29 sentyabr 2023 22:46
363

Yuxu kimi...

Bizə Xocalımızı, Xankəndimizi, Ağdərəməzi, Xocavəndimizi bəxş edən böyük Xilaskarımıza böyük ehtiramla!

Yəqin hamıya tanış hissdir, hərdən olur belə. Gecənin bir aləmi kimisə, nəyisə görürsən, ancaq bilmirsən gördüyün yuxudur, yoxsa reallıq. Ancaq bəzən də günün günorta vaxtı baş verdiyinə əmin olduğun hadisələr yuxu kimi gəlir insana. Bax bu günlərdə olduğu kimi. Hər şey elə sürətlə baş verir ki. Zaman və Məkan anlayışları yoxa çıxır, tez-tez rəngli görüntüləri otuz il əvvəlin ag-qara kadrları əvəzləyir: Əli silahlı, üzü saqqallı, insan cildinə girmiş vəhşilər, ayağı yalın, arxasında xəyanətin uçurumundan nalə səslərinin ucaldığı günahsızlar... Uzaqda yanan evlərimiz.. Və sonra illər boyu sarılıb yaşadığımız, ölməyə qoymadığımız son ümidimiz... Bu dəfə qəflətən rəngli kadrlarda izləyirik ki, Azərbaycan Ordusu Xocalıdadır! Polislərimiz Xankəndinin küçələrində xidmətə başlayıb! Ağdərədə üçrəngli bayrağımız dalğalanır! Xocavənddə növbəti dəfə mülki obyektdə silah-sursat aşkarlandı! Üst-üstə gələn xəbərlərin sevinc dolu ağırlığını qaldırmağa ürək güclə tab gətirir, vallah! Qeyri-adi, inanılması çətin, möcüzə kimi günlər yaşayırıq! Nə olar, biri mənə bütün bunların yuxu olmadığını desin!

...Dumanı dağıldıqca xatirələrdən nə acılar boylanır: Bu gün ermənilər Meşəlidə camaatı qırıblar! Cəmilli də işğal edildi! Xocalıya hər tərəfdən hücum edirlər lənətə gəlmişlər, kömək lazımdır! Şuşanı satdılar! Gözümüz önündə yandırılan kəndimiz! Sonra Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli... Köhnə bir yük maşınının üstündə üzü sonsuzluğa, məcburi köçkünlüyə, yataqxanalara, çadırlara, vaqon-evlərə sonu görünməyən yolçuluq. Yeganə qiymətli yükümüz olan ağ-qara şəkillərimiz, Vətən nisgilimiz, içimizə axan göz yaşlarımız. İndi fikirləşirəm ki, bəlkə də biz ağlamağı bacarmadıq, göz yaşlarımızla dünyanın qara daşa dönmüş ürəyini islada, parçalaya bilmədik deyə, öz içimizdə boğulduq. Yurd həsrətindən dodağı qırx yerdən çat verib ölənlərimizi içimizdə basdırdıq! İçimiz münbitləşdi, hamilə torpağa çevrildi və bir öz içimizdə yenidən cücərdik, yenidən boy atdıq! Bu dəfə daha cəsarətli, daha qorxmaz. Dünyanın qara daşa dönmüş ürəyini dəmir yumruğumuzla əzib-parçalayacaq qədər daha güclü, qarşımıza kimsənin çıxmağa cəsarət edə bilməyəcəyi qədər qüdrətli!

Bu dəfə Tanrının nəzəri də üstümüzdəydi, illər öncə olduğu kimi üz çevirməmişdi bizdən Yaradan. Dedi, özünə qayıt, sən özünə qayıdanda hamıdan güclü olursan! Dedi, indi sənin zamanın gəlib, düşmənindən qisasını al! Və dedi ki, sizə böyük Xilaskar bəxş etmişəm!

İllər, əsrlər boyu “ağ atlı oğlan”lara möhtac buraxmışdılar bizi. İnandırmağa çalışmışdılar ki, üstünüzə basqıya gələn yağının qara ağzının qanlı payını verməyi siz bacarmazsınız. Guya yenə yığışmalıymışıq meydana, gözləməliymişik ki, kənardan hansısa məlum, əslində məlun “naməlum” ağ atın belində gələcək bizi xilas etmək üçün düşmən pəhləvanı ilə savaşmağa, ya bəlkə sövdələşməyə. Əslində isə təhlükə yağı-filan deyil, illər, əsrlər boyu əzmimizi qırmaq, bizi əzmək, aşağılamaq istəyən şeytanlar idi! Bax bu şeytanlara qalib gəlməklə başladıq...

Tanrının bəxş etdiyi Xilaskarımızın, Sərkərdəmizin sayəsində “olmaz”, “mümkün deyil” deyilənləri reallığa çevirdik, qisasımızı aldıq, qələbələrimizi sıraladıq!

...Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndidən və Xocalıdan olan sakinlərlə görüşlər keçirilib, qayıdış məsələləri müzakirə olunub! Bilirsiniz, bu xəbərdə həm də nələr var? Bilirsiniz, bu xəbəri neçə-neçə milyonlar neçə-neçə illər gözləyib? Bilirsiniz, indi murdar erməni tapdağından qurtulmuş Xocalımın, Xankəndinin, Ağdərənin, Xocavəndin, Əsgəranın qurumuş bulaqları sevincdən çağlayır, arınan, təmizlənən torpağının daşı-qayası, başı müsibətlər çəkmiş dağları xoşbəxtlikdən qəhərlənib ağlayır?

Yaşa, var ol, böyük Sərkərdəmiz, Ali Baş Komandanımız!

Təşəkkürlər sənə Tanrım!

Bizi qarşılamağa hazırlaş, doğma Xocalım, ürəyimizin daha qaysaq bağlamış yarası!

Mahir Rəsuloğlu, “İki sahil”