28 sentyabr 2023 03:19
299

Fransızsayağı riyakarlıq

Bir zamanlar Qarabağda yaşayan erməni azlığını öz yerli əhalisindən daha yüksək səviyyədə "müdafiə etməyi" özünə borc bilən Fransa onlara sığınacaq verməkdən niyə imtina etdi?

Fransa Prezidenti Emmanuel Makronun və bəzi dövlət nümayəndələrinin Ermənistanın dünyadakı maraqlarını ciddi-cəhdlə qoruduğu hər kəsə bəllidir. Fransa 30 ilə yaxın bir müddət ərzində erməni diaspor və lobbi təşkilatlarının təsiri altında Ermənistana dəstək nümayiş etdirməsinə, ədalətsiz, qeyri-peşəkar, o cümlədən də dekonstruktiv yanaşmasına baxmayaraq, keçmiş münaqişə ilə bağlı hər hansı bir uğur əldə edə bilmədi. Təbii ki, söhbət onların istəkləri istiqamətindəki uğurdan gedir. Azərbaycan qüdrətli dövlət olaraq bu münaqişəni özü həll etdi.

Ermənilərin Qarabağdakı 100 illik “mübarizəsi”nin iflas etdiyi indiki vaxtda onları bu məsələyə sövq edən Fransa sakitcə arxalarından çəkilməyə başlayıb. Bir neçə gün öncə erməni KİV-lərində belə bir informasiya yayıldı ki, Fransa Qarabağdan olan erməniləri qəbul etməyə hazırdır. Hətta bununla bağlı Fransanın Ermənistandakı səfirliyi gücləndirilmiş iş rejiminə keçib. Xəbər yayılan kimi təkcə Qarabağdan yox, eləcə də Ermənistandakı ermənilər də Fransa səfirliyinə axın etdilər. Bu dəmdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini meydana atılıb ölkəsinin Qarabağ ermənilərinə sığınacaq verməyə hazır olması ilə bağlı yayılan məlumatı təkzib etdi. Bundan sonra sanki qurbağa gölünə daş atdılar. Ermənilər məyus və çarəsiz çəkildə hadisələrin bundan sonrakı inkişafını izləmək zorunda qaldılar. Göründüyü kimi, bir zamanlar Qarabağda yaşayan erməni azlığını öz yerli əhalisindən daha yüksək səviyyədə "müdafiə etməyi" özünə borc bilən Fransa ikiüzlülüyünü bir daha ortaya qoydu. Bir çox ermənilər yaxşı bilir ki, Fransanın onlara münasibəti heç də həmişə səmimi olmayıb. Ona görə də Fransa səfirinin son bəyanatı yeni bir şey deyil, bu ölkənin ənənəvi riyakarlığıdır.

Yeri gəlmişkən, sentyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Fransanın TF1 kanalına müsahibəsi zamanı növbəti dəfə bölgəmizdəki mövcud vəziyyətlə bağlı yalan danışıb. Makron müsahibəsində Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə ittiham edib və Qarabağda humanitar problemlərin olmasını iddia edib. Emmanuel Makron şübhəsiz, 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalmasını, münaqişənin dinc yolla həll olunması üçün ermənilərin bütün mümkün variantlardan imtina etməsini və 30 il ərzində 1 milyon məcburi köçkün və qaçqınların insan haqlarının kobudcasına tapdalandığını bilməmiş deyil. Onu da bilməmiş deyil ki, bütün bu müddət ərzində Fransa siyasi rəhbərliyi heç vaxt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, məcburi köçkünlərin və qaçqınların hüquqlarının qorunmasını tələb edən hər hansı bir bəyanat səsləndirməyib. Vətən müharibəsi zamanı isə Fransa Prezidenti açıq-aşkar Ermənistanın təcavüzkar və haqsız mövqeyini dəstəkləməklə hətta işğalın aradan qaldırılmasına mane olmağa da ciddi-cəhdlər göstərirdi. Vətən müharibəsindən sonra bölgədə vəziyyət xeyli dəyişdi. Bütün dünya yeni reallıqları qəbul etdi. Emmanuel Makron isə Ermənistanın məğlubiyyəti ilə barışmayan beynəlxalq səviyyədə tanınan yeganə siyasətçi kimi yadda qalıb.

Azərbaycan Ordusu tərəfindən Qarabağ ərazisində həyata keçirilən lokal antiterror tədbirlərinin müharibə qanunlarına və humanitar qaydalara əməl edilməklə aparıldığı bütün dünya tərəfindən təsdiq edildi. Hətta Ermənistanın baş naziri özü ordumuz tərəfindən guya mülki əhalinin hədəf alınması haqqında iddiaların həqiqəti əks etdirmədiyini və Qarabağda yaşayan mülki əhali üçün heç bir təhlükənin olmadığını etiraf etdi. Bütün bunlara baxmayaraq, Emmanuel Makron hələ də ermənilərdən daha çox erməni olmaq üçün dəridən-qabıqdan çıxır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidentinin TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində də deyildiyi kimi, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənistan məsələsində xristianlıq faktorunu qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir. Həmçinin əlavə olunub: “Müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir. Eyni şəkildə, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Fransa tərəfinin saxta niyyətindən xəbər verir”.

Beləliklə, antiterror tədbirləri nəticəsində yeni reallıq yaranıb. Hamı anlamalıdır ki, bölgədə sülhün alternativi yoxdur və olmayacaq. Bu vəziyyət düzgün dəyərləndirilməli və tərəflər davamlı sülhün əldə edilməsi üçün bütün səylərini ortaya qoymalıdır.

Sevinc Azadi, “İki sahil”