30 sentyabr 2023 01:58
411

Regionda yeni reallıqlar yaranır

44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi qələbə qazanması regiondakı siyasi və hərbi  vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Ölkəmizin yaratdığı yeni reallıqlar isə bölgənin sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinə çevrilməsini təşviq edir. Bu baxımdan,  Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər tarixi - siyasi əhəmiyyət daşıyır. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.

Azərbaycan bütövlükdə sülh çağırışlarını birmənalı şəkildə dəstəkləyir. Qalib ölkəmiz postmüharibə dövründə  dəyişməz sülh gündəliyinə malikdir. Təxminən 10 min kvadratkilometrdən çox ərazilərimizin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana yenə də sülh təklifləri göndəririk. Postmüharibə dövründə respublikamız qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Sənəddə  beynəlxalq hüququn beş əsas prinsipi,  xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması müddəaları öz əksini tapıb. Bunlar iki ölkə arasında sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsi üçün baza prinsipləri kimi əsas götürülə bilər.

Lakin təəssüf ki, ötən üç ildə Azərbaycanın davamlı sülh təşəbbüslərinə məğlub Ermənistandan adekvat cavab gəlməyib. Əksinə, məğlub ölkə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini ertələməyə  çalışıb. Eyni zamanda, bu il sentyabrın 19-dək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin bir hissəsini Azərbaycan ərazilərində saxlamaqda davam edirdi. Separatçı xunta rejiminin sərəncamında olan həmin qeyri-qanuni hərbi birləşmələr təxminən 10 minlik bir kontingenti əhatə edirdi. Ermənistana məxsus qeyri-qanuni silahlı birləşmələrin Qarabağ bölgəsində qalması sülh prosesinin irəliləməsinə mane olan əsas amillərdən biri idi.

Lakin Azərbaycanın cəmi bir gün ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərinin nəticəsi olaraq əldə olunan razılaşmalar onu deməyə əsas verir ki, artıq regionda yeni reallıqlar yaranıb. Respublikamızın şərtlərinə uyğun olaraq qəbul edilən razılaşmaya əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Beləliklə də, sülh prosesinin irəliləməsi üçün yeni imkanlar yaranıb və bu imkanlardan maksimum dərəcədə faydalanmaq lazımdır. Prezident İlham Əliyev 20 sentyabr 2023-cü il tarixində xalqa müraciətində ölkəmizin sülh istəyini bir daha qətiyyətlə ifadə edərək vurğulayıb: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”.

Qeyd edək ki, son günlərdə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində iştirak edən vasitəçilərin fəallıqlarını artırdıqları müşahidə olunur. Belə ki, ABŞ yenidən danışıqların aktivləşməsinin tərəfdarı kimi çıxış edir. Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün bütün dəstəyini verməyə davam edir. Qeyd edək ki, postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində aktiv iştirak edən dövlətlərdən biri məhz ABŞ-dır. Bütövlükdə Azərbaycanla ABŞ arasında mühüm siyasi dialoq mühiti mövcuddur. Hər iki ölkənin rəhbərliyi arasında Cənubi Qafqazda sülhyaratma prosesi ilə bağlı mütəmadi müzakirələr aparılır.

Azərbaycanın sülhyaratma təşəbbüsləri elə ilk gündən qardaş Türkiyə tərəfindən də  dəstəklənir və hər iki ölkə bölgənin tərəqqisi naminə sülh mühitini reallaşdırmağa çalışır. NATO-nun ən güclü dövlətlərindən olan Türkiyənin bölgə ilə bağlı mövqeyi bu prosesdə həlledici amillərdən biridir. Həə, sentyabrın 25-də Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda mətbuata bəyanatında deyib ki, bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndirilməli olduğuna inamını ifadə edən cənab Ərdoğan Ermənistana çağırış edərək deyib: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”.

Ümumiyyətlə, Cənubi Qafqazda sülhün təmin olunması üçün Türkiyə liderinin şəxsi təşəbbüsləri xüsusi vurğulanmalıdır. Bütün beynəlxalq tribunalardan sülh çağırışları edən, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə də mütəmadi olaraq bölgədə sabitliyin təmin olunmasını müzakirə edir. Eyni zamanda, hazırkı yeni geosiyasi reallıqlar şəraitində Türkiyənin bir sıra coğrafiyalarda, o cümlədən Cənubi Qafqazda təsir imkanları artır. Bütün bunların fonunda Türkiyənin Cənubi Qafqaz regionunda sülhün təmin olunması yönündəki təşəbbüslərin reallığa çevrilməsi ehtimalı güclənir. Ermənistan anlamalıdır ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Ona görə də rəsmi İrəvan Bakı və Ankaranın sülh çağırışlarına tezliklə əməl etməlidir. Çünki zaman Ermənistanın əleyhinə işləyir və bölgədəki son proseslər də bunu birmənalı olaraq təsdiqləyir.

Nigar Orucova, “İki sahil”