29 sentyabr 2023 01:57
358

Hədəflər reallığa çevrilir

Dövlət başçısı İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri  Böyük Qayıdışa doğru növbəti addım kimi dəyərləndirilir   

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra qarşıda dayanan hədəfləri açıqlayarkən bildirmişdir ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki,  sözümüzlə əməlimiz arasında  heç bir fərq yoxdur: «Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.»

Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra dərhal işğaldan azad edilmiş ərazilərimizə səfəri həm bu sevinci xalqımızla  paylaşmaq, eyni zamanda, bu torpaqların sahibi olaraq daim burada olacağımızın təqdimatı oldu. Azərbaycan başladığı bərpa-quruculuq işləri ilə dünya hərb tarixində ilkə imza atdı. Müharibədən yeni çıxmış ölkənin dərhal quruculuq işlərinə başlaması mümkün deyil. Azərbaycan bu mühüm addımı ilə qurucu xalq olduğunu təsdiqlədi.  Hər bir səfər Böyük Qayıdışa doğru atılan addım kimi dəyərləndirilir. Cənab İlham Əliyevin bu ərazilərdə  açılışında  və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək hazırda bu işlərin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. İlk gündən infrastruktur layihələrinin icrası prioritet oldu. Ötən üç  ildə əldə olunan nəticələrə diqqət yetirməklə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət göstərildiyi özünü qabarıq şəkildə büruzə verir.  Belə ki, 2021-ci ildə  Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Laçın Beynəlxalq  Hava Limanının isə 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində başa çatacağı bildirilir. Həmçinin  2021-ci ildə  Zəfər yolunun tikintisi başa çatdırıldı.   İşğaldan azad  edilmiş  ərazilərdə  müxtəlif   layihələr  üzrə yolların çəkilməsi,   telekommunikasiya şəbəkələrinin qurulması  və  rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə  elektrik enerjisinin təminatı ilə bağlı   lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası,  elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb.  Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Həmçinin  işğaldan azad edilmiş  ərazilərdə «Yaşıl enerji» zonasının  tətbiq edilməsinə dair konsepsiya  icra edilir. Dövlət başçısı İlham Əliyevin  Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;  işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu hədəf də açıqlanır ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.

Bugünümüzün əsas çağırışlarından biri də budur ki,  indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiya”ların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.  Qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan  dövləti bütün bu işləri öz daxili imkanları hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilanda birgə investisiya layihəsini həyata keçirməsi də təqdirəlayiqdir. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.  

Görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin hamısını sadalamaq mümkün deyil. İşğaldan  azad edilmiş ərazilərimizin «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında yenidən qurulması dövlətimizin yeniliklərə, təkmilləməyə nə qədər maraq göstərdiyini nümayiş etdirir. «Ağıllı kənd» layihəsinin ilk iştirakçısı Zəngilanın Ağalı kəndi oldu. Ötən il Ağalı kəndi sakinlərini qarşıladı. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimizin hər biri genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdən lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Bugünümüz üçün yeganə rəqib zamandır. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq. Bu mərhələ həmin ərazilərin malik olduğu potensialdan səmərəli istifadə edərək dayanıqlı inkişafın təmin edilməsi olacaq.

Onu da qeyd edək ki, Qarabağın tacı Şuşaya,  Ağdama,  avtobus reysləri təşkil edilib. Bu ərazilərimizi görmək üçün  gözəl imkanlar yaranır. Bu səfərlər, həmçinin təbliğat xarakteri də daşıyır. İşğaldan azad edilmiş  ərazilərimizə diplomatların, siyasi partiyaların təmsilçilərinin, mətbuat nümayəndələrinin mütəmadi səfərləri olur. Azərbaycan dövlətinin  bu ərazilərin daha müasir tələblər səviyyəsində bərpasında maraqlı olması soydaşlarımızda böyük əhval-ruhiyyə yaradır.

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri görülən işlərə nəzarət xarakteri daşyır. Aparılan bərpa-quruculuq işləri təhlli edilir, qarşıdakı dövrün  prioritetləri açıqlanır. Böyük Qayıdışın başlanması ilə ölkəmizin həyatında da yeni mərhələ başlanacaq.  Bütün bölgələrimizin malik olduqları potensialdan səmərəli istifadə etməklə  Azərbaycanın növbəti mərhələdə  dayanıqlı inkişafı tam təmin ediləcək, bu ərazilərimiz xarici turistlərin diqqətini çəkəcək,  investisiyaların artırılması üçün gözəl imkanlar yaranacaq. Atılan hər bir addım bir məqsədə xidmət edir: Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilməklə  qarşıya çıxan hər bir çətinlik anındaca  aradan qaldırılsın.

Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi,  necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.

Azad edilmiş ərazilərimiz  böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq  səviyyədə  ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki,  Vətən müharibəsində  Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da  dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək.  Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinin hər biri  yeni sosial obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Bu, artıq torpaqlarımızın bundan sonra inkişafının qaçılmaz olduğunun təsdiqidir. Müzəffər Ali Baş Komandanın sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri mühüm sosial obyektlərin açılışı, eyni zamanda, kəndlərin təməlinin qoyulması ilə yadda qaldı. Belə ki, dövlətimizin başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoydu və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdi. Zəngilan rayonunun Alıbəyli və  Zəngilan kəndlərinin,  Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoydu.  Zəngilan şəhər məscidində görülən işlərlə tanış oldu. Zəngilan Konqres Mərkəzi Kompleksinin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının  açılışını etdi. Hər bir səfər çərçivəsində görülən işlərin miqyası Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün çətinliklərə, işğala, 1 milyondan artıq  qaçqının və köçkünün  olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, Böyük Qayıdış,  inkişaf prosesləri başlanıb. Bütün bu işləri daha da fəal, məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.

Yeganə Əliyeva, «İki sahil»