28 sentyabr 2023 22:10
272

Azərbaycanın Qarabağ Zəfəri: 45-ci gün

“Dəmir yumruq” əməliyyatının uğurla başa çatmasının ardından, 45-ci gündən etibarən Azərbaycan diplomatiyası Azərbaycan Ordusunun mübarizə bayrağını təhvil alaraq, diplomatik sferada uğurla yerinə yetirməkdədir. Diplomatiyamızın silsilə uğurlarına son olaraq xarici işlər naziri Ceyhun Bayramov tərəfindən lokal antiterror tədbirləri ərəfəsində BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı şəkil-sübutlarla ermənilərin Qarabağdakı hərbi varlığının bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılması da əlavə edildi. Nazir bir-bir sübuta yetirdi ki, Qərbin “çarəsiz” olaraq gördüyü insanlara çörəkdən, undan və digər zəruri qida ehtiyaclarından öncə dəyəri milyonlarla ölçülən silah-sursat, hərbi texnika və texniki avadanlıqlar “göndərilmişdi”. Bu texnikalar isə Azərbaycan torpaqlarına heç də sülhpərvər məqsədlər üçün gətirilməmişdi, məqsəd növbəti təxribatlar, Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti cəhdlər idi. Bəs, özünün qida və enerji ehtiyacını belə qarşılamaqda aciz qalan bir rejim hərbi baxımdan necə zənginləşmişdi? Bu sual əslində dünya ictimaiyyəti, xüsusilə də Təhlükəsizlik Şurası tərəfindən işıqlandırılmalı və cavablandırılmalı sual idi. Çox təəssüf ki, ikili standartlar və qərəzli mövqe yenidən öz işini görərək bir çox sualın sual olaraq ortaya çıxmasının önünü kəsməyə çalışmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun Qarabağda mülki yaşayış məntəqələrində axtarış tədbirləri zamanı roketlər, mərmi və top başlıqlarının böyük əksəriyyəti mülki yaşayış obyektlərindən aşkar edilib. Bu da bir daha onu sübut edir ki, Qarabağdakı qondarma rejimin əsas məqsədi öz mənfur niyyətləri naminə hətta mülkilərdən və mülki obyektlərdən istifadə etmək və hərbi təyinatlı obyektlərin mühafizə edildiyi “mülki” görünümlü məntəqələrə mümkün hücum zamanı bunu dərhal bütün dünyaya “Azərbaycan mülki obyektlərə hücum etdi” başlığı ilə nümayiş etdirmək təxribatı idi. Qərb mediyasının Azərbaycana qarşı informasiya terrorunun hazırkı vəziyyəti isə erməni lobbisi tərəfindən ələ alınmış “jurnalist” ordusunun bu kimi saxta xəbərləri səbirsizliklə gözlədiyini demək üçün əsas verir.

Çox maraqlıdır ki, Qarabağın erməni əhalisinin bir hissəsi Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istədiyini bildirir. Ermənistanın baş naziri Nikol Paşinyan isə Qarabağ ermənilərinin təhlükəsizliyinə heç bir təhdid olmadığını, 24 saatlıq lokal antiterror tədbirlərinə münasibətdə  isə bunun Azərbaycanın daxili məsələsi olduğunu bildirdi. Buna baxmayaraq Qərbin, xüsusilə də fransız mediasının “etnik təmizləmə” başlıqlı yazıları, gerçəklikdən uzaq fransız romantikası Qarabağ həqiqətlərinə fransızsayağı yanaşmasıdır.

Qərb artıq açıq bir şəkildə regionda öz milli maraqları naminə Ermənistan üzərindən oyun qurmağa çalışır. Regionun 3 ölkəsindən sözsüz ki, ən dəyişkən mövqe Erməbnistana məxsusdur. Müstəqilliyini bərpa etməsindən bəri Ermənistan Respublikasının xarici siyasətini qədim romalı natiq Siseronun bir köləyə müraciətdə dediyi ifadə ilə izah etmək mümkündür: “ Sahibini dəyişdirmək istəyir, amma azad olmaq istəmir”. Müstəqilliyin ilk illərindən etibarən Rusiyadan aldığı yardımla Azərbaycan torpaqlarını işğal edən Ermənistan 30 ilin ardından həmin torpaqları itirməsinə görə başlıca olaraq Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını günahlandırmaqdadır.

Maraqlıdır ki, Qarabağdakı artıq tarixin zibilliyinə atılmış rejim Rusiya sülhməramlıları vasitəsilə qeyri-qanuni olaraq Azərbaycan torpaqlarına silah və hərbi texnika daşıdığı halda, 24 saatlıq lokal antiterror əməliyyatlarında erməniləri müdafiə etmədiyi üçün yenidən günahkar olaraq Rusiyanı gördü. Hətta Ermənistan siyasi dairələri “Ermənistan artıq təhlükəsizliyini bir dövlətə etibar etməyəcəkdir” ifadəsi ilə, Ermənistanın Rusiya orbitindən uzaqlaşaraq, Qərbə, hətta NATO-ya inteqrasiya üçün kankret addımlar atacağının proqnozunu verməkdədirlər.

Ümumiləşdirsək, Ermənistanın Qərbə inteqrasiya, xüsusilə də NATO üzvlüyü məsələsi heç də tamamilə Qərbin Ermənistana münasibətindən asılı deyildir. Bunun üçün ilkin şərt Ermənistanın qonşu dövlətlərlə münasibətlərini nizama salması, ərazi iddialarına son verməsi və qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin qurulmasıdır. Yəni, qısası Ermənistanın gələcək NATO üzvlüyünün açarı məhz Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşmasından keçir.

Son olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə “miatsum” ideayasının külə çevrilməsi, xalqın erməni ordusuna, erməni ordusunun isə özünə və rəhbərliyə qarşı inamının sarsılması (komandanlığın tapşırıqlarına şübhə ilə yanaşan ordu artıq ordu ola bilməz), erməni lobbisinin media və jurnalistləri  ələ almaq üçün xərclədiyi milyardların, Ermənistan ordusu üçün xərclənmiş milyardların boşa çıxması bütün stereotipləri kökündən sarsdı. Hazırda Ermənistan rəhbərliyinin, xalqın və ordunun özünəməxsus qəzəbi var və hər kəs bir günahkar axtarışındadır. Kiminə görə günahkar Ermənistan rəhbərliyidir, kiminə görə keçmiş rəhbərlik, hətta Rusiyadır. Mühüm səbəb  isə heç vaxt reallaşmayacaq bir yuxu naminə, heç bir zaman onlara məxsus olmamış torpaqları şiddətlə, atrosit davranışlarla işğala cəhd etmələri oldu. Şübhəsiz ki, bunun siyasi, iqtisadi və mənəvi əzabını isə onlar həm dövlət, həm də millət olaraq uzun illər ərzində yaşayacaqlar.

Bahadur Hüseynov,
Türkiyə Respublikası, Ankara şəhəri, Hacəttəpə Universiteti, beynəlxalq münasibətlər üzrə  magistr