28 sentyabr 2023 15:05
148

Naxçıvan Azərbaycanın qədim diyarıdır

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. XX əsrin 90-cı illərinin əvvəlində SSRİ-nin süqutu ərəfəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını açıq silahlı təcavüz yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan diyarı çətin sınaqlar qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikası ərazisinə hücuma keçdi və erməni quldur dəstələri Naxçıvanın Sədərək rayonunun Kərki kəndini işğal etdilər. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsildi, Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı. O dövrdə Azərbaycan rəhbərliyinin Naxçıvan Muxtar Respublikasının taleyüklü problemlərinə laqeyd münasibəti, biganə yanaşması vəziyyəti daha da çətinləşdirdi.

Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və yaşamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, muxtar respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur. Lakin uzun sürən ağır blokada şəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra bilməmiş, əksinə daha da mətinləşdirmişdir. Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, ermənilər Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilməmişlər.

Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır

Samirə İbrahimova,
Xətai rayonu, Ceyhun Həsənov adına 48 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının fəalı