük lokal antiterror tədbirləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. Bu tədbirlərin nəticəsi olaraq sülh müqaviləsinin tezliklə imzalanması üçün bütün maneələrin aradan götürüləcəyini düşünmək olar. Müzəffər Ali Baş Komandan Forumda bir daha bu çağırışı etdi ki, sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda suverenliyimizi artıq bərpa etmişik: “Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır.”

Eyni zamanda, Prezident qeyd etdi ki, biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı: “Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.”

Yeganə Əliyeva, “İki sahil”