29 sentyabr 2023 00:57
356

Növbə hansı “yan”ındır?

Vaqif Xaçatryan və Ruben Vardanyan Azərbaycan qanunları ilə mühakimə olunacaq sonuncu separatçılar deyillər...

Bitdi! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmi, iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində ilk dəfə 1828-ci ildə çar Rusiyası tərəfindən iki yüz erməni ailəsinin Azərbaycana köçürülməsi ilə başlamış, iki əsrə yaxındır davam edən Qarabağ problemi tarixə çevrildi. Məhz dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətin, müstəsna liderlik qabiliyyətinin nəticəsi olaraq Azərbaycan əvvəlcə Ermənistanın 30 illik işğalına son qoymağa, daha sonra ərazi bütövlüyümüzün bərpasına və nəhayət, Qarabağdakı “boz zona”nı da ləğv edərək öz suverenliyini tam şəkildə təmin etməyə nail oldu.

Azərbaycan hökuməti Ermənistanın siyasi hakimiyyətinə, Qarabağdakı separatçılara və onlara havadarlıq edən üçüncü qüvvələrə dəfələrlə ərazilərimizdə qanunsuz silahlı qüvvələrin və separatizmin mövcudluğuna imkan verilməyəcəyi ilə bağlı açıq mətnlə xəbərdarlıq etmişdi. Prezident İlham Əliyev iki ay əvvəl, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunun açılış mərasimində tədbir iştirakçılarının suallarını cavablandırarkən də bildirmişdi ki, Azərbaycan bu məsələdə maksimum konstruktivlik göstərib. Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazir”, gah da “deputat” adlandıranlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməniləri girov götürmüşdülər. Həmin separatçılar ermənilərin reinteqrasiyası ilə bağlı Azərbaycanın dialoq təkliflərinin reallaşmasına hər vasitə ilə mane olmağa çalışırdılar.

Sentyabrın 20-də 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş razılaşmalara rəğmən Qarabağdan hələ də çıxarılmamış Ermənistan silahlı qüvvələrinin bölmələrinin ləğv edilməsi, həmçinin bölgədə separatizmin kökünün kəsilməsi, konstitutsiya qurluşunun bərpa edilməsi məqsədilə keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri öz nəticələrini çox gözlətmədi. Xüsusilə son illər Ermənistandan, Rusiyadan və digər ölkələrdən qeyri-qanuni yollarla Qarabağa gəlmiş ermənilərin öz iradələri ilə sərhədlərimizi tərk etmələri, Azərbaycan vətəndaşlığını qəbul edərək yaşamaq istəyən sakinlərin reinteqrasiyasının başlanması, qondarma rejimin sentyabrın 28-də özünü buraxması ilə bağlı qərarı münaqişənin varlığını sürdürərək əleyhimizə oyun qurmaq istəyənlərin də planlarını iflasa uğratdı. Bu gündən sonra artıq hər kəs Azərbaycanın regionda və dünyada yaratdığı yeni reallıqlarla hesablaşmalı olacaq.  

Lokal xarakterli antiterror tədbirlərinin daha bir nəticəsi isə vaxtilə Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı qatı cinayətlər törətmiş, həmçinin qondarma qurumda müxtəlif “vəzifələr” tutmuş separatçıların törətdikləri əməllərə görə, Azərbaycan qanunları qarşısında cavab vermələrinin reallığa çevrilməsidir. Məlum olduğu kimi, bu prosesə bir müddət əvvəl start verilib. Belə ki, 1991-ci ildə Xocalı rayonu Meşəli kəndində törədilmiş kütləvi qırğının iştirakçılarından olan Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq Bakıya gətirilmiş və istintaq orqanlarına təhvil verilmişdi. Sentyabrın 27-də isə daha bir qatı cinayətkar, artıq özünü buraxmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın “dövlət naziri” olmuş  Ruben Vardanyan da Ermənistana qaçmaq istəyərkən yaxalandı və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən haqqında açılmış cinayət işi üzrə həbs edildi.

Qarabağa qeyri-qanuni yollarla cəmi bir il əvvəl gəlməsinə baxmayaraq Ruben Vardanyan cinayət işinin qovluğu kifayət qədər “qalındır” və onun həbsi bir neçə məqama görə, xüsusi əhəmiyyət daşıyır. Əvvəla, diqqətçəkəndir ki, o, 44 günlük vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsindən sonra, orada yaşayan erməni azlığın reinteqrasiyası ilə bağlı məsələnin aktuallaşdığı bir vaxtda Qarabağa gəlib və bu, heç də təsadüfə oxşamırdı. Özünü yalandan “vətənpərvər” kimi təqdim edən qaranlıq biznes fəaliyyətləri sayədində milyarder olmuş bu İrəvan ermənisinin yadına otuz ildən sonra birdən-birə Qarabağ və orada yaşayan ermənilərin düşməsi, sırf bu səbəbdən Rusiya vətəndaşlığından imtina etməsi və necə deyərlər, işini-gücünü atıb buna görə qanunsuz yollarla Azərbaycan ərazisinə gəlməsi inandırıcı deyil. Gəlişindən qısa müddət sonra “dövlət naziri” təyin edilən Vardanyanın əsl fəaliyyəti isə tamamilə fərqli istiqamətlərdə idi. O, Qarabağda cinayətkarlığın artmasında, qanunsuz silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, onların silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və digər hərbi ləvazimatla təchiz edilməsində birbaşa iştirak edirdi. Tez-tez çirkli pulları ilə satın alınmış xarici ölkə KİV-də revanşist fikirli, Azərbaycana qarşı yalan və iftira, hətta təhdid dolu bəyanatlarla çıxış edən Vardanyanın əsas missiyası Qarabağın erməni əhalisinin reinteqrasiyasına hər vəchlə mane olmaq və vəziyyəti gərginləşdirmək idi. Bəllidir ki, o, bütün bunları öz soydaşlarına canı yandığı üçün deyil, xüsusi missiyasını həyata keçirmək üçün edirdi.

Başqa bir məqam isə “rusiyalı” milyarderin Qarabağda Azərbaycanın sərvətlərini talaması, orada qanunsuz biznes fəaliyyəti aparması ilə bağlıdır. Ehtimal çoxdur ki, Vardanyanın “boz zona”da fəaliyyət göstərmiş narkoticarət şəbəkəsi ilə də “isti” əlaqələri mövcud olub.

Bir çoxları geniş siyasi və biznes əlaqələrini, həmçinin maliyyə imkanlarını nəzərə alaraq Vardanyanın son anda “aradan çıxacağını” ehtimal edirdi. Ancaq Azərbaycan dövləti növbəti dəfə öz qətiyyətini nümayiş etdirdi. Hər bir halda, Vaqif Xaçatryandan sonra Ruben Vardanyanın da həbsi Qarabağdakı digər cinayətkarların və xunta rejiminin “rəhbərləri”nin də Azərbaycan qanunları qarşısında cavab verəcəyi günün uzaqda olmadığını göstərir. Onların hamısını ilahi ədalətin cəzasından əvvəl Azərbaycan hakimlərinin verəcəyi cəza gözləyir.

Mahir Rəsuloğlu, “İki sahil”